12 Sentyabr 2017 16:47
1 100
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xətai rayonunda 9 mərtəbəli yaşayış binasında baş verən yanğına görə axtarışda olan və daha sonra həbs edilən Məmməd Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə baş tutan prosesdə ittiham aktı elan edilib.

Məmməd Vəliyev elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. Daha sonra o, sərbəst ifadə verirb.

İttihama görə, 2015-ci il aprelin 10-da Bakı şəhəri, Xətai rayonu, Zığ yolu küçəsi 16 saylı ünvanda yanğın baş verib. Həmin ünvanda TNH şirkəti tərəfindən fasadında “poliuretan” materialla üzləmə işləri aparılan 9 mərtəbəli yaşayış binasında ağır nəticələrə səbəb olan yanğın qeydə alınıb. Hadisə nəticəsində insan itkisi baş verməyib. Xeyli sayda mənzil yararsız vəziyyətə düşüb.

Bu iş üzrə şirkətin rəhbəri kimi təqdim edilən Fərid Sadıqov, Zaur Əşrəfov və Nüsrət Muxtarov həbs edilib. Bu şəxslərin məhkəməsi davam edərkən Nüsrət Muxtarov həbsxanada ürək tutmasından dünyasını dəyişib.

Həmin şəxslər binanı poliuretan materialla üzləyən TNH şirkətinin fəaliyyətinə və görülən işlərə faktiki rəhbərlik edən Fərid Sadıqov, şirkətin direktoru Zaur Əşrəfov və direktorun tikinti işləri üzrə müavini Nüsrət Muxtarov. Onlara CM-in 225.2-ci (ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələr doğuranda) maddələriylə ittiham olunublar.

Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən məhkəmə prosesində Fərid Sadıqov və Zaur Əşrəfov şərti cəza alaraq məhkəmə zalından azadlığa buraxılıblar.

Fərid Sadıqov istintaqa deyb ki, TNH şirkətinin rəhbəri deyil. O, "Astoriya" MMC adlı inşaat şirkətinə başçılıq etdiyini və Bakıda bina tikintisi ilə məşğul olduğunu bildirərək TNH şirkətinin gerçək rəhbərinin Məmməd Vəliyev olduğunu bildirib.

Həmin ərəfədə Məmməd Vəliyev ölkəni tərk edib. Məhkəmə onun prosesə məcburi gətirilməsi ilə bağlı qərar da çıxarıb.


Müəllif: Hacı Zeynalov