Vətəndaşları aldadaraq onların 1 milyon manat pulunu mənimsəməkdə ittiham olunan 1993-cü il təvəllüdlü Rəşid Bayramov və 1998-ci ildə anadan olmuş Vüqar Əliyevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, Bakı Ağır Cinayətlər Məhkəməsi hər iki gənci Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq) maddəsi üzrə təqsirli bilib.
Məlum olub ki, Rəşid Bayramov və Vüqar Əliyev “Instagram” sosial şəbəkəsində və müxtəlif xəbər portallarında kriptovalyuta alqı-satqısı elanları yerləşdirərək beynəlxalq maliyyə birjalarında ticarət əməliyyatları və kriptovalyuta alqı-satqısı həyata keçirmək yolu ilə külli miqdarda gəlir qazanacaqlarını vəd ediblər. Bu yolla vətəndaşların pullarını mənimsəyərək beynəlxalq birjalarda və kriptovalyuta alqı-satqısında heç bir əməliyyat etmədən zərərçəkənləri aldadıblar.
Müəyyən edilib ki, bu şəxslər sosial şəbəkədə “bayramoff_666” və “shahra_mmc” adlı profillər yaradaraq onlara müraciət edib pul göndərən şəxslərə kriptovalyuta alqı-satqısı və beynəlxalq birjalara yatırım etməklə artan xətt üzrə gəlir əldə edəcəkləri barədə yalan vədlər veriblər. Özlərini etibarlı biznes tərəfdarları kimi göstərmək və bu iş vasitəsi ilə külli miqdarda qazanc əldə etməyin mümkünlüyü barədə görüntü yaratmaq məqsədilə Rəşid Bayramov və Vüqar Əliyev səhifələrdə müxtəlif şirnikləndirici videolar yerləşdiriblər.
Onlar müraciət edən şəxslərin etibarını qazanmaq üçün lüks həyat yaşadıqlarına dair yalançı görüntü yaradıblar. Bu yolla 100-dən artıq şəxsin pulunu ələ keçiriblər, əslində, beynəlxalq birjalarda və kriptovalyuta alqı-satqısında heç bir əməliyyat etməyərək dələduzluq yolu ilə zərərçəkənləri aldadıblar. Onların bu yolla insanlara 1 milyon manata yaxın ziyan vurduqları müəyyən edilib.
Həmçinin məlum olub ki, Rəşidlə Vüqar tanınmış xəbər saytlarında reklam xarakterli yazılar yerləşdiriblər və bu yolla müştəri cəlb ediblər.
Onlar əldə etdikləri bir milyon pulun böyük hissəsini qumarda uduzublar.
Məhkəmənin hökmü ilə Rəşid Bayramov 11, Vüqar Əliyev isə 10 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.