Bakı Ağır Cinayətlər Məhkəməsində bıçaqlanma hadisəsi törətməkdə təqsirli bilinən Cəlilabad rayon sakini Lətafət Qardaşxanovanın məhkəməsi başa çatıb.
Teleqraf.com xəbər verir ki, 2014-cü ilin sentyabrın 12-də Xətai rayonu ərazisində kirayədə yaşayan Masallı rayon sakini Seymur Rahibli kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib.
Yaralı qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə 1 Saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Həkimlər onun həyatını xilas edə biliblər. Yaralı Seymur Rahibli izahatı zamanı polisə maraqlı ifadə verib. O, bıçaqlanmadığını, sadəcə limon doğrayan zaman özü-özünə xəsarət yetirdiyini bildirib. Amma polislər limon doğrayan insanın qarın nahiyəsinə ehtiyatsızlıqdan xəsarət yetirməsi versiyasını inandırıcı saymayıb.
Xətai Rayon Polis İdarəsinin 36-cı polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni münaqişə zəminində törətmiş Cəlilabad rayon sakini Lətafət Qardaşxanova tutulub.
Hakim Əlisoltan Osmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Lətafət Qardaşxanov 5 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib.
Hacı Zeynalov