Göyçay rayonunda 1992-ci il təvəllüdlü Famil qısqanclıq zəminində 1989-cu il təvəllüdlü tanışı Vüqarı (adlar şərti verilib – red.) öldürməyə cəhd edib.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, Famil keçmiş arvadı Səmayə ilə öz dostu Vüqar arasında sevgi münasibətlərindən şübhələnib. O, məsələni aydınlaşdırmaq qərarına gəlib.
Bu məqsədlə noyabrın 16-da saat 20 radələrində Vüqarla görüşüb. Bu zaman Famil özünə məxsus “BMW” markalı avtomobilin idarə etməsini Vüqara həvalə edib. Avtomaşınla gəzinti zamanı onların arasında mübahisə yaranıb və Famil Vüqarı bıçaqlayıb.
Səkkiz bıçaq xəsarəti alan Vüqara vaxtında tibbi yardım göstərildiyindən onun həyatını xilas etmək mümkün olub.
Familin barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə) maddələri ilə ittiham elan edilib.
“Öldürmək niyyətim olsaydı...”
Cinayət işi Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Rafail Əliyevin sədrliyi ilə araşdırılıb.
Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Famil elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, Vüqarı öldürmək niyyəti olmayıb və onu cəzalandırmaq istəyib: “Öldürmək niyyətim olsaydı, onun boğaz nahiyyəsinə və ya həyatı üçün vacib orqanlarına bıçaqla xəsarət yetirərdim, onun sağ qalması üçün heç bir şansı qalmazdı.
Ona yetirilən xəsarətlərin sayını dəqiq bilmirəm. Çünki həmin vaxt əsəbiləşdiyimdən özümdə olmamışam. Vüqara dəqiq neçə xəsarət yetirdiyimi bilməmişəm”.
“Evdə polisləri gözlədim”
Təqsirləndirilən şəxs qeyd edib ki, cinayət törətdikdən sonra Göyçay rayon polis çöbəsində Pərviz adlı polis əməkdaşını tanıdığından ona zəng edib və cinayət törətdiyini etiraf edib:
“Pərviz mənə evdə olmağı tapşırdı və özü gəlib məni polis şöbəsinə aparacağını bildirdi. Hazırda dəqiq yadımda deyil, hansı formada ona zəng etmişdim. Səhv etmirəmsə, vatsapda zəng elədim. Bundan sonra atamla telefonda danışdım. Atam dedi, tez evə gəl, polisə gedək. Artıq polisə məlumat verdiyimi və onları gözləmək üçün evə getdiyimi dedim. Polis əməkdaşları gəlib məni evdən apardılar”.
Famil deyib ki, zərərçəkmişlə barışmaq üçün ailəsi tərəfindən müəyyən hərəkətlər edilib, zərərçəkmiş şəxsin xəstəxana xərclərinin bir qismi çəkilib: “Əlavə 10 min manat pul verilsə də, zərərçəkmiş tərəf bu məbləği götürməyib. Mənə qarşı olan mülki iddianı qəbul etmirəm. Qeyd olunanlara əsasən barəmdə ədalətli qərarın qəbul olunmasını xahiş edirəm”.
Məhkəmə təqsirləndirilən şəxsin bu ifadəsi ilə istintaqa verdiyi ifadəsi arasında ziddiyyətlər olduğu qeyd olunub. Bu səbəbdən məhkəmə onun istintaqa verdiyi ifadəsini tədqiq edib.
Famil istintaqa bildirib ki, Vüqarı təxminən 15 ildir tanıyır, onunla yaxın dostluq münasibətləri olub: “2018-ci ildə Göyçay şəhər sakini Səmayə ilə rəsmi ailə həyatı qurdum, 7 ay birlikdə yaşadıq. Ailələrimiz arasında söz-söhbətlərə, eləcə də yola getmədiyimizə görə 2019-cu ildə rəsmən boşandıq”.
“Bir-birlərinə baxdıqlarını gördüm”
Təqsirləndirilən şəxs bildirib ki, 2020-ci ilin avqustun əvvəllərində keçmiş həyat yoldaşı Səmayənin işlədiyi “Banu” adlı gözəllik salonunun yanından keçərkən dostu Vüqarı həmin gözəllik solunun yaxınlığında əlində telefon küçədə dayandığını, Səmayənin işlədiyi gözəllik salonuna tərəf baxdığını, bir neçə saniyə sonra Səmayənin də əlində telefon işlədiyi salondan çıxdığını, Vüqarın dayandığı tərəfə baxdığını görüb:
“Maşını bir qədər qarşıda saxladım. Maşından düşərək arxaya boylandım və Səmayənin yenə də telefonla oynadığını, Vüqara tərəf baxdığını gördüm. Maşınla digər küçədən fırlanaraq həmin yerə gəldim. Vüqar və Səmayənin uzaqdan bir-birilərinə baxdığını gördüm. Vüqar məni görəndə başqa istiqamətdə getdi”.
“Bu, mənə pis təsir etdi”
Famil bildirib ki, həmin vaxtdan Vüqarla Səmayənin arasında münasibətin olmasından şübhələnib: “Bu hadisə mənə çox pis təsir etdi. Həmin gün öz telefonuma hazırda adını xatırlamadığım xüsusi proqram yazdım. Həmin proqram vasitəsi ilə Vüqarın və Səmayənin istifadəsində olan mobil nömrələrin vatsap sosial şəbəkəsində hansı vaxtlarda onlayn olduqlarını gördüm.
Beləliklə, Vüqar və Səmayənin gün ərzində eyni vaxtda vatsapda onlayn və oflayn olduqlarını görmüşəm. Bütün bunlar Vüqar və Səmayənin arasında münasibətlərin olması ilə bağlı şübhələrimi artırdı”.
“Özü-özünə mahnı oxuyurdu”
Familin ifadəsinə görə, 2020-ci ildə Vüqarın qardaşı Abbas saat 00.26-da onu öz evlərinə düşürüb, saat 00.34-də isə həmin proqram vasitəsi ilə ona bildirim gəlib: “Bildirimdən aydın oldu ki, saat 00.34-də Vüqar və Səmayə hər ikisi vatsap sosial şəbəkəsində onlayn, saat 00.37-də isə oflayn olublar.
Şübhələrim artdığı üçün yaşadığım evdən çıxdım, qaça-qaça Səmayəgilin evinin qarşısına getdim. Saat 00.57-də artıq Səmayəgilin evinin qarşısında idim. Saat 01.04-də Vüqarın qardaşı Abbasa məxsus “Opel” markalı avtomobillə Səmayəgilin evinin qarşısından keçdiyini, sonra geri qayıdaraq qapının qarşısında bir neçə saniyə dayandığını, daha sonra getdiyini gördüm.
Həmin vaxt həyətdən Səmayənin səsi gəlirdi. O, özü-özünə mahnı oxuyurdu. Mən gördüyüm üçün Vüqarın getdiyimi düşündüm. Orada çox dayanmayıb geri qayıtdım”.
“Dediklərinə inanmadım”
Famil deyib ki, bütün bunlardan sonra Vüqarla Səmayənin arasında münasibət olmasına əminliyi artıb: “Ertəsi gün Abbasdan ötən gün məni düşürdükdən sonra harasa gedib-getmədiyini, onun maşınının kimdə olduğunu soruşdum. Abbas isə evə getdiyini, maşının isə, ola bilsin, qardaşı Vüqarda olduğunu dedi. Bundan sonra Vüqarın özü ilə bu barədə bir neçə dəfə söhbət etməyə çalışdım.
Bəzi hallarda Vüqar söhbət etməkdən yayındı, bəzi hallarda qısa söhbət edərək and içdi, söyüş söyərək Səmayə ilə arasında olan münasibətləri inkar etdi. Lakin ona inanmadım”.
“Maşında heç kim olmayıb”
Təqsirləndirilən şəxs bildirib ki, sonuncu dəfə hadisə günü işdən çıxıb və saat 17.10-da idarə etdiyi “BMW” markalı avtomobillə Səmayənin işlədiyi “Banu” gözəllik salonunun yanına gəlib:
“Təxminən 2 saat avtomobillə həmin ərazidə fırlandım, Səmayənin işdən çıxmasını, eləcə də Vüqarı oralarda görüb-görməyəcəyimi gözlədim.
Təxminən saat 19.10-da gözəlik solunun yaxınlığında Vüqarla üz-üzə gəldim. Vüqar qardaşı Abbasa məxsus “Opel” markalı avtomobillə qarşımdan keçdi. Səmayənin Vüqarın maşınında ola biləciyini düşündüm. Bu səbəbdən onun arxasınca getdim.
Təxminən 300-400 metr qarşıda Vüqar avtomobili saxlayaraq düşdü, tanımadığım bir kişi ilə görüşdü. Öz maşınımdan düşərək Vüqarın maşınının arxa qapısını açdım və içəri baxdım. Maşında heç kim yox idi”.
“Söyüş söyərək inkar etdi”
Təqsirləndirilən şəxsin sözlərinə görə, bundan sonra Vüqara yaxınlaşıb, gün ərzində onunla söhbət etmək istədiyini deyib: “Vüqar razılaşdı. Təxminən bir saat-saatyarım Vüqarı gözlədikdən sonra ondan xəbər çıxmadı. Zəng edib ondan harada olduğunu soruşdum. Vüqar Heydər Əliyev mərkəzinin yanında “Park Cafe” adlı çayxanada oturduğunu bildirdi.
Çayxananın yaxınlığına gəldim, Vüqara yenidən zəng etdim. O, təxminən 20 dəqiqəyə gələcəyini bildirdi.
Təxminən 20 dəqiqə keçmiş Vüqar gəlib, maşınına əyləşdi. Yolda yenidən həmin mövzunu açdım. Səmayə ilə münasibətini etiraf etməsini, bununla da söhbəti bağlayacağımı bildirdim. Vüqar yenə də söyüş söyərək bunu inkar etdi. Səmayə ilə arasında olan münasibətləri boynuna almadı”.
“Üzləşməyi bildirdi”
Familin ifadəsinə görə, bu zaman Vüqara özündə olan şübhələri və faktları, vatsap sosial şəbəkəsində eyni vaxtda aktiv olduqlarını, Səmayəgilin evinin qarşısında onu gördüyünü desə də, Vüqar yenə də boynuna almayıb:
“Şəhər stadionu istiqamətində gedəndə Vüqar maşını bərk sürdüyümü dedi. Buna görə də avtomobili saxladım. Vüqarı maşının sükanı arxasına dəvət etdim. Bundan sonra maşınını o, idarə etməyə başladı.
Maşınımda həmişə bıçaq saxlamışam. Sükanı dəyişdikdən sonra iVüqara hiss etdirmədən həmin bıçağı götürdüm. Yenə də eyni mövzuda mübahisə etdik. Vüqar dedi ki, əgər inanmırsansa, Səmayəgilin evlərinə gedib üzləşək, Səmayənin ata-anasından da bu barədə soruşaq.
Səmayənin atasının Bakı şəhərində işlədiyinə, əsasən orada yaşadığına görə Vüqarın onun evdə olduğunu haradan bilməsindən şübhələndim. Bunu Vüqardan soruşdum. O da sözgəlişi belə dediyini söylədi”.
“Üzümə baxdı, heç nə demədi”
Famil qeyd edib ki, onlar Səmayəgilin evinə yaxınlaşıblar: “Bu vaxt Vüqarın qardaşı Abbas zəng edərək harada olduğunu soruşdu. Vüqar mənimlə birlikdə Səmayəgilin evinə getdiyimizi bildirdi, sonra telefonu söndürdü. Həmin vaxt Sənayəgilin evinin qarşısından asta sürətlə keçdik.
Vüqar telefon danışığını bitirdikdən sonra qapının dolabına qoyduğum bıçağı götürdüm, onun sinə nahiyəsindən 2 zərbə vurdum. Vüqar maşının qapısını açaraq özünü yerə atdı. Maşın özü-özünə getdiyi üçün sol ayağımı sürücü tərəfə keçirərək əyləci basdım.
Sonra maşından düşərək Vüqarın arxası ilə qaçdım. Onun çiynindən tutdum. Vüqardan hər şeyi boynuna almasını bildirdim. Vüqar isə üzümə baxdı, heç nə demədi. Vüqara bir-iki dəfə də bıçaq atdım. Lakin bıçağın Vüqara dəyib-dəymədiyini bilməmişəm”.
Təqsirləndirilən şəxs qeyd edib ki, həmin vaxt Vüqar yalvararaq övladının olduğunu, onu öldürməməyini xahiş edib: “Vüqara balasını fikirləşənin belə qeyrətsizlik etməməli olduğunu dedim. Bıçaqla təxminən 3-4 dəfə onun sinəsindən zərbə vurdum. Vüqarın yerə yıxıldığını gördüm, öz avtomobilimə doğru gəldim. Atama zəng edərək Vüqarı vurduğumu dedim, sonra polisə təslim oldum”.
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Vüqar deyib ki, Familin keçmiş arvadı Səmayı ilə heç bir münasibəti olmayıb, onun iddiaları yalandır. Hadisənin baş verməsindən danışan zərərçəkmiş bildirib ki, sonradan xəstəxanada aldığı tibbi yardım nəticəsində sağ qalıb. Hazırda təqsirləndirilən şəxslə barışmayıb:
“Sonuncu dəfə imənə müalicəm üçün 10 min manat vermək istədilər. Lakin bunun üçün notarial qaydada barışmağa dair ərizə istədiyindən danışıq baş tutmadı. Ona görə həmin pulu qəbul etmədim”.
Famil 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.