“Formula-1” yarışlarının təşkili zamanı 400 min manata yaxın yeyintidə təqsirləndirilən Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BCCOC) keçmiş şöbə müdiri Çingiz Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Məmmədova-Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə cinayət işində olan sənədlər tədqiq edilib.
Daha sonra Çingiz Mehdiyevin vəkili vəsatətlə çıxış edib. Vəkil bildirib ki, 1 milyon 400 min pulun köçürülməsi leqallaşdırılıb. Gürcüstanda olan ofisdən bəzi maliyyə sənədlərini əldə etdiklərini vurğulayan vəkil deyib ki, Gürcüstan bankından köçürülən maliyyə sənədləri var. O, həmin sənədlərin işə əlavə olunmasını istəyib. Vəkil qeyd edib ki, Çingiz Mehdiyevin anasının adına olan bank hesabları vərəsənin hesabına köçürülüb. Vəkil həmin sənədlərin işə əlavə olunmasını istəyib.
Çingiz Mehdiyev bildirib ki, anasının şəxsi hesabı Gürcüstan bankında olub. Onun sözlərinə görə, anası rəhmətə getdiyi üçün vəsaitlər şəxsi hesabda qalıb: "1 ildən sonra vərəsəlik sənədləri təqdim olunandan sonra pullar vərəsənin hesabına köçürülüb. Burada qeyri-qanuni heç bir şey yoxdur. Vərəsə pulların hamısı mənim adıma gəlib. Çünki qardaşım Amerikada yaşayırdı, onun adına köçürülə bilməzdi. Mən də pulları qardaşımın hesabına köçürdüm".
Hakim sual edib ki, niyə görə Çingiz Mehdiyevin adına olan vəsait Amerikada olan hesaba köçürülüb. Təqsirləndirlilən şəxs isə bunun onun şəxsi işi olduğunu deyib.
Məlum olub ki, həmin hesabdan köçürülən pul 722 min manatdır. Həmin pul Çingiz Mehdiyevin Amerikada yaşayan qardaşı Zaur Mehdiyevin adına köçürülüb.
Vəkil qeyd edib ki, bank hesabları vasitəsi ilə köçürülən pulların hamısı təyinatı üzrə köçürülüb. Onun sözlərinə görə, həmin pullar şəxsi hesabda olan pullar olub.
Təqsirləndirilən şəxsin vəkili qeyd edib ki, məhkəmə istintaqına güvənirlər. Onun sözlərinə görə, cinayət işinə xitam verilməsi üçün qanunda olan 4 əsasların hamısı Çingiz Mehdiyevin əməllərində var.
Vəkil həmçinin Gürcüstan bankına sorğu göndərilməsini, sənədlərin əslinin əldə olunmasını istəyib.
Dövlət ittihamçısı Orxan Səmədov bildirib ki, müdafiə tərəfi pulların köçürülməsini vərəsəlik aktı ilə mübahisələndirir. Onun sözlərinə görə, burada rəsmi sənəd yoxdur.
Məhkəmə birinci vəsatəti təmin etməyib. Məbləğlərin dəqiqləşdirilməsinə görə Gürcüstan bankına müraciət edilməsi üçün verilən vəsatətlə bağlı bildirilib ki, bu məsələ müşavirə otağında nəzərə alınacaq.
Daha sonra Çingiz Mehdiyevin vəkilləri mütəxəssis rəyləri ilə bağlı vəsatət verib. Vəkil deyib ki, 621 min manat mallar ölkəyə gətirilib. Onun sözlərinə görə, malların dəyəri gömrükdə düzgün hesablanmayıb. Bildirib ki, mütəxəssis malların dəyərlərindirməsinə ittihamedici qiymət verib. Vəkil mütəxəssisin sənədləri tədqiq etmək üçün məhkəməyə dəvət olunmasını istəyib.
Vəkil qeyd edib ki, prokurorluq mütəxəssinin rəyinə əsaslanıb ittiham irəli sürür: "Onun bu cür araşdırma aparmağa səlahiyyət və bilgisi barədə cinayət işində heç bir məlumat yoxdu. Ümumiyyətlə işdə sadalanan rəqəmlər arasında uyğunsuzluq var. Çingiz Mehdiyevin 395.000 azn mənimsədiyini iddia edilsə də, 1.400.000 isə cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırdığı bildirilir. Bu məntiqsiz və mümkünsüzdür. İstintaq bu istiqamətdə səthi aparılıb və məlumatlar təhrif olunub".
Məhkəmə bu vəsatəti təmin etməyib.
Vəkil bildirib ki, Hesablama Palatasının dövlətdən maliyyələşən qurumlarda audit yoxlama aparan ən mötəbər qurumdur və necə olur ki, ittiham mötəbər sənədə deyil.
Vəkil Hesablama Palatasının həmin dövrü əhatə edən yoxlama aktını təqdim edilməsi barədə vəsatət versə də, məhkəmə qəbul etməyib.
Vəkillər məhkəmənin ittiham yönümünü birtərəfli aparılmasına etiraz ediblər. Onlar fikirlərini belə əsaslandırıblar ki, 1 ilə yaxın müddətdə davam edən prosesdə heç bir vəsatət təmin olunmayıb.
Növbəti proses fevralın 3-də davam edəcək.
Qeyd edək ki, Çingiz Mehdiyev mərhum gənclər və idman naziri Azad Rəhimovun oğlu Arif Rəhimovun icraçı direktoru olduğu Bakı Şəhər Halqası Əməliyyat şirkətinin İdman Əməliyyatları şöbəsinin rəisi işləyib.
İttihama görə o, vəzifə saxtakarlığı edərək, 400 min manata yaxın dövlət vəsaitini mənimsəyib. Mehdiyev həbsdə deyil. Onun haqda ibtidai istintaq dövrü müddəti üçün “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib.