Bakının Nizami rayonunda 12 il əvvəl adam öldürməkdə təqsirli bilinən Rəşad Qaytaranovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsin təkrar komision kompleks stasionar psixiatrik-psixoloji ekspertizaya göndərilməsi barədə qərar qəbul olunub.
Ekspertizanın rəyi gələnə qədər məhkəmə baxışı təxirə salınıb.
Qeyd edək ki, 2013-cü ildə avqustun 8-də saat 00:20 radələrində Naxçıvanski küçəsində naməlum kişi bıçaq xəsarətləri ilə xəstəxanaya aparılıb və saat 01:45 radələrində orada ölüb.
Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinin, Nizami Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsinin və 24-cü Polis Bölməsinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində qətlə yetirilənin Bakı şəhər sakini Ruslan Abbasov olması müəyyən edilib, cinayəti törədən Rəşad Qaytaranov isə tutulub.
İttihama görə, Rəşad Qaytaranov xalası oğlu Sənan Məhərrəmova qarşı Alim Abuşov tərəfindən edilən xuliqanlıq əməlini araşdırmaq niyyəti ilə onunla görüşmək qərarına gəlib.
Bu məqsədlə avqust ayının 8-də axşam saatlarında Naxçıvanski küçəsi 48 saylı ünvanda yerləşən “Şəki” kafesinə yollanıb. Rəşad Qaytaranov Alim Abuşovla mübahisə edərkən, həmin vaxt sonuncunun həmkəndlisi Ruslan Abbasov söhbətə müdaxilə edib. O, əlindəki pivə bakalı və çəngəllə Rəşada zərbə endirib. Ruslanın hərəkətlərindən əsəbləşən Rəşad Qaytaranov cibindən çıxardığı bıçaqla onu vurub. Yaralı xəstəxanaya çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.
Həmin dövrdə məhkəmə istintaqı zamanı Rəşad Qaytaranov ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, ifadəsində hadisəni törədərkən özündə olmadığını deyib.
Təqsirləndirilən şəxsin sözlərinə görə, körpə yaşlarında xəstəxanada sarılıq xəstəliyindən müalicə olunarkən palataya mərmi düşüb. Həmin hadisə zamanı bir neçə nəfər ölüb. O, özü isə dörd-beş saata yaxın meyitlərin arasında qalıb. Hadisə zamanı xəsarət alan Rəşad Qaytaranovun sağ olduğunu görərək meyitlərin arasından çıxarıblar. Keçirdiyi ruhi sarsıntı, gördüyü hadisələr onun əsəb sisteminə öz təsirini göstərib. O vaxtdan etibarən mütəmadi olaraq müalicə olunan Rəşad Qaytaranov bu üzdən hərbi xidmətə də yararsız sayılıb.
Qeyd edək ki, 2014-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə Rəşad Qaytaranovun barəsində ittiham hökmü çıxarılmayıb. Onun cinayəti törədərkən anlaqsız olmaslı nəticəsinə gəlinib və buna görə də Rəşad Qaytaranovun 1 saylı Ruhi-Əsəb Dispanserində müalicə alması barədə qərar qəbul edilib.