21 Oktyabr 2015 15:12
2 072
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ekspertlər şəhərləşmə problemlərindən danışır

Milli Məclisin Regional məsələlər komitəsində aparılan müzakirələrdən bəlli olub ki, gələcəkdə Maştağaya rayon, yaxud şəhər statusu verilə bilər. Bu zərurət qəsəbə sakinlərinin sayının 80 mini ötməsi ilə əlaqələndirilib. Təbii ki, qəsəbənin şəhər statusu alması üçün böyük infrastruktur yaradılmalı, xəstəxana, məktəblər və sair zəruri obyektlərin sayı artırılmalıdır.

Qeyd edək ki, şəhər - əhalisi kənd təsərrüfatından kənar fəaliyyətlə məşğul olan, ərazicə məhdud, böyük infrasturktura malik yaşayış məntəqəsidir.

Yaşayış məntəqəsinə şəhər statusunun verilməsi ölkələrin müvafiq qanunları əsasında müəyyən edilir. Məsələn, Danimarkada əhali sayı 250, Yaponiyada 50 min nəfər olduqda yaşayış məntəqəsinə şəhər statusu verilə bilər.

Əhali sayı qanunla 15 mini keçirsə...

Bizim ölkəmizdə isə “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” qanuna görə, əhalisinin sayı 15 min nəfərdən yuxarı və onun əksəriyyəti sənayedə, iqtisadi, sosial və ya qeyri-istehsalat sahələrində (dövlət və ya bələdiyyə qulluğunda, kommunal təsərrüfatda, ictimai iaşə, mədəni və ya tarixi obyektlərdə) məşğul olan, ətrafındakı ərazi vahidlərinin inzibati, iqtisadi və ya mədəni mərkəzləri olan inzibati ərazi vahididir.

Azərbaycanının ümumi ərazisinin idarə edilməsinin mərkəzləşdirilməsi, dövlət funksiyalarının həyata keçirilməsinin səmərəliləşdirilməsi, habelə dövlət hakimiyyəti orqanlarının əhaliyə mümkün qədər yaxınlaşdırılması məqsədi ilə tarixən yaranmış, sabit və davamlı iqtisadi, mədəni və sosial əlaqələri olan ərazilərdən təşkil edilmiş, bir neçə inzibati ərazi dairələrini birləşdirən inzibati ərazi vahidi isə rayon adlanır.

İnzibati bölgüyə görə, Azərbaycanda 66 rayon, 77 şəhər, 14 şəhər rayonu, 262 qəsəbə, 1721 kənd ərazi dairəsi, 4255 kənd yaşayış məntəqəsi var.

Respublika tabeli şəhərlə yerli tabeli şəhərin fərqi

Ekspert Cahangir Qocayevin sözlərinə görə, Azərbaycanda qanunvericilik üzrə respublika tabeli şəhərlə yerli tabeli şəhər arasında fərq var: “Məsələn, Naftalan Goranboy rayonu ərazisindədir, amma ayrıca şəhərdir. Naftalan şəhərinin fəaliyyəti üçün hər il büdcədən vəsait ayrılır. Amma məsələn, Masazıra şəhər də desən Abşeron rayonun tərkibindədir. Yaxud Şəki, Lənkəran respublika tabeli şəhərdir, amma İmişli, Bərdə yox.

Respublika tabeli şəhərin əhalisi aqrar sahədən tam uzaq bir sferada - sənaye müəssisələrində, xidmət təşkilatlarında çalışmalıdır, yəni o şəhər tam şəkildə elm, mədəniyyət mərkəzinə çevrilməlidir".

Cahangir Qocayev hesab edir ki, əhali sayı 15 mini keçən hər yaşayış məntəqəsini şəhər adlandırmaq düz hesab olunmur: “Hər yerdə çoxmərtəbəli bina tikib, oranı şəhərə çevirmək mümkün deyil. O məntiqlə yanaşsaq, Biləcərinin əhalisi 150 mini keçib”.

Bakının peyk şəhərləri

Vaxtilə Bakının dənizkənarı ətrafındakı Buzovna, Dübəndi, Ələt, Novxanı, Pirşağı kimi qəsəbələrin peyk şəhərlərə çevrilməsi planından danışan ekspert bildirdi ki, bu məsələlərin ləngiməsi büdcədən ayırmalarla bağlıdır: “Şəhərsalma üçün dövlət büdcəsindən əlavə vəsait ayrılmalıdır. Hesab edirəm ki, 2-3 il Ələt də Sumqayıt kimi respublika tabeli şəhərə çevriləcək”.

Ekspert onu da bildirdi ki, Bakı şəhəri meqapolisə çevrildiyindən indiki halda Bakı ətrafında hər hansı yaşayış məntəqəsinin şəhər statusu almasının bir o qədər əhəmiyyəti yoxdur: “Adətən, əhali sayı 5 milyondan çox olan ərazi meqapolisə çevrilir. Qeyri-rəsmi statistikaya görə, Bakıda da əhali sayı artıq 5 milyona çatıb. Belədə hansısa yaşayış məskəninin şəhər adlandırılması əhəmiyyətini itirmiş olur”.

Paytaxt yüklənmədən qurtular

Coğrafiya İnstitutunun elmi işçisi Etibar Bədəlovun fikrincə, Bakı ətrafında bəzi qəsəbələrə şəhər statusunun verilməsi, şəhərin mərkəzini yüklənmədən azad edər: “Bakı ətrafındakı qəsəbələr kortəbii inkişaf edir. Doğrudur, Maştağanın rəsmi əhalisi 48 mindir, amma qeyri-rəsmi 80-100 min aralığında olduğu bildirilir. Binədə də əhali sayı rəsmən 60 mindir, qeyri-rəsmi 100 mini keçib.

Bəzi qəsəbələrə şəhər statusunun verilməsi ilk növbədə paytaxtın mərkəzinə axının qarşısı almaq baxımından əlverişlidir. Bu gün rayondan gələn avtomobillərin paytaxta girişinə məhdudiyyət ona görə qoyulur ki, tıxacın qarşısı alınsın. Şəhərə axın isə onunla bağlıdır ki, iş yerlərinin hamısı şəhərdədir".

70 qəsəbədən 5-i şəhər olsa, yetər

Alim hesab edir ki, indiki şəraitdə Bakı ətrafında “Xəzər adaları”, “Xəyal” adası kimi şəhərlərin salınmasındansa, Masazır, Binə kimi qəsəbələrə şəhər statusunun verilməsi daha məqsədəuyğundur: “Bakının 70 qəsəbəsi var, amma əhali sayı 15 mini keçən qəsəbələrin hamısına ucdantutma şəhər statusu verilə bilməz. Hazırda şəhərləşmə tək bizdə deyil, bütün dünyada gedir. Ona görə də əsas məsələ inzibati strukturun inkişaf etdirilməsidir. Bakı ətrafında Ələtə, Qobuya da şəhər statusunun verilməsi planlaşdırılıb, tikintilərə başlanıb. Xırdalana şəhər statusu verilib. Əlavə 2-3 əraziyə bu status verilsə, daha məqsədəuyğun olar”.

Bakının 12 rayonundan 5-də şəhər yoxdur

Bakının 12 rayonunun olduğunu deyən alim bildirdi ki, bu rayonlardan 6-sı şəhərin ətrafında yerləşir. Elə rayonları var ki, orada şəhər yoxdur: “Qaradağda Ələti şəhər edəcəklər. Sabunçu, Suraxanı, Xəzər rayonlarında şəhər yoxdur. Xırdalan Abşeron rayonunun tərkibindən ayrıldı, amma inzibati baxımdan Abşeron Bakının rayonu hesab edilmir, iqtisadi rayon kimi isə Bakı aqlomerasiyasının tərkibinə aiddir.
Abşeron inzibati rayonunun 7 kəndi Bakıya yaxın ərazidə yerləşir ki, onlardan biri də sayı 50 mini keçən Masazır kəndirdir. Rəsmi kənd olsa da faktiki bu ərazi şəhər tipli qəsəbədir. Bura da şəhər statusu verilə bilər".

Sərhədlər qeyri-müəyyən olduqda...

Etibar Bədəlov hesab edir ki, Bakının mərkəzi və ətraf ərazilərinin sərhədlərinin müəyyənləşməsinə də ehtiyac var. “Albalılıq adlanan ərazi 1999-cu ilə qədər Maştağaya məxsus olub, sonra Buzovnanın tabeçiliyinə keçdi. Hazırda sərhədlər qeyri-müəyyəndir. Bakının lap yaxınlığında şəhərə birləşmiş qəsəbələr var ki, Bakıxanov, Qaraçuxur, Rəsulzadə, Biləcəri qəsəbələri şəhər kimi formalaşır. Sabunçu rayonunun mərkəzi Bakıxanov hesab edilir, amma Maştağa olsa, paytaxtın mərkəzindən bir qədər kənarda da inkişaf gedər”.

“Davamlı İnkişaf” Araşdırmalar Mərkəzinin direktoru Nəriman Ağayev isə hesab edir ki, şəhər statusunun verilməsi zəruri olan ərazilər üçün böyük məbləğdə maliyyə ayrılmalıdır deyə şəhərləşmə prosesi ləng gedir: “Əhali artır deyə yeni şəhərin salınmasına ehtiyac yaranır. Mərəzəyə Qobustan şəhəri statusu verildi, amma Mərəzənin əhalisi Maştağanın ərazisinin yarısı qədərdir. Maştağanın ətrafında Savalan qəsəbəsi salınıb, sənaye müəssisələri də var, aeroportun yaxınlığındadır, ərazisi də böyükdür. Mənə elə gəlir, Maştağa tipli yerlərə şəhər statusunun verilməsi vaxtı çoxdan çatıb”.

Sonda qeyd edək ki, “Böyük Bakının inkişaf planı”na görə, 2030-cu ilədək paytaxtda adambaşına düşən yaşayış sahəsi 17 kvadrat metrdən 25 kvadrat metrə çatdırılacaq.

Sevil Hilalqızı


Müəllif:

Oxşar xəbərlər