20 Oktyabr 2015 17:57
4 924
12 Punto 14 Punto 16 Punto 18 Punto

Koroğlu metrostansiyasının yanından 136 nömrəli marşruta minib Mir Mövsüm Ağa ziyarətgahına yollanıram. Yadıma indiyədək olduğum cəmi bir ziyarətgah – Bərdədəki Seyid Yusif Ağa ocağı düşür...

On birinci sinifdə oxuyurduq. Müəllimimiz bizi ora aparmışdı. Çay süfrəsindən sonra hamı bir-bir Seyidin ziyarətgahdakı qohumunun əlindən öpürdü. Növbə mənə çatanda öpməyə icazə vermədilər. Dedilər, sən içki içirsən, buraları batil edərsən! Açığı, mənim buna həvəsim də yox idi, ancaq müəllimlərimin bu cür xurafatçı düşüncəsinə mat-məəttəl qalmışdım.

Arada marşrutda adamlardan ziyarətgaha nə qədərə qaldığını soruşuram. Qoyun bazarının yanına çatanda mənə aydın olur ki, Mir Mövsüm Ağanın ziyarətgahına az qalıb. “Yəqin adamlar ziyarətgahda kəsəcəkləri qurbanı burdan alırlar” deyə düşünürəm. Qarşıda böyük qəbiristanlıq və qəbirlərin birinin üstündəki möhtəşəm abidə görünür.

Bir-bir adamlara yaxınlaşır, onları ziyarətgah barədə söhbətə tutmaq istəyirəm. Gənc ziyarətçilərdən biri – Əhməd İsmayılzadə deyir ki, ali məktəbə qəbul olub, ona görə bura nəzir verməyə gəlib. O, sözünü belə tamamlayır: “Beyləqandakı Zəncirli pirə də qurban demişik, gedib onu da kəsəcəyik”.

Nəvəsini seyidlərlə qorxudan baba və...

Adamlara qoşulub yuxarı mərtəbəyə çıxıram. Ayaqqabılarımızı çıxarıb Ağanın qəbrinin başına fırlanırıq. Kimisi tək, kimisi uşağıyla, kimisi də nəvəsi ilə dua edir, arzularını dilə gətirir. Yanımdakı baba nəvəsinə pıçıldayır: “De ki, Allah, sən özün bütün günahlarımızdan keç!” Uşaq bunu demək istəmir. Kişi onu Allahla, seyidlərin cəddiylə qorxudur.

Bu dəm qulağım cavan bir oğlan danışığını çalır:
– Cəddinə qurban olum, Ağa! Qardaşım əsgərlikdən sağ-salamat gəldi, universitetə qəbul oldum! İndi də əmim oğlu əsgərliyə gedir. Ya rəbbim, ya Ağanın ruhu, sən özün ona da kömək ol!

Yanımdakı oğlanın səsi məni müşahidələrimdən ayırır: “Əlini sürt bura. Bax belə. Başını da söykə, rahatlayacaqsan. Deyəsən, heç ziyarətgahda olmamısan.

Onu söhbətə çəkmək istəyirəm:

– Mənim belə şeylərdən başım çıxmır, təlimat kitabçası yoxdur burda?
Oğlan cavab verir:

– Təlimat kitabçası nədir? Mən səni öyrədərəm. Ağanın qəbrinə hörmətlə yanaşıb nə istəsən, o, səsinə səs verər.

Dəhlizdən, “Allahım! Ey Ağamın cəddi, sən özün mənə kömək ol!” nidaları ucalır. Orta yaşlı bir kişi hönkürə-hönkürə içəri girir.

– Varım-yoxum bircə oğlum var. O da maşın qəzasına düşüb. Ayaqları işləmir. Həkimlər deyir ki, ümid ancaq Allahadır. Mən də o uca yaradanın, ağaların, seyidlərin ətəyindən yapışmışam.

Bu zaman bayaqkı oğlan yanıma gəlir: “Artıq çıxmalıyıq üç dəfə fırlanmaq lazımdır. Səndə artıq beşincidir”.

İnsanların şübhəli baxışlarından (Bu, niyə başını aşağı salıb ziyarətini eləmir, niyə gözünü camaata zilləyib?) qorxuram.
Elə getmək istəyəndə başını ziyarətgahın şüşəsinə söykəyib ağlayan bir oğlan dəyir gözümə. Özümü saxlaya bilməyib ona yaxınlaşıram.

– Qardaş, dərdin böyükdü, deyəsən?
Oğlan gözünün yaşını silmədən sözə başlayır:
– Anamı, atamı, qardaşımı itirmişəm. Bir bacım var. O da bu pis xəstəlikdən (xərçəng) tutub. Deyirlər, çarəsi yoxdur. Hər dəfə bura gəlib dua edirəm.
Yadıma böyük Dostoyevskinin sözləri düşür: “Mən insan əzabları qarşısında diz çökürəm”.

Sonra yavaş-yavaş Ziyarətgahın həyətinə çıxıram. Bu zaman bir nəfər qucağında körpə uşaq qaranəfəs üstümə gəlir:
– Beşliyə xırda olmaz?
– Yox. Təntiyən kimisiz nəsə olmayıb?

- Bayaqdan xırda pul tapa bilmirəm. Ailəliklə gəlmişik. Hamımız nəzir verməliyik.
Elə bu vaxt əlimi cibimə atıram:
– Məndə qəpiklər var, verim sizə.
– Yox ey heç bura qəpik atarlar?!

“Gözəl övladınız var, Allah saxlasın” deyib qurbangaha üz tuturam.

Ziyarətgah qəssabı ilə söhbət

Qəssab deyir ki, kimi qurbanlıq qoyunu özü ilə gətirir, kimi də burdan alır. Biz də kəsirik.

– Bəs bu qurbanlıq ətləri hara aparırlar?
– Bəzisi ətin hamısını aparır, bəzisi yarısını. Eləsi də olur ki, hamısını ziyarətgahda qoyur. Burdan da ehtiyacı olanlara paylanır.
– İldə bir-iki dəfə qurban kəsirik. Bu adamı xətadan-baladan qoruyur. İndi də xəstəmiz var. Ona görə gəlmişik.

– qurban kəsdirən ziyarətçilərdən birinin səsidi.

– Həkimə aparmısınız? – bunu da mən soruşuram.
– Həkim gedirik, amma Allahı da yaddan çıxarmaq olmaz. Ondan şəfa diləməliyik ki, o da şəfa versin.

– Elə olub ki, qurban demisiniz, amma kəsməyə imkanınız olmayıb?
– Qurban qurban gətirər. Kəsmək lazımdır. Çünki onlar da yoxsullara, imkansızlara, ehtiyacı olanlara paylanır.

– Heç maraqlanmısız ki, qurban əti hansı ailələrə verilir?
– Xeyir maraqlanmamışam. Amma burdan həmişə razı olmuşam. Bilirəm ki, hər şey ədalətlə edilir.

...Və nəhayət, gəlib çıxıram qurbanlıq qoyunların yanına:

Nəzarətçi ilə söhbət zamanı məlum olur ki, qoyunların qiyməti 120 manatdan 200 manat qədərdir.

Nə deyək, Allah qəbul eləsin!

Yeməkxana və Qan Bankı

Hava bərk soyuqdur. Əlimi cibə qoyub düz yeməkxananın yanına gəlirəm.

Yəməkxananın işçisi olan Hacıxanımla söhbət eləyirəm. Deyir, burda bir tikə də o yan-bu yan ola bilməz. Hər bir nəzir-niyaz birinci günlər ehtiyacı olanlara paylanır. Görürsən, burda heç dilənçi yoxdur. Onların da payın veririk. Bura Dağıstandan belə ən hörmətli adamlar gəlir. Qalmağa yerlər də var.
Qonaqlar qurbanını kəsir, biz də təmənnasız bişirib veririk. Uzaq yol gələnlər, ac olanlar da istəsə, burda oturub yemək yeyirlər. Aşurada bura iynə atsan yerə düşməz...

Yeməkxanadan çıxıb Mir Mövsüm Ağa Xeyriyyə Qan Bankının yanına gəlirəm. Bankın nümayəndəsi buranın avqustun iyirmisi açıldığını və Aşura günündəki qan vermədə istifadə olunacağını deyir.

Şəhərə qayıtmaq istəyəndə diqqətimi bir adam çəkir: Ziyarətgahın həyətindəki qəbirlərin başına fırlanan kişi. Ona yaxınlaşmaq istəyəndə yaşlı bir kişi deyir:

– Başında problem var, havalıdı.
Ona yaxınlaşıb salam verirəm. Mənə məhəl qoymur, özü-özünə danışır:
– Atama görə gəlmişəm, anama görə gəlmişəm... Hə, hə, atama görə, ay Allah baba!
Hava soyuqdur. Əlim cibimdə avtobus dayanacağına gedirəm. Və mənə elə gəlir ki, ora gələn çarəsiz adamların özü də bir ziyarətgahdır...

Sərvər Şirin


Müəllif:

Oxşar xəbərlər