13 Aprel 2016 17:00
682
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Xaçmaz rayon Mədəniyyət Mərkəzində “Azərbaycanda radikal dini cərəyanlar və onlara qarşı mübarizə” mövzusunda seminar-müşavirə keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbirdə Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayon prokurorluqlarının, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yerli strukturlarının rəhbər və məsul nümayəndələri, ziyalılar, dindarlar iştirak edib.

Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini Yetkin Mehmanov çıxış edərək ölkəmizdə hökm sürən ictimai-siyasi sabitlikdən və bütün dünyaya örnək ola biləcək tolerantlıq mühitindən danışıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov müşavirədə diqqəti din pərdəsi adı altında aparılan münaqişələrə çəkərək bildirib ki, dünyada aparıcı güclər din amilindən geosiyasi maraqları üçün istifadə edir. İslamı siyasiləşdirərək, daxildə qarışıqlıq yaratmaqla onun gözdən salınmasına yönələn siyasət həyata keçirilir. Belə bir şəraitdə dünyada sülhün təminatında dini təhlükəsizlik problemi getdikcə artmaqdadır.

Səyavuş Heydərov “Dini ekstremizmə qarşı mübarizə haqqında” Qanunun tələblərindən irəli gələn məsələlər, dini radikalizm və onun fəsadları barədə də ətraflı məlumat verib. Bildirilib ki, dünyanın belə böhranlı bir dövründə Azərbaycanda qlobal təhlükəsizlik məsələləri müzakirə olunur, tolerantlıq təbliğ edilir. Azərbaycan bu gün dünyaya təkcə enerji təhlükəsizliyində deyil, eyni zamanda, qlobal təhlükəsizlik məsələlərində də töhfə verən ölkəyə çevrilib. Artıq dünya birliyi Azərbaycanı tolerantlıq nümunəsi kimi görür.

Dövlət Komitəsinin sədr müavini diqqətə çatdırıb ki, bəzi qrupların din pərdəsi altında ölkəmizin ictimai-siyasi sabitliyinə, dövlətimizin hüquqi-demokratik əsaslarına yönəlmiş pozuculuq fəaliyyətlərinə qarşı dövlət qurumları tərəfindən mübarizə tədbirləri həyata keçirilir.

Tədbirdə Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini Hikmət Eyvazov, Qusar rayon prokuroru Zahid Vəliyev və Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi çıxış edərək, ölkəmizdəki multikultural və tolerant mühitdən, dini radikalizm və onun fəsadlarından, dövlətimizin hüquqi-demokratik əsaslarına qarşı pozuculuq fəaliyyətlərinin qarşısının alınmasına yönələn tədbirlərdən danışıblar.

Nemət


Müəllif:

Oxşar xəbərlər