30 May 14:01
2 187
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xaçmaz rayonunda 1982-ci il təvəllüdlü Vüsal qısqanclıq zəminində mübahisə zamanı özündən iki yaş böyük həyat yoldaşı Naziləni (adlar şərti verilib – red.) qətlə yetirib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Vüsal Nazilənin əvvəllər qonşuları olmuş İlqarla sevgi münasibəti saxlaması və ona saymazyana münasibət göstərməsi səbəbindən qısqanclıq motivi ilə arvadını öldürmək qərarına gəlib.

Bu məqsədlə ötən il sentyabrın 8-də saat 17 radələrində Xaçmaz rayonunun qəsəbəsində yaşadıqları yataqxana tipli evin ikinci mərtəbəsindəki yataq otağında bıçaqla arvadının kürək nahiyəsinə bir zərbə vurub. Qadın aldığı xəsarətdən vəfat edib.

İstintaq orqanı tərəfindən Vüsalın barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vüsal ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 1982-ci ildə Quba şəhərində anadan olub, Xaçmaz rayonunda daimi qeydiyyatda olmaqla orada yaşayıb:

“Dövlət Sərhəd Xidmətinin Şəmkir rayonu ərazisində yerləşən “N” saylı hərbi hissəsində hərbi xidmətimi keçmişəm. Heç bir psixi xəstəlikdən əziyyət çəkməmişəm. Narkoloji və ya psixiatrik dispanserlərdə qeydiyyatda olmamışam. Xaçmaz rayonunda “Grand Garden" MMC-də fəhlə işləmişəm”.

“Arvadımı sevdiyini dedi”

Təqsirləndirilən şxəs qeyd edib ki, 2006-cı ildə Nazilə ilə ailə həyatı qurub və birgə nikahlarından Aysu adlı qız, Elcan adlı oğul övladları dünyaya gəlib: “Əvvəllər qonşumuz olmuş İlqar və onun qardaşı Nadir bizə qonaq gəlmişdilər. İlqar, Nadir, anam və arvadımla birlikdə süfrədə oturmuşduq. Uşaqlar isə həyətdəki qonaq otağındaydılar. İlqarla birlikdə onun gətirdiyi spirtli içki idik. İçkidən sonra İlqar mənə “Naziləyə güldən ağır söz desən, ona əl qaldırsan, məndən incimə, mən Naziləni sevirəm, onun arxasında mən durmuşam” deyəndə şoka düşdüm.

Əsəbləşib ayağa qalxdım. Anam da bu sözləri eşidəndə bir anlıq təəccübləndi, Nazilənin üstünə yeriyib bunun nə məsələ olduğunu soruşdu, qışqırmağa başladı. Mən də İlqara qışqırdığım üçün səs-küyə qonşular bizə toplaşdı. İlqarın sözlərindən sonra Nazilə heç bir reaksiya vermədi və susub oturdu.

Nazilənin bu hərəkətindən onun İlqarla münasibətdə olmasını təsdiq etdiyini anladım. Qonşular səs-küyə bizə gəldikdən sonra İlqarla Nadir evi tərk edərək getdilər.

Bu söz-söhbətdən bir neçə ay əvvəl işdən evə tez gəlmişdim, onda Nazilənin mətbəxdə telefonla danışığını tutdum. Gizlicə telefon danışığına qulaq asanda onun İlqarla danışmasına əmin oldum. Həmin vaxt Nazilənin üstünə çox getmədim, lazımi anı gözləyərək İlqarla münasibətini ona sübut etmək istədim”.

“Namussuz hərəkətlərə yol verdiyini dedim”

Vüsalın sözlərinə görə, növbəti günlərdə səhər saatlarında Nazilə əlindəki ləyəni ona tərəf atıb:

“Mənə dedi ki, yaxşı eliyirəm, səni saymıram, ürəyim istədiyi kimi yaşayaram. Bu sözləri deyib mənimlə mübahisə etməyə başladı. Nazilənin saçlarından tutub dartdım, anam bizi aralaşdırdı. Artıq ər-arvad münasibətimiz tamam korlandı, aramızdakı hörmət itdi.

Nazilə zəng edərək bu barədə atasına, daha sonra sahə rəisi Ədalətə məlumat verdi. Mən də qayınatam Əliyə zəng edib Nazilənin namussuz hərəkətlərə yol verdiyini dedim. Bir müddət sonra yaşadığımız evə Əli və sahə rəisi Ədalət gəldilər.

Onların yanında Nazilə İlqarla münasibətdə olduğunu bir daha etiraf etdi, atası ilə bir yerdə getməyəcəyini dedi. Əligil bizə gəldikdən sonra mübahisəmiz səngidi. Onlardan sonra Nazilə uşaqlar üçün kitab-dəftər almaq üçün mağazaya yollandı. Mən isə həyətdə oturaraq Nazilənin bu hərəkətlərinin nəticəsinin necə olacağını düşündüm.

Nazilə kitab-dəftər alaraq gəldikdən sonra qonşumuz Ləmangilə getdi. Ləmangildən qayıdıb evin ikinci mərtəbəsində anamın qaldığı otağa keçdi”.

“Namusumu təmizləməli olduğumu anladım”

Vüsal qeyd edib ki, təxminən saat 17 radələrində mətbəxdən bıçağı götürüb və şalvarının sağ arxa cibinə qoyaraq Nazilənin yanına gedib: “Məqsədim arvadımla söhbət edərək hər şeyi yoluna qoymaq, əks təqdirdə onu öldürmək idi. Mən içəri girəndə Nazilə yerdə uzanaraq yatmışdı. Onu oyatdıqda yerin içində oturdu. Mən də sol tərəfində onunla yan-yana eyni vəziyyətdə əyləşdim. “Belə eləmə, uşaqlarımız var, bu yoldan qayıt, əvvəlki kimi normal ailə kimi davam edək" dedim.

Nazilə qayıtdı ki, həyat mənimdi, özüm bilərəm, İlqarla da, başqaları ilə də danışıram, yaxşı edirəm. Artıq hər hansısa söhbətin mənasızlığını və namusumu təmizləməli olduğumu anladım. Çünki Naziləyə söz batmırdı. Normal danışdıqca o, daha da irəli gedir, arsızlaşırdı.

Nazilənin bu sözlərindən sonra fikrimi daha da qətiləşdirdim və arxa cibimdən çıxardığım bıçaqla onun kürək nahiyəsinə bir zərbə vurdum”.

“Peşman olmuşam”

Vüsal bildirib ki, Naziləni itələyərək beli üstə yerə yıxdıqdan sonra bıçaqla boğaz nahiyəsini 2-3 dəfə kəsib: “Sonra dizi üstə çökərək sağ əlimdəki bıçaqla öz boğazımı kəsdim. Özümdən getdim, gözlərimi açanda Xaçmaz Rayon Mərkəzi Xəstəxanasıda olduğumu anladım. Azyaşlı uşaqlarıça görə Naziləni öldürdüyüm üçün peşmanam”.

Təqsirləndirilən şəxs bildirib ki, İlqargil onlara gələn vaxta kimi Nazilə ilə münasibətləri normal olub: “İlqarın arvadımla münasibətdə olmasını mənə açıq şəkildə, qorxmadan deməsindən sonra münasibətlərimiz pozuldu.

Naziləni İlqarla münasibətdə olaraq mənə xəyanət etməsi və namusumu ləkələməsinə görə öldürmüşəm. Bıçağı yaşadığımız evin mətbəxindən götürmüşəm. Həmin bıçaqdan çörək kəsmək üçün istifadə etmişik.

Hadisə zamanı Nazilə ilə məndən başqa yataq otağında heç kim olmayıb. Hadisədən əvvəl spirtli içki və ya narkotik qəbul etməmişəm”.

“Boşanmağı məsləhət gördüm”

İş üzrə zərərçəkmiş Nazilənin hüquqi varisi qismində dindirilən atası Əlinin sözlərinə görə, hadisə günü qızı Nazilə ona zəng edib, əri Vüsalla dalaşdığını, yola getmədiklərini deyib və gəlib onu evə aparmağı xahiş edeib: “Telefon danışığından onun həyəcanlı olduğunu hiss etdim. Evdən çıxıb Naziləgilə getdim.

Oraya çatanda Nazilə qollarını göstərərək Vüsalın onu döydüyünü, şər ataraq guya başqa kişilərlə xəyanət etməsini bildirdiyini və boşanmaq istədiyini söylədi. Mən Vüsalı danladım, böyük uşaqları olduğunu dedim, belə bir iş tutmamağı, arvadını istəmirsə boşanmağı məsləhət gördüm.

Təxminən saat 12 radələrində evimə qayıtmaq istəyəndə Naziləgilə adını bilmədiyim, mayor rütbəli sahə rəisi olan polis əməkdaşı gəldi. Nazilə polis əməkdaşına zəng edərək məlumat vermişdi. Polis Naziləyə məsələ ilə bağlı şöbəyə gələrək izahat verməli olduğunu bildirdi. Bu kimi sözləri deyərək getdi.

Naziləgildə sakitçiliyin yarandığına əmin olub evimə qayıtdım. Həmin gün saat 18 radələrində nəvəm zəng edərək Vüsalın Nazilənin başını kəsərək öldürdüyünü və daha sonra bıçaqla öz boğaz nahiyəsini kəsdiyini dedi. Arvadımla birlikdə Naziləgilə getdik. Biz oraya çatanda polis əməkdaşları hadisə yerində idi”.

“Sevgi münasibətlərimiz olmayıb”

İş üzrə şahid qismində ifadə verən İlqarın sözlərinə görə, hadisədən əvvəlki günlərdə Vüsalgilə qonaq gedib və özü ilə spirtli içki aparıb: “Vüsalla bir yerdə spirtli içki içdik. Nazilə bir qonşu kimi mənə Vüsalın içki içib onu incitdiyini danışdı. Mənim Nazilə ilə heç bir yaxın münasibətim olmayıb. Qonşu kimi onu və digərlərini sahəyə işləmək üçün aparmışam.

Həmin gün süfrədə Nazilə dedi ki, həmişə İlqara qardaş demişəm, İlqar, Vüsal hər gün içib mənimlə mübahisə edir. Mən də bu sözlərdən sonra Vüsalı danladım, içkidən uzaqlaşmalı olduğunu dedim. Mənim bu sözlərimdən o, əsəbiləşərək ailə işlərinə qarışmamağımı dedi və məni qucaqlayaraq ağladı. Vüsala təsəlli verərək hər şeyin düzələcəyini dedim.

Sentyabrın 8-də saat 17 radələrində uşaqlarımla gəzərək kəndə qayıdanda Vüsalın bıçaqla Nazilənin başını kəsərək öldürdüyünü, daha sonra bıçaqla öz boğazını kəsdiyini eşitdim. Nazilə ilə aramızda sevgi münasibətləri olmayıb”.

Şahid qismində ifadə verən təqsirləndirilən şəxsin anasının sözlərinə görə, qonşuluqda yaşayan İlqarın gəlini Nazilə ilə münasibətdə olmasından şübhələniblər: “Çünki İlqar bir dəfə söhbət zamanı mənə “ay xala, adamın ürəyini çıxarıb göstərmək mümkün olsaydı, çox yaxşı olardı" dedi. Lakin onun nə dediyini başa düşmədim. Sonradan bildim ki, İlqar gəlinim Nazilə ilə arasındakı münasibətdən bəhs edirmiş”.

“Sənin evinə gəlməyəcəm, gedib kefimi çəkəcəyəm”

Təqsirləndirilən şəxsin anasının sözlərinə görə, axşam vaxtı İlqar qardaşı ilə onlara qonaq gəlib:

“Nazilə həyətdə süfrə açdı, hamımız stulda əyləşdik. Uşaqlar isə həyətdəki evin qonaq otağında oturdular. Vüsal İlqarla bir yerdə araq içib söhbət etdilər. Bu zaman İlqar Vüsala dedi ki, eşitsəm arvadına güldən ağır söz demisən, onu vurmusan, məndən incimə, mən Naziləni sevirəm. Bu sözlərdən sonra onların arasında mübahisə yarandı. Mən gəlinimin üstünə getdim, qışqıraraq bunun nə məsələ olduğunu soruşdum. Nazilə heç nə demədi. Sonradan bildim ki, İlqarla Nazilənin arasında olan münasibətdən qonşuların da məlumatı olub. Vüsal da bunu eşitmişdi. Lakin oğlum bu barədə mənə heç nə deməmişdi.

Süfrədə mübahisə yarandıqdan sonra İlqar və qardaşı getdilər. Vüsal şillə ilə Naziləni vuranda onları araladım. Ertəsi gün səhər saatlarında Nazilə əlindəki ləyəni Vüsala tərəf atdı və dedi ki, kef mənimdi, özüm bilərəm, səni istəmirəm, səni saymıram. Vüsal arvadının saçından tutaraq dartışdıranda onları araladım.

Nazilə sahə rəisi Ədaləti və atası Əliyə zəng edərək evə çağırdı. Əliyə axşam baş verənləri danışdım. O qızını danlayaraq bir daha evinə gəlməməsini dedi. Nazilə isə “sənin evinə gəlməyəcəm, gedib kefimi çəkəcəyəm” söylədi. Onlar getdikdən sonra Nazilə uşaqlar üçün kitab almağa, ordan isə qonşumuz Ləmangilə getdi. Mən isə uşaqlarla həyətdəki otaqda oldum.

Saat 17 radələrində nəvəm ikinci mərtəbəyə qalxdıqda qışqırıq səslərini, məni çağırdığını eşitdim. İkinci mərtəbəyə qalxanda mənə məxsus yataq otağında Nazilə ilə Vüsalın yerdə qan içində uzanmış vəziyyətdə olduğunu gördüm. Nazilə artıq ölmüşdü, Vüsal isə yerdə xırıldayan vəziyyətdə idi.

Səs-küyə qonşular oraya yığışdı. Mən hadisənin şahidi olmamışam. Vüsal Naziləni öldürmək istəməsi ilə bağlı əvvəllər bizə heç nə deməyib”.

Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Vüsal 11 il 6 ay azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.


Müəllif: Hacı Zeynalov