Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Leyla Əkbərovanın cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Teleqraf.com xəbər verir ki, Leyla Əkbərova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq törətmək) və 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma) maddələri ilə ittiham olunur.
İttihama görə, Leyla Əkbərova Binəqədi rayon Polis İdarəsi narkotiklərlərlə mübarizə şöbəsinin keçmiş rəisi Mahir Əkbərovun həyat yoldaşıdır. O, təxminən 150 min manat məbləğində pulu dələduzluq yolu ilə mənimsəməkdə ittiham edilir. Leyla Əkbərova vətəndaşları işə düzəltmək adı ilə aldadaraq pullarını ələ keçirib.
Hakim Rahib Salmanovun sədrliyi ilə keçən prosesdə şahid qismində Ramin Ağayev ifadə verib. O, istintaqa verdiyi ifadəsini təsdiqləyib.
Məhkəmədə Ramin Ağayevin istintaqa verdiyi ifadəsi elan edilib: "Rəşad və Elşən gələrək mənə bir neçə sənəd verdi, orda dəyişiklik etmək lazım olduğunu dedilər. Nəyi dəyişəcəyimi soruşdum, dedilər, möhür və imza qalacaq, yuxarı hissəsi dəyişdiriləcək. Mən imtina etdim, onlar kiməsə zəng etdi, Leyla adlı xanım telefonda mənlə danışaraq ərinin Binəqədi polisində yüksək postda, özünün isə məktəb direktoru işlədiyini bildirdi. Öncə həmin obyektdə başqa adamla bu formada işlədiyini bildirdi. Mən bundan da imtina etdim.
Bir qədər sonra bir qadın gəldi, özünü Leyla kimi təqdim elədi, "Sən nə tərs adamsan" dedi. Boş kağızda içində 10 manat olan pulu mənə uzatdı, yenə imtina etdim.
Bu dəfə möhürsüz, adi kağıza dediyi sözləri yazmağımı istədi, yazım çap etdim. Bundan sonra ayda bir neçə dəfə Rəşad adlı taksi sürücüsü vasitəsilə bu cür sənədlər yazıb çap edib göndərirdim. O, plastik kartların onlayn sifarişi üçün sənədlər düzəltdirirdi".
Leyla Əkbərova bildirib ki, bu şəxsi birinci dəfədir görür.
Zərərçəkmiş Anarə Məmmədovanın vəkili Vasif İsrafilov deyib ki, Ramin Ağayev və Leyla Əkbərova arasında SMS yazışmaları, telefon danışıqları var və orada hər şey aşkar bəlli olur.
Bundan sonra hakim şahidə yalan ifadə verməyə görə xəbərdarlıq edib.
Ramin Ağayev Leyla Əkbərovanın istəyi ilə arayışlar hazırladığını deyib: "Qızı Fidan da tez-tez mənə müraciət edərək nələrsə çap etdirirdi".
Hakim Ramin Ağayevdən Fidanı taksi ilə harasa aparıb-aparmadığını soruşub. Şahid bunu xatırlamadığını deyib. İstintaqa ifadəsi zamanı isə dəfələrdə Fidanı taksi ilə apardığını etiraf edib.
Hakim Ramin Ağayevin yalan ifadə verməsi barədə prokurora məlumat çatdırılması haqda qərar qəbul edib.
Şahid İlahə Əhmədova təkrar ifadə verib: "Leylanın mənə 12 min manat borcu var. Pulumu tələb etməyə görə qorxurdum. Mahir Əkbərov söyüşlərlə danışaraq mənim qabağıma elə şərtlər qoydu ki, qorxuya düşdüm. Mahir mənə dedi ki, Leylanı tutdurmuşam, oğlunun da cibinə narkotik ataraq tutduraram, lap sənin özünü də tutduraram".
Bundan sonra şahid ifadəsini yekunlaşdırıb və zalı tərk etmək istəyərkən huşunu itirib.
Məhkəmə prosesi noyabrın 3-də davam etdiriləcək.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, İlahə Əhmədovanın vəziyyəti ağır olduğu üçün təcili yardım maşını çağırılıb.
Hacı Zeynalov