4 İyul 2023 09:28
1 146
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zaqatala rayonunda həyat yoldaşını qətlə yetirməkdə ittiham olunan 1985-ci il təvəllüdlü Məhəmməd Didiyevin ittihamı ağırlaşdırılıb.

Teleqraf.com-un xəbərinə görə, Məhəmməd Didiyevə Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Onun barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb. Cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Xaliq Məmmədovun icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

Xatırladaq ki, ilkin istintaq zamanı Məhəmməd Didiyevin barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilmişdi.

Məlumat üçün bildirək ki, Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinən şəxsi 9 ildən 14 ilədək, həmin məcəllənin 120.2.4-cü maddəsi ilə ittiham olunan şəxsi isə 14 ildən 20 ilədək və yaxud ömürlük azadlıqdan məhrum etmə cəzası gözləyir.

Qeyd edək ki, hadisə bu ilin martın 17-də Zaqatala şəhəri, Dədə Qorqud meydanı yaxınlığında yerləşən evdə baş verib.

1989-cu il təvəllüdlü Firəngiz Yusifova ailə münaqişəsi zəminində yaşadığı evdə ov tüfəngi ilə qətlə yetirilib.

İlkin araşdırma zamanı 1985-ci il təvəllüdlü Məhəmməd Didiyevin Zaqatala şəhərində yerləşən mənzillərdən birində keçmiş arvadı Firəngiz Yusifovanı odlu silahla atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Məhəmməd Didiyev hadisədən sonra könüllü olaraq istintaqa təslim olub və şübhəli şəxs qismində saxlanılıb.

Firəngiz Yusifova və Məhəmməd Didiyev boşanma ərəfəsində olublar. Qadın uşağı ilə atası evinə gedib.

Hadisə günü kişi səhər saatlarında həyat yoldaşının yanına gəlib, boşanmaq istəmədiyini bildirib. Tərəflər arasında münaqişə olub.

Məhəmməd Didiyev ov tüfəngi ilə qadını qətlə yetirib.

Onların ikinci sinifdə təhsil alan oğlanları var.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər