Qatarların qəbulu və yola salınması üzrə növbətçi: “Yerin altında uzun müddət qalmaq çox çətindir”
“Bizim əsas işimiz diqqətli olmaqdır. Çünki bəzən əsəbi insanlar bizə müraciət edir ki, onlarla mütləq mülayim danışmaq lazımdır. Bunu edəndə həm səbirli olursan, həm də peşənin şərtlərinə əməl edirsən”. Bu sözləri bizimlə söhbət zamanı Bakı metropolitenində qatarların qəbulu və yola salınması üzrə növbətçi işləyən Zülfiyyə Hadıyeva deyir.
12 saat havasız şəraitdə qalmaq
Müsahibim Bakının Maştağa qəsəbəsində anadan olub. Deyir ki, bu peşəyə həvəsi ailə üzvlərinin dəmiryolçular olmasında irəli gəlib: “Artıq 8 ildir metropolitendə qatarların qəbulu və yola salınması üzrə növbətçi işləyirəm. Uşaqlıqdan metroya minəndə vaqonlar mənə son dərəcə maraqlı görünürdü. Hər metrodan istifadə zaman işçilərin geyimləri, hərəkətləri, məni daha çox özünə cəlb edirdi. Bu peşənin vurğunu olduğumu anladım və arzumun ardınca getməyə qərar verdim.
Bu işlə maraqlandım, vəzifəni icra etmək üçün Metropoliten İdarəsinə müraciət elədim. Əvvəlcə bir ay təcrübəçi kimi işləməyə başladım, sonra işə qəbul üçün imtahan verdim. Növbədə diqqətli olmağı, işin sirlərini, sərnişinlərlə necə davranmaq lazım olduğunu öyrətdilər.
Əvvəl-əvvəl mənə dedilər ki, bu iş zamanı 12 saat yerin altında havasız qalırsan deyə, sənə çətin olacaq. Amma çox şey insanın arzu və iradəsindən asılıdır. Mənə çətin olmadı”.
Əsas məsələ vəzifəni diqqətlə yerinə yetirməkdir
8 ildir “Neftçilər” metrosustansiyasında qatarları qəbul edən və yola salan müsahibim deyir ki, bu müddət ərsizdə metropoliten işçiləri onun üçün doğma ailəyə çevrilib: “Buradakı kollektivimiz çox gülərüz və mehribandır. Biz bir ailə kimiyik. Bir gün gündüz, bir gün gecə növbəsi işləyir, sonrakı gün isə istirahət edirik. Gecə metro bağlanandan sonra elektrik qatarları depoya gedir və təsərrüfat qatarları xəttə buraxılır.
Gecə burda şpal dəyişilirsə, tuneldə təmir işi aparılırsa, bunun əlaqədar qatarlar işləyir. Biz də qatarları qarşılayırıq. Yəni gündüz necə ki, elektrik qatarlarını qarşılayırıq, gecə də təsərrüfat qatarlarını qarşılayıb yola salırıq. O qarlarda səhər saat beşə qədər xəttə olurlar. Düzdür, yerin altında uzun müddət qalmaq çox çətindir. Amma biz hər vaxt bir-birimizi dəstək olmağa çalışırıq. Əsas məqsədimiz işimizi diqqətli yerinə yetirməkdir”.
Zülfiyyə Hadıyeva deyir ki, metroda işləmək həm şərəfli, həm də məsuliyyətli işdir: “Qatarları qəbul edən və yola salan növbətçinin göstərişi olmasa, qatar hərəkət edə bilməz. Qatar stansiyaya çatdıqda növbətçi ona yaxınlaşır. Qatarı idarə edən maşinistin fikri bizdə olur. Əgər diskin qırmızı tərəfi qaldırılsa, deməli, nə isə problem var və bu zaman qatar hərəkət edə bilməz. Ağ disk qaldırıldıqda isə maşinist qatarı hərəkətə gətirir. Yəni biz göstəriş vermədən qatar hərəkət edə bilməz”.
“Kənara çəkilin qatar gəlir”
İşin bir çətinliyi də sərnişinlərlə dil tapmaqdır. Bir də görürsən ki, metroya sərxoş sərnişin daxil olur və özünü idarə edə bilmir, bu zaman biz polisi çağırırıq. Bəzən olur ki, insanlar platformanın kənarında dayanırlar. Biz mikrofonla “kənara çəkilin, qatar gəlir”- deyirik.
Çalışırıq ki, sərnişinlərin dilini tapa bilək. Çünki metroya hər cür insan girir. Əsəbisi, sərxoşu, acıqlısı, nabələdi olur, biz səbirlə onları dinləyirik. Sərnişinlər bəzən bizimlə əsəbi halda davranır, sanki hər şeyin günahkarı bizik, bəzən də zarafatyana ifadələr də deyirlər. Biz isə hər zaman mülayim, səbirli və gülərüzlü olmağa çalışırıq”.
Sərnişinlərin əsasən istiqamət soruşduqlarını deyən metro növbətçisinin sözlərinə görə, işlədiyi müddətdə başına maraqlı hadisələr də gəlib: “Məsələn, bir dəfə bir qadın yaxınlaşıb soruşdu ki, “Xətai” metrostansiyasına necə gedə bilərəm? Mən də sərnişini başa saldım ki, “28 May” metrostansiyasına gedin, oradan “Cəfər Cabbarlı” stansiyasında qatara minib “Xətai” metrosuna yola düşün.
Üstündən 40 dəqiqə keçmişdi ki, həmin adam qatardan çıxıb gəldi və bildirdi ki, siz mənə dediniz gedin qatarı dəyişin. Mən də qatarı dəyişdim və yenidən bura gəlib çıxdım. Mən təkrar onu iş günü bitən və “28 May” metrosuna yollanan işçilərimizlə birlikdə gedəcəyi ünvanına göndərdim”.
İş başında sevgi etirafı
Həmsöhbətim deyir ki, bəzən iş başında ona sevgi etirafı da edirlər: “İş başında olduğumu deyib onları kənarlaşdırıram. Bir dəfə birisi təkrar yaxınlaşıb, axırıncı qatarın nə zaman gələcəyini, yəni iş saatımın nə vaxt bitəcəyini soruşdu. Mən də eləcə: “Axırıncı qatar elə axırda gələcək” dedim, çıxdı getdi”.
Zülfiyyə Hadıyeva iş yerindən çox razıdır. Deyir ki, yayda metropoliten onları pulsuz istirahətə yollayır: “Bizə Nabranda, Bilgəhdə pulsuz istirahət şansı verilir. Kim istəsə, gedib orada istirahət edir. Bizim üçün əsas olan sərnişinlərin təhlükəsizliyidir. Bir insan gün ərzində evindən çıxırsa o, öz evinə rahat şəkildə geri getməlidir. Bunu həm də biz təmin etməliyik...”
Həmsöhbətim sonda dedi ki, insan həmişə sevdiyi işin arxasınca getməlidir. Ən böyük uğura ona yetişir...
İLHAMƏ