28 Aprel 2016 13:12
942
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elə sənət var onu yalnız kişilərin bacardığını düşünürük. Amma kişi işi sayılan sahədə çalışan qadınlar da var. Belə çətin işin zəhmətkeşi, zərif qəhrəmanı Xoşbəxt Quliyevadır.

Xoşbəxt Quliyeva parklarda bağbanlıq edir. Azərbaycanda yeganə bağban-dizaynerdir.

Ali məktəbə qəbul oldum, amma...”

Qax rayonunda anadan olan Xoşbəxt Quliyeva danışır ki, rayon yerində yaşadığı üçün bağbanlığa erkən yaşlarında həvəs göstərib: “Bağa-bağçaya həvəsim həmişə böyük olub. Uşaq vaxtı həyətimizdə ağacların dibini belləyirdim, saralmış yarpaqları təmizləyirdim. Orta məktəbdə də yaxşı oxuyurdum. Ali məktəbə hazırlaşdım, Azərbaycan Memarlıq Universitetinin tikintinin idarə edilməsi ixtisasına daxil oldum. Təhsilimi davam etdirməkçün Qaxdan Bakıya gəldim. Həyatdır, insanın, xüsusən qadının istədiyi hər şey başa gəlmir. Ailə vəziyyətimizlə əlaqədar təhsilimi bitirə bilmədim. Elə ailə həyatım da təhsilim kimi yarımçıq qaldı”.

Həmsöhbətim ərindən ayrıldıqdan sonra işləmək qərarına gəlib: “İş axtarırdım. Hara müraciət etdimsə, diplom istədilər. Düşündüm ki, uşaqlıqdan sevdiyim sənətə qayıdım. Bakı Şəhər Yaşıllaşdırma İdarəsinə getdim, işə qəbul elədilər. Beləcə bağbanlıq eləməyə başladım.

Düzdür, işim kişi işidir, yəni hər qadın bu işi bacarmaz. Ancaq mən bacardım, qayçını götürdüm əlimə və başladım.

Hər gün səhər tezdən qayçı ilə ağacları, gül kollarını səliqəyə salıram və onlara bəzək verirəm. Sonra da kənarda oturub bəzək verdiyim ağacları seyr edirəm. Bəlkə başqaları inanmaz, mən işimdən zövq alıram.

İşə təzə-təzə başlayanda əlimi tez-tez kəsərdim. Çünki qayçıların çəkisi fərqli olur. Nazik budaqları bir kilo çəkisi olan qayçı ilə düzəldirəm. Zeytun və başqa ağacları iki kilo olan qayçı ilə qayçılayıram. Çətinliklərə baxmayaraq, fiziki işlə məşğul olmaq, yaşıllıq arasında işləmək sağlamlığa, ovqata, əhval-ruhiyyəyə də faydalıdır”.

Kvadrat, şar, ziqzaq və sair...

Beş ildir bağbanlıq edən həmsöhbətim deyir ki, işi sadəcə ağacı qayçılamaqdan ibarət deyil: “Bəzi insanlar qıraqdan durub baxanda onlara hər şey asan görünür. Elə bilirlər, qayçını tutursan, ağacları qayçılayırsan, bununla iş bitir. Amma elə deyil. Hər ağacı müxtəlif cür düzəltməli, hərəsinə ayrı qaydalarla qulluq etməlisən. Axı, ağaclar, güllər qulluq tələb edir. Hər növ ağaca forma verirəm. Kvadrat, şar, ziqzaq və sair formaları bilirəm”.

Xoşbəxt Quliyeva deyir ki, ağacların qayçılanma müddəti onların suvarılmasından asılıdır: “Bəzi ağacları ayda bir dəfə, bəzilərini iki aydan bir qayçılayıram. Ən çətini zeytun ağacını qayçılamaqdır. Elə olur, gecələr qollarımın ağrısından yatmıram. Bəzən valideynlər uşaqlarını parka gətirirlər. Başları qarışır söhbətə. Uşaqlar da ağacları yolur, ya da şlanqı götürüb güllərin dibini sulayırlar. İrad bildirəndə anaları inciyir”.

“İstəyirəm atasız uşaqlardan əskik görünməsin”

Xoşbəxt Quliyeva işinə, çətinliklərinə baxmayaraq yarımçıq qalan təhsilini də davam etdirir: “Beş ildir işləyirəm, evə halal qazanc aparıram. Amma bir gün fikirləşdim ki, axı mən Qaxdan Bakıya alı təhsil almağa gəlmişdim. Nə olsun yarımçıq qaldı, mən onu davam etdirə bilərəm. Yenidən Memarlıq Universitetinə bərpa oldum. Bir gün oxuduğum sahə üzrə iş tapacağıma ümidim var”.

Həmsöhbətim bağbanlıqdan əlavə paytaxtdakı şadlıq evlərinin birində soyuq qəlyanaltılara bəzək də vurur. Deyir, tək bir işlə dolanmaq çətindir: “Bakıda kirayədə qalıram. Bir oğlum var. Anam, qohumlarım isə Qaxda yaşayırlar. Oğlumu anamın yanına qoymuşam ki, ona baxsın. Mən də burda qazandığım pulu onlara göndərirəm.

Çətin günlərim çox olub. Günlər olub, çörək almağa pul tapmamışam. Oğlum balaca idi, bilmirdim neynəyim, necə dolanım. Həyət evlərində bağbanlıq edirdim. İndi də şadlıq evlərinin birində qonaqlar üçün hazırlanan soyuq qəlyanaltılara bəzək vururam. Saat 4-kimi bu işimdə işləyirəm. Ondan sonra şadlıq evinə gedirəm.

Yorulmuram desəm yalan olar. Çox yoruluram. Övladımın xətrinə bütün çətinliklərə dözürəm. İstəyirəm ona rahat həyat yaşada bilim. Səhər evdən çıxıram, axşam qayıdıram. Oğlumdan çox narahat deyiləm, nənəsinin nəzarətindədir.

Oğlum mənə deyəndə ki, ana, filan şeyi istəyirəm, mənə alıb göndərə bilərsən? Çalışıram, mütləq alıb yollayım. Çünki əsas məqsədim oğlumu yaxşı saxlamaqdı. Qoy atası olan uşaqlardan əskik görünməsin. Atası ayda əlli manat aliment ödəyir. Şükür, dolanırıq...”

“Elə kişilər var ki...”

Həmsöhbətimin ailəsinə münasibəti də dəyişib. Deyir, indi olsaydı ailəsini dağıtmazdı: “İnsan bəzən qərar verir, zaman keçdikcə qərarının yanlış olduğunu anlayır. O zaman yaxşı-yaxşı düşünsəydim, bəlkə də ayrılmazdım. Qadına tək uşaq saxlamaq çətindir. Həyat yoldaşının qazanıb gətirdiyi pul daha dəyərlidir.

Əslində həyat yoldaşım yaxşı adam idi. Amma mən çox qisqanc idim. Mənim qısqanclığım onu bezdirdi. Gərək qadın qisqanc olmasın. Qısqandım, bezdirdim, o da boşandı. İndi evlidir, uşağı da var.

Məktəblərdə yay tətili başlayanda oğlum yanıma gəlir. Məktəbi bitirəndən sonra birdəfəlik yanıma köçəcək. İstəyirəm ali təhsil alsın, oxusun, savadlı insan olsun. Mən həyatda onun üçün yaşayıram, hər çətinliyə ona görə dözürəm. Mən əslində oğlumun bağbanıyam...”

Halal zəhmətlə çörək qazanan həmsöhbətimin sözlərinə görə, çalışmaq ayıb deyil: “Qadınlar var, dilənçilik edir, əxlaqsız yola düşürlər. Amma düşünmürlər ki, Allah mənə əl-qol veribsə, nə üçün işləyib pul qazanmayım? Heç kəs bir işi ana bətnində öyrənmir. Əgər qadının ürəyində işləmək, halal zəhmətlə pul qazanmaq varsa, o, qazanacaq.

Mən heç bir işi özümə ayıb bilməmişəm. Pulu əziyyətlə qazanmaqdan zövq alıram. Bəzən kimsə deyir ki, qadın zəif məxluqdur. Bu fikirlə razı deyiləm, biz zəif yox, zərifik. Elə kişilər də var, özləri qadın kölgəsinə verirlər.

Kişiyə də, qadına da Allah iki əl-iki ayaq verib. Niyə biz aciz görünməyik, kimdənsə asılı olmalıyıq? Bizim ölkənin qadınları, Azərbaycan xanımları qürurlu və zəhmətsevərdirlər”.

Xoşbəxt Quliyeva yaşıllıqda – ağacların, bəzək bitkilərinin, biçilmiş otların yanında qalır, mən redaksiyaya qayıdıram. Yolboyu onun adı haqda düşünürəm. Hər halda, o, Xoşbəxtdir...

Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır...

Yazı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkil etdiyi “Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır” mövzusunda məqalə müsabiqəsinə təqdim edilir.

İlhamə Əbülfət


Müəllif:

Oxşar xəbərlər