16 Noyabr 2020 14:57
1 032
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrandan Azərbaycana külli miqdarda narkotik vasitə keçirməkdə ittiham olunan mütəşəkkil dəstənin üzvləri - Məhəmməd Əmrahov və Samirə İbrahimovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Məhəmməd Əmrahov və Samirə İbrahimov qanunsuz yolla qazanc əldə etmək üçün şəxsiyyəti müəyyən edilməyən digər şəxslərlə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirmə barədə əlbir olublar.

Samirə İbrahimova 5215 qram heroini, 4980 qram həşiş qətranını və 9980 qram tiryəki 15 may 2019-cu ildə, saat 18 radələrində Yardımlı rayonunun Deman kəndində yerləşən üzərinə “Demankəndi” yazılan lövhənin yaxınlığında gizlədildiyi yerdən götürmək məqsədilə Məhəmməd Əmrahovun idarə etdiyi "Kia-sportage" markalı "99 NK 277" dövlət qeydiyyat nişanlı avtomaşınla birlikdə həmin əraziyə gedib.

Onlar İrandan qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirilmiş və həmin ərazidə basdırılam narkotik vasitəni götürmək istəyiblər.

Məhəmməd Əmrahov həmin narkotik vasitələri axtararkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Daha sonra Samirə İbrahimova həbs olunub.

İstintaq orqanı tərəfindən Məhəmməd Əmrahov və Samirə İbrahimovanın barəsində Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci (iştirakçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq törətmək), 29, 234.4.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satmağa cəhd etmək) və 29, 234.4.3-cü (külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satmağa cəhd etmə) maddələri ilə ittiham elan edilib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Məhəmməd Əmrahov 14 il 6 ay, Samirə İbrahimova isə 13 il müddətinə azadlıqdan məhrum ediliblər.

Hökmdən narazı qalan hər iki təqsirləndirilən şəxs apelyasiya şikayəti verib. Onlar barələrində olan cəzaların yüngülləşdirilməsini xahiş ediblər.

Hər iki təqsirləndirilən şəxsin şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib.

Hakim Etibar Camalovun sədrliyi ilə baş tutan iclasda apelyasiya şikayətlərinin dəlilləri araşdırılıb, sonda qərar elan edilib.

Hər iki təqsirləndirilən şəxsin apelyasiya şikayəti qismən təmin olunub.

Məhəmməd Əmrahovun cəzası 14 ilə, Samirə İbrahimovanın isə cəzası 12 ilə endirilib.


Müəllif: Hacı Zeynalov