BMT-nin baş aşpazı Den Lopez Nyu-Yorkda BMT Baş Assambleyasının toplantısına qatılan dünya liderlərinin nə ilə qidalandığını açıqlayıb.
Prezidentlərin ən çox bəyəndikləri yeməkləri sadalayan aşpaz bildirib ki, bəzən hazır yeməklərin yoxlanması 4 saata qədər vaxt aparır:
“Təhlükəsizlik sistemi baxımından deyə bilərəm ki, 4 min adamı qidalandırmaq 170-190 dövlət başçısını qidalandırmaqdan daha rahatdır. Bizə verilən tapşırıq bir neçə qəlyanaltı, əsas yemək və desert hazırlamaqdan ibarətdir. Bütün yemək və desertlər, içkilər xüsusi əməkdaşlar tərəfindən yoxlanılır. Bu dequstasiya təxminən 4 saata qədər vaxt ala bilər”.
Baş aşpaz və onun həmkarları pəhrizdə olan dövlət rəhbərlərini də nəzərə alırlar: “BMT-də prezidentlərə klassik fransız mətbəxinə aid yeməklər verilir. Deyə bilərəm ki, onlar qoyun və dana ətini çox bəyənirlər. Mən 12 ildir burada işləyirəm və bu yeməklər həmişə menyuda olub”, - deyə baş aşpaz bildirib.
Bundan başqa, BMT-nin mətbəxində balıq yeməkləri və vegeterianlar üçün xüsusi yeməklər də hazırlanır.
Çox gözəl və etibarlı komandası olduğunu deyən D. Lopezin sözlərinə görə, BMT-də prezidentlər üçün yeni menyu yanvar ayında verilir, iyun ayında yeməklərin ilkin siyahısı formalaşır. İyun ayının sonunda isə artıq bütün yeməklərin siyahısı təsdiqlənir.(publika.az)