10 İyul 2017 20:05
918
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş Aparat rəhbəri Vidadi Zeynalov dövlətə vurduğu ziyanı tam ödəyib.

Teleqraf.com xəbər verir ki, keçmiş aparat rəhbərinin dövlətə vurduğu ziyan 6 milyon 220 min manatdır.

Qeyd edək ki, mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən Vidadi Zeynalovun ümumilikdə 67 əmlakına həbs qoyulub.

Ümumi dəyəri 43 milyon manatdan çox olan 67 əmlak Vidadi Zeynalovun, onun övladlarının, həyat yoldaşının, bacısının və digər yaxınlarının adınadır.

Bundan əlavə “Rabitə işi” üzrə təqsirləndirilən şəxslərdən Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş mühasibi olmuş Anar Mustafayev də dəymiş ziyanı ödəyib. Onun ödədiyi məbləğ 567 min manat təşkil edib.

Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sədri olmuş Beytulla Hüseynov dövlətə vurduğu 10 milyon manat məbləğində ziyanı ödəyib.

Beytulla Hüseynov 2015-ci ilin noyabr ayında həbs edilib, 10-dan çox əmlakına həbs qoyulub.

Hazırda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş Aparat rəhbəri Vidadi Zeynalov, Aztelekom MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, Birliyin sabiq baş mühasibi Anar Mustafayev, AzİnTelekom MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, Azərpoçt MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, Optik Rabitə, Tikinti və Quraşdırma MMC-nin baş mühasibi Səhrab Hümbətov, Rabitə Mülki Tikinti MMC-nin direktoru Emin Məmmədov, Aztelekom MMC-nin baş mühasibi Oqtay Rüstəmov, Təmir-Təchizat Servis MMC-nin direktoru Bayram Vəliyev və Optik Qurğular İdarəsinin sabiq rəisi Namazalı Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Dövlət ittihamçısı Vidadi Zeynalovun 14 il, Beytulla Hüseynovun 15 il, Anar Mustafayevin 8 il, Qəmbər Bəybalayevin 10 il, Emin Məmmədovla Namazalı Məmmədovun hər birinə 12 il müddətinə azadlıqdan məhrumetmə cəzası istəyib.

Digər təqsirləndirilən Məhəmməd Məmmədov, Cəfər Cəfərov, Səhrab Hümbətov, Bayram Vəliyev və Oqtay Rüstəmovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsini tətbiq olunmasını, onlara şərti cəza verilməsini tələb edib.

Prokuror bildirib ki, təqsirləndirilən şəxslərə məxsus üzərinə həbs qoyulmuş əmlakların dövlətə dəymiş ziyan ödənilməsinə yönəldilməsi təmin edilsin.

Beytulla Hüseynov sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın qohumudur. O, məhkəmədə günahsız olduğunu deyib.


Müəllif: Hacı Zeynalov