28 Dekabr 2017 12:36
968
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda analığına qarşı dələduzluq etməkdə təqsirləndirilən 1981-ci il təvəllüdlü Nazim Zülfüqarovun məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyev sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Hökmə əsasən, Nazim Zülfüqrovun ittiham olunduğu Cinayət Məcəlləsinin 320-ci (rəsmi sənədləri saxtalaşdırma) maddəsi üzrə ona cəza təyin edilməyib.

Buna səbəb həmin maddə üzrə cəza təyin edilmə müddətinin bitməsidir. Həmin maddə üzrə ittihama xitam verilib.

Nazim Zülfüqarova dələduzluq maddəsi üzrə şərti cəza təyin edilib və məhkəmə zalından azadlığa buraxılıb.

Nazim Zülfüqarov analığı, Bakı şəhər sakini Gülrux Əliyevanın külli miqdarda pulunu ələ keçməkdə təqsirləndirilib.

Gülrux Əliyeva pulunu banka qoymaq üçün N.Zülfüqarova verib. Banka qoyulan pullar Gülrux Əliyevanın xəbəri olmadan ələ keçirilib.

Gülrux Əliyeva ümumilikdə 340 min dollar zərər gördüyünü qeyd edir.

Gülrux Əliyevanın sözlərinə görə, Bakı şəhəri, Nobel prospekti 16/17 yerləşən evi söküntüyə düşüb və nəticədə “Kapital Bank”da onun hesabına 360 min manat vəsait köçürülüb.

Yoldaşı Seyran vəfat etdiyindən, övladları azyaşlı olduqları üçün pulun idarə olunmasını qohumlarına, əsasən, də yoldaşının birinci evliliyindən olan oğlu Nazim Zülfüqarova etibar edib: “Çünki Nazimin bu sahədə təcrübəsi vardı. O, həm mənim, həm də vaxtilə mərhum atasının etibarını qazanmışdı. Ötən il martın 17-də banka köçürülmüş pulu dollara dəyişməklə 100 min dollarını həyat yoldaşımın birinci evliliyindən olan oğlu Nazimin adına Azərbaycan Beynəlxalq Bankda açılmış hesaba, 100 min dollarını isə qardaşım oğlu Mirismayıl Seyidpaşa oğlunun hesabına yerləşdirdim”.

Zərərçəkmiş bildirib ki, 6 iyun 2013-cü il tarixində isə 70 min dolları öz adına Beynəlxalq Banka qoyub: “Elə bilirdim ki, “Zamin Bank”da öz adıma 120 min dollar pul var. Əslində isə 80 min dollar imiş. Nazim Zülfüqarov həmin məbləğləri Beynəlxalq Banka mənim hesabıma yerləşdirməsi haqqında məlumat vermişdi. Maraqlananda Nazim mənə dedi ki, 80 min dolların faizini Beynəlxalq Bankdan, 40 min dolların faizini isə Bank Respublikadan alacaqsan. İki bankdan faiz alacağım xəbəri məndə şübhə yaratdı. Ancaq Nazim hər şeyin yolunda olduğuna məni inandırdı.

Nazim o qədər etibarımızı qazanmışdi ki, törətdiyi cinayətin sezilməməsi üçün davamlı olaraq depozit kartlarına aylıq faiz adı ilə pullar yatırırdı. Güya bu yerləşdirilmiş pul vəsaitlərinin aylıq faiz gəlirləridir. Həmçinin bildirdi ki, sənin adına Bank Respublikada 30 min ABŞ dolları, “Silk Way”da isə 20 min dollar yerləşdirilib.

Həmin hesablara pul yerləşdirməsinin təsdiqi kimi hər iki banka aid kartları mənə təqdim etdi və bildirdi ki, hər ay həmin kartlar vasitəsi ilə faiz gəlirlərini götürəcəksən. Göstərdiyim məbləğlər hər biri mənə məxsus olub və bunun sübutu istintaqa təqdim edilib. Sonradan məlum oldu ki, əslində mənə təqdim olunmuş kartlar debet kartlar imiş. Hər ayın eyni tarixində Nazim və dəstənin digər üzvləri vasitəsilə yerləşdirilib ki, məndə şübhə yaranmasın”.


Müəllif: Hacı Zeynalov