“Avropa Şurasına daxil olan ölkələrdən 12-də yerli özünüidarəetmə siyasəti ayrıca yaradılmış hökumət sturkturu-nazirlik və ya komitə tərəfindən aparılır”.
Bu barədə Teleqraf.com açıqlamasında “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli deyib. Dünya təcrübəsindən danışan təşkilat rəhbəri bildirib ki, Macarıstanda Yerli Özünüidarəetmə Nazirliyi, Böyük Britaniyada Yerli Hökumət Nazirliyi, Latviyada Regional İnkişaf və Yerli Hökumət Nazilriyi, Norveçdə Yerli özünüidarə və Regional İnkişaf Nazirliyi və sair ölkələrdə belə qurumlar var: “Adıçəkilən nazirlik və komitələr əsasən bələdiyyələrin sosial-iqtisadi proqramların hazırlanmasını, müzakirəsini və təsdiq olunmasından sonra onun icrasıyla bağlı monitorinqlərin aparılmasını, habelə koordinasiyasını həyata keçirir. Dövlət tərəfindən verilmiş səlahiyyətlərin maliyyələşməsi və icrası ilə bağlı məqamların müəyyən edilməsi də məhz adıçəkilən struktur tərəfindən icra olunur. İnzibati nəzarətin tətbiqi ilə bağlı proqramların müəyyən edilməsi və əlaqələndirilməsi bu strukturun səlahiyyətindədir.
Həmçinin bələdiyyələrin büdcə vəziyyətinin təhlili, onlara dotasiya, subvensiya və ssudaların verilməsi də nazirlik tərəfindən icra olunur.
Qeyd edək ki, sözügedən səlahiyyəti ölkəmizdə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş mərkəzi icra edir”.
V.Tofiqli deyib ki, bu gün ölkəmizdə bələdiyyələrin fəaliyyətini və idarəçiliyini təkmilləşdirmək, bu istiqamətdə dövlət siyasətinin vahid mərkəzdən idarə oluması üçün müvafiq mərkəzi dövlət orqanının yaradılmasına ehtiyac var: “Yaradılacaq qurumun nazirlik, komitə və ya dövlət agentliyi qismində Ədliyyə Nazirliyinin Bələdiyyələrə iş Mərkəzinin bazasında olması məqsədəuyğun ola bilər. Böyük təcrübəyə malik olduğundan bu orqan həm yerli özünidarəetmə sahəsində dövlət siyasətinin icrasına nəzarət edər, yerli özünidraəetmə orqanları ilə digər dövlət orqanları arasında əlaqələndirmə funksiyasını həyata keçirər, həm də dövlətin ayırdığı dotasiyanın daha səmərəli icrası üçün layihələrin həyata keçirilməsinə yardımçı olar”.
BƏXTİYAR