Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işçilərin hüquqlarının müdafiəsi zamanı sosial xarakterli ödənişlərin onlara gecikdirilmədən, vaxtlı-vaxtında ödənilməsini daim diqqətdə saxlayır.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, xidmət cari ilin yanvar-fevral aylarında vətəndaşların müraciətlərinin araşdırılması zamanı ümumilikdə 53121 manat məbləğində gecikdirilmiş sosial xarakterli ödənişlərin işəgötürənlər tərəfindən işçilərə ödənilməsini təmin edib.
Gecikdirilmiş sosial xarakterli ödənişlərin 76,2 faizi əmək haqlarından, 19 faizi sosial müavinət və kompensasiyalardan, qalan hissəsi isə zərərə görə ödənclərdən ibarət olub. Bu sahədə qanunvericilikdən irəli gələn məsələlərlə bağlı işəgötürənlərə izahatlar verilib.
Bununla yanaşı, son iki ayda işdən qeyri-qanuni şəkildə azad edilmiş 10 nəfərin xidmət tərəfindən yenidən öz əvvəlki işinə bərpa olunması təmin edilib.
Naibə QURBANOVA