24 Mart 2016 17:50
735
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Son illər dünyada dərmanlara dözümlü vərəmlə yoluxma, xəstələnmə və ölüm göstəriciləri artıb".

Teleqraf.com-un məlumatına görə, Azərbaycan Tibb Universitetinin Ağciyər xəstəlikləri kafedrasının müdiri, tibb üzrə fəlsəfə doktoru, dosent Rafiq Bayramov belə deyib.

Vərəm xəstəliyinin vərəm çöpləri tərəfindən törədildiyini xatırladan Rafiq Bayramov bildirib ki, vərəm xəstəliyi ən çox tənəffüs orqanlarında, ağciyərlərdə rast gəlinsə də, orqanizmin bütün orqan və sistemlərində vərəm mənşəli zədələnmə mümkündür və praktik olaraq buna rast gəlinir:

“Sümük-oynaq sisteminin, limfa düyünlərinin, ginekoloji orqanların, qarın boşluğu orqanlarının, dərinin, gözün vərəmlə xəstələnməsi təcrübədə müşahidə edilən patalogiyalardandır.
Vərəm haqqında olan tarixi məlumatların araşdırılması bu xəstəliyin yaşının bəşəriyyətin, canlıların yaşına bərabər olması qənaətinə gəlməyə əsas verir. Vərəmin törədicisinin, yəni vərəm çöplərinin 125 ilə yaxın, ona qarşı istifadə edilən ilk dərman preparatı olan streptomisinin isə 70 ildən artıq müddətdir kəşf olunmasına baxmayaraq, bu xəstəlik tarix boyu epidemiya halını alaraq çoxsaylı insan tələfatına səbəb olub”.

Rafiq Bayramov qeyd edib ki, hazırda bu xəstəliyin epidemioloji göstəriciləri yüksək olaraq qalmaqdadır. Dünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə, dünya əhalisinin təxminən 1/3-i vərəm çöpləri ilə yoluxub və dünyada hər il 10 milyon insan vərəmlə xəstələnir.

Dərmanlara dözümlü vərəm çöpləri ilə yoluxma nəticəsində inkişaf edən birincili dözümlü vərəmin rast gəlmə tezliyinin artması epidemioloji vəziyyətin daha da gərginləşməsinə səbəb olur: "Buna görə də vərəm xəstəliyi vaxtında, erkən aşkar edilməli və müvafiq qaydalara əməl edilməklə tam, kompleks müalicə olunmalıdır.

Vərəm əsasən aerogen, yəni tənəffüs yolu vasitəsilə yoluxur.

Xəstəliyin əsas yoluxma mənbəyi vərəm çöpü ifraz edən ağciyər vərəmli xəstələrdir. Bu xəstələrin öskürməsi və asqırması nəticəsində (hava-damcı yolu) və yaxud onların bəlğəmi ilə çirklənmiş torpaqdan hava-toz yolu ilə yoluxma daha çox müşahidə edilir.

Bundan başqa, vərəmə qida, təmas və sair yollarla da yoluxmaq mümkündür. Vərəm çöpləri ilə yoluxma xəstələnmə üçün vacib olsa da, başlıca faktor deyil. Çünki vərəm çöpləri yoluxduğu orqanizmdə latent (“yatmış”) formada qalaraq xəstəlik törətməyə bilər və yaxud immunitetin zəiflədiyi zamanda aktiv formaya keçərək xəstəlik törədə bilir.

Vərəmin lokalizasiyasından asılı olmayaraq, bu xəsətəlik üçün xas olan əlamətlər - axşamlar zəif subfebril hərarətin (37,2 - 37,4 C) olması, gecələr səhərə yaxın boyun, ənsə və kürək nahiyyəsinin tərləməsi, arıqlama, ümimi halsızlıq, zəiflik əlamətlərinin qabarıq büruzə verməsidir.

Ən çox tənəffüs orqanlarının, ağciyərlərin vərəmi rast gəldiyi üçün qeyd etmək lazımdır ki, ağciyər vərəminin müxtəlif formalarında ən çox müşahidə edilən əlamətlər - 3 həftədən çox davam edən öskürək, bəlğəm ifrazı, döş qəfəsində ağrı, təngnəfəsliyin olmasıdır. Təbii ki, bu əlamətlərin bir və ya bir neçəsinin olması heç də həmin insanın vərəmlə xəstə olmasını sübut etmir.

Ancaq bu əlamətlər vərəmə şübhə yaradır və müşahidə edildikdə həkim-mütəxəssisə müraciət etmək məsləhətdir. Çünki xəstəliyin diaqnozu aparılan kompleks müayinələrin əsasında mümkündür. Qeyd etmək lazımdır ki, vərəm xəstəliyi nə qədər tez aşkar edilib düzgün müalicəyə başlanılarsa nəticəsi bir o qədər daha effektli olar.

Bir şeyi unutmaq olmaz ki, vərəmin müalicəsi uzun müddətlidir, yəni vərəmin ən məhdud forması olan xəstə minimum 6-8 ay fasiləsiz müalicə edilməlidir. Bir çox hallarda vərəm erkən aşkar edilib tam kompleks müalicə olunduqdan sonra pataloji proses tam sorulur və həmin şəxsin nə vaxtsa vərəmlə xəstə olmasını təyin etmək mümkün olmur”.

Rafiq Bayramov qeyd edib ki, risk qruplarından, yəni, şəkərli diabeti olan, hormonal preparatlar qəbul edən, zəif qidalanan, pis şəraitdə yaşayanlar bu xəstəliyə daha çox tutulur: "Ona görə də bu qrupdan olan insanlar vərəmin heç bir əlaməti müşahidə edilməsə də ildə 1-2 dəfə bu xəstəliyə görə profilaktik müayinədən keçməlidirlər.

Hər kəs vərəmlə xəstələnə bilər. Vərəmlə xəstələnməmək üçün normal qidalanmaq, düzgün gün rejiminə əməl etmək, idmanla məşğul olmaq, immuniteti zəiflədən faktorlardan və zərərli vərdişlərdən uzaq olmaq lazımdır”.

P.S. 24 mart Beynəlxalq Vərəmlə Mübarizə günüdür. Arzu edirik ki, heç vaxt, heç kəs sizi vərəmlətməsin. Sağlam olun!

Teleqraf.com


Müəllif:

Oxşar xəbərlər