5 İyul 2016 13:43
2 119
12 Punto 14 Punto 16 Punto 18 Punto

Premyera ərəfəsində, lap premyeradan sonra da bir çox saytlarda, xəbər guşələrində “Azdrama”ya “Müfəttiş” gəlib” deyə şəhərə söz-söhbət yaydılar, əvvəlki anonsların eşqinə mən də ötən şənbə sənət məbədinin nəhəng qapısından içəri girdim. Çox maraqlıydı, bu sual çox maraqlıydı: Əcəba, gələn “Müfəttiş” hara təşrif buyurub – teatr səhnəsinə, Bakıya, məmləkətə?.. Hara?

Deyəsən, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına təzə direktor təyin olunmuş Azər Paşa Nemət teatrın ilk növbədə ictimai çəkisini qaldırmağa yönəlik cəhdlərdə bulunur; “Ölülər” və “Müfəttiş”in, Şeyx Nəsrullahın və Xlestakovun səhnəyə qayıdışı bunu deməyə, yaxud belə düşünməyə əsas verir. Ancaq bu o qədər də asan deyil; 50-60 kvadrat metrlik (təxmini ehtimalla) səhnə bəzən bütün cəmiyyətin simvoluna, kiçik maketinə çevrilə bilir. Bu, riskdi.

Hər halda, uzun intriqalardan və intervaldan sonra baş teatrda indi nə baş verdiyinə əyani şahid olmaq üçün getməyə dəyərdi. Qarşımıza Nurəddin Mehdixanlı çıxmadı; görəsən, bu, nəyin əlamətiydi?

Böyük Qoqolun hətta oxunanda da su kimi axan “Müfəttiş” pyesinin səhnə təcəssümü barədə, onun sənət parametrləri haqda professionallar daha dürüst fikir bildirə bilərlər, ancaq Azərbaycan teatrının nəbzini tutmaq üçün – o, indi “Azdrama”da təzədən dirilməyə çalışır – bir tamaşa da az deyil. Mən də elə sözümü ona gətirəcəkdim; aktyor münasibətlərinin hətta kriminal xəbərlər sırasına düşdüyü baş teatrda bir səhnə əsəri ərsəyə gətirilib, özü də Nurəddin Mehdixanlı olmadan.

Məncə, teatrın bu aktyor komandasıyla şedevr gözləməyə dəyməz, ona görə də tamaşada rejissorun “izləri” aktyor oyunundan daha qabarıq nəzərə çarpırdı. İmprovizələr, əlavələr, fərqli mesajlar... Bütün şəhər elitasını barmağına dolayan, qırç-mırc eləyən – bələdiyyə rəisi Skvoznik-Dmuxanovskinin halal-hümbət arvadı Anna Andreyevna və qızı Mariya Antonovnanın məmnunluğu da daxil – Xlestakovun hoqqaları rejissorun əlinə bol material verib. Tamaşa maraqlı olmasa, səhnədə teatr çıxarmasalar, tamaşaçı evdə oturub Qoqolun “Müfəttiş”ini oxuyar, daha “Müfəttiş”ə baxmaq istəməz.

Doğrudan da adamın canına vicvicə düşür; doğrudanmı şəhərə “Müfəttiş” (müfəttiş) gəlib?

Tamaşanın quruluşçu rejissoru Mikayıl Mikayılov, məncə, izləyicinin qapıdan məhz belə bir sualla içəri girəcəyini düşünüb.

Bu qeydlərəcən xeyli hövsələli olmuşam, indi deyə bilərəm: həzərat, mənim ən çox xoşuma bələdiyyə rəisi Ramiz Novruzun oyunu gəldi, o, tamaşanın bütün ağırlığını öz üzərinə götürmüşdü və bunu bacardı. Çünki “Müfəttiş” bir əsər olaraq Xlestakov haqda deyil, öz dəhşətli karyerası naminə hər mənada hər şeyini qurban verməli olmuş şəhər rəhbəri Anton Antonoviç Skvoznik Dmuxanovski haqqındadı!

Ramiz Novruzun ifasında bələdiyyə rəisinin müəyyən epizodlarda tanış məmurlarımızdan birinə oxşaması təsadüfi və ya özfəaliyyət deyildi, ümumən tamaşanın ruhuna və rejissor yozumuna uyğunudu. Ayrı-ayrı məqamlarda süjetin “relsdən çıxıb” günümüzə, dövrümüzə, məmləkətimizə gəlib çıxdığı da nəzər-diqqətdən yayınmadı. Sonda, finalda vaqe olmuş əhvalatın bir yuxu və ya ötüb keçmiş müdhiş bir təhlükə olmadığı aşkarlananda, əsl müfəttişin indi gəldiyi xəbəri veriləndə Ramiz Novruzun ağır-ağır addımlarla səhnədən çıxışı sınıq-salxaq, darmadağın insan və məmur obrazını böyük ustalıqla ifadə etdi. Üzü o yana gedən aktyor hətta arxasıyla, kürəyiylə də dəhşətli keçmişi və gələcəyi göstərirdi.

Bəlkə premyeradı, sonrakı oyunlarda düzələcək, ancaq nədənsə Elşən Cəbrayılovun Xlestakovu mənə gözlədiyim qədər maraqlı görünmədi, əvvəldə şübhəli cinsin jestləri sonradan estrada çevikliyilə əvəzlənsə də, o, müfəttişə oxşamadı ki oxşamadı. Bilirəm, o, müfəttiş deyil, ancaq o, hər halda teatr personajıdı. Necə deyərlər, böyük OYUNUN içindədi.

***

...Bütün tamaşa boyu o məqamı gözləyirdim. Bobçinskinin Xlestakovdan xahiş elədiyi səhnəni. Məncə, o sözləri daha möhtəşəm demək olardı, axı, teatr hər halda həm də sözdü. Səhnədə həm də söz dövr eləyir...

“Mən sizdən acizanə rica edirəm ki, Peterburqa gedən kimi bütün ordakı əyanlara, cürbəcür senatorlara, admirallara deyin ki, cənab və əlahəzrət, filan şəhərdə Pyotr İvanoviç Bobçinski adında bir adam yaşayır, elə bu cür də deyin: Pyotr İvanoviç Bobçinski yaşayır”.

İnsan bəzən öz kiçik və absurd arzularından ötrü nələri qurban verir!


Müəllif: Qurban Yaquboğlu