Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, Gəncə şəhərindən həqiqi hərbi xidmətə çağırılan İnqilab Quliyev ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medala layiq görülüb.
Gəncədə şəhidin ailə üzvlərinin, hərbiçi yoldaşlarının, şəhər rəsmilərinin, Müdafiə Nazirliyinin əməkdaşlarının, həmçinin ictimaiyyətin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə şəhidin medalı onun azyaşlı oğluna təqdim olunub.
Əslən Kəlbəcər rayonundan olan Silahlı Qüvvələrin kapitanı İnqilab Quliyev aprelin 4-də Tərtər istiqamətində gedən ağır döyüşlərdə düşmən hücumunu dəf edərkən şəhid olub.
Tədbirdə şəhidin döyüş yoluna nəzər salanlar onun əsl vətənpərvər, qorxmaz, cəsur və yüksək nizam-intizamlı zabit olduğunu bildiriblər. Qeyd edilib ki, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlər kimi İnqilab Quliyev də heç vaxt unudulmayacaq, onun əziz xatirəsi daim qəlblərdə yaşayacaqdır.
Çıxış edənlər Azərbaycan Ordusunun cəbhədəki uğurlarından danışıblar. Ali Baş Komandan İlham Əliyevin əmri ilə döyüşə hər an hazır olan Silahlı Qüvvələrimizin ölkəmizin ərazi bütövlüyünü təmin edəcəyi günün çox da uzaqda olmadığına, şəhidlərin qanının isə yerdə qalmayacağına inam ifadə edilib. (“Azərtac”)