28 Yanvar 09:52
202
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Thales İnternational Western Counties B.V.” transmilli korporasiyasının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin direktoru Mehmet Şahan barəsində olan hökmdən apellyasiya şikayəti verib.

Teleqraf.com-un əldə etdiyi məlumata görə, Mehmet Şahan günahsız olduğunu qeyd edib, barəsində bəraət hökmünün çıxarılmasını istəyib.

Şikayətə Bakı Apellyasiya Məhkəməsində baxılır. Hakim Mehriban Qarayevanın sədrliyi ilə keçirilən ilkin dinləmədə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra onun apellyasiya şikayətinin dəlilləri müəyyən edilib.

Məhkəmə baxışı fevralın 10-a təyin olunub.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mehmet Şahan 10 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, “Thales İnternational Western Counties B.V.” transmilli korporasiyasının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin direktoru vəzifəsində işləmiş Şahan Mehmet Mehmetali oğlunun 2014-2021-ci illər ərzində vəzifə səlahiyyətlərindən sui-istifadə edərək nümayəndəliyin fəaliyyətindən irəli gələn zəruri xərclərin qarşılanması məqsədilə həmin şirkətin mərkəzi ofisi tərəfindən ayrılmış ümumilikdə 8 milyon 860 min manat məbləğində pul vəsaitini rəhbərlik etdiyi qurumun müvafiq bank hesabından nağd və eləcə də başqa şirkətlərə xidmətlərin göstərilməsi adı altında köçürülərək nağdlaşdırılması yolu ilə mənimsəməsinə, habelə həmin məqsədlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil edərək vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr yaranıb.

Şahan Mehmet Mehmetali oğluna Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə və ya israf etmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər