“Üfüq” Gənclərin İnkişafı Naminə ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən maliyyələşən “Unutma!” - gənclər üçün Qarabağ dərsləri” adlı layihəni həyata keçirib.
Layihə rəhbəri, “Üfüq” Gənclərin İnkişafı Naminə ictimai birliyinin sədri Nail Şükürov layihənin məqsədlərindən danışarkən bunları deyib: “Layihənin məqsədi yeniyetmə və gənclərin Qarabağ tarixi və mədəniyyəti haqqında məlumatlılığının artırılması, yetişməkdə olan nəslin vətənpərvərlik tərbiyyəsinə tövhə verilməsi, yeni istedadlı yeniyetmə və gənclərin də aşkar olunmasına kömək etməkdir”.
Layihənin Bərdə, Ağcəbədi və Göyçay rayonlarında həyata keçirildiyini deyən N.Şükürov Qarabağ tarixinin gənclərimiz tərəfindən öyrənilməsinin əhəmiyyətindən danışıb.
Tarix üzrə fəlsəfə doktoru Natiq Alışov iştirakçılara Qarabağ tarixi qədim dövrdən – günümüzə qədər, Qarabağın tarixi şəxsiyyətləri, Qarabağ abidələri, Qarabağ mədəniyyəti, Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: siyasi və hüquqi aspektlər və s. haqqında geniş məlumatlar verib. Layihə çərçivəsində keçirilən seminarlarda Qarabağ haqqında sosial şəbəkələrdə fəaliyyətlər kimi aktual mövzulara da toxunulub.
Eyni zamanda Qarabağ tariximiz haqqında video nümayişlər həyata keçirilib. Layihənin işində region Gənclər və İdman İdarələri də yaxından əməkdaşlıq ediblər. Hər bir regionda istedadlı gənclərdən ibarət “Tariximizi sevək” İstedadlar klubu yaradılıb. Bu klub gələcəkdə fəaliyyət göstərəcək və tariximizin öyrənilməsində gənclərin təşəbbüsləri artacaq. Layihə çərçivəsində iştirakçılara Qarabağ tarixinə dair bukletlər, yazılı köynək və digər paylama materialları paylanılıb. Layihənin işinə 3 regiondan birbaşa və dolayı yolla 2500 gənc cəlb edilib.
Bəxtiyar