18 Sentyabr 2017 10:02
2 234
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Üzeyir ömrü” sənədli filmində böyük bəstəkarın bioqrafiyasından canlandırılmış bir epizod var:

1897-ci ildə Əbdürrəhim bəy Haqverdiyevin təşəbbüsüylə Şuşada Xandəmirov teatrında “Məcnun Leylinin məzarı üstündə” adlı kiçik bir səhnə oynanılır. Məcnun rolunun ifası Cabbar Qaryağdıoğluna tapşırılır. Ola bilsin, tragik ağırlığı yumşaltmaqçun, ya bəlkə başqa səbəbdən düşünürlər ki, axırda uşaqların kiçik bir xoruna da yer verilsin.

Bəli, filmdə 4 uşaq “Sarı bülbül” mahnısını oxuyur; daha doğrusu, oxumalıdı, amma onlardan biri - balaca Üzeyir məsum baxışlarla baxır, susur, xora qoşulmur...

1981-ci ildə Anarın ssenarisi və rejissorluğuyla çəkilmiş filmə bu yaxınlarda yenidən baxanda həmin epizod mənə möhkəm təsir elədi. “Bax, - düşündüm, - həyatın bu anı sonrakı bütöv ömrü müəyyənləşdirən, bəlirləyən rəmzi məqamdı... Ürəyədammadı. Yaxşı səsi olan balaca Üzeyir onda oxusaydı, bəlkə də ifaçı olacaqdı. İmtina elədi, öz yolunu tapdı. Oxumadı, yazdı”.

Doğrudan da, növbəti kadrda böyük bəstəkarın həmin “həyat konserti”ylə bağlı çox-çox sonrakı illərdə qələmə aldığı xatirəsi səsləndirilir: “13 yaşım olanda Şuşada qəribə bir tamaşa gördüm. Tamaşanın adı beləydi: Məcnun Leylinin məzarı üstündə. O səhnə məni elə həyəcanlandırdı ki, 8 il sonra Bakıya gəlib qərara aldım ki, gərək opera yazım...”

Böyük insanların, böyük sənətkarların qəribə, sirli, bəzən anlaşılması çətin, ona görə də fikri min səmtə aparan həyat hekayəsi olur. Kimin sözüdü, deyir, qəribə hadisələr böyük adamların başına gəlir.

***

Üzeyir bəyin müxtəlif musiqi janrlarında bəstələdiyi, ədəbi-bədii, publisistik mövzularda yazdığı əsərləriylə yanaşı, məhv elədiyi operaları da olub.

1908-ci ildə Şərqin ilk operası olan “Leyli və Məcnun”ın coşqun debütündən az sonra Üzeyir bəy “Şeyx Sənan” operasını bəstələməyə başlayacaq, ancaq əsər cəmi bir dəfə, 1909-cu ilin noyabrında səhnə həyatı yaşayacaq.

Bir sufi hekayəti olan “Şeyx Sənan” 12-ci əsrdə Nişaburda doğulmuş, deyilənə görə, 100 ildən artıq ömür sürmüş Fəridəddin Əttarın “Məntiqüt-teyr” (“Quş dili”) məsnəvisindəndi. Müsəlman şeyxi olan Sənanın xaçpərəst qızı Xumara vurulmasından, sevdiyinə qovuşqmaqdan ötrü şeyxlik məqamını tərk edib donuz çobanı olmağa qədər eşq yolunun bütün çilələrinə razılaşmasından danışır.

Hərçənd Əttarda hadisələr Ərəbistan və Rum eli məsafəsində gəşt eləyir. Şeyx Sənan yuxuda gördüyü qızın dalınca Kəbədən Ruma gələsi olur. Həm Üzeyir Hacıbəylinin operasında, həm də Hüseyn Cavidin eyni adlı dram əsərində isə Xumar bir gürcü qızıdı...

Cavid “Şeyx Sənan”ı 1917-ci ildə Tiflisdə və Naxçıvanda olarkən yazıb. “Şeyx Sənan” üzərində işlədiyi dövrdə Üzeyir bəyin də başında bir Tiflis eşqi, Tiflis havası vardı... Çoxdan sevdiyi və ailə qurmağa hazırlaşdığı Məleykə Terequlova hələ Tiflisdəydi, gənc Üzeyir tez-tez Tiflisə gedər, Şeyx Sənan dağına da elə səfərlər zamanı çıxardı...

***

Tədqiqatçıların bildirdiyinə görə, “Leyli və Məcnun”dan sonra Üzeyir Hacıbəyliyə növbəti opera yazmaq təklifi “Nicat” xeyriyyə cəmiyyətindən gəlmişdi. Bəstəkar xalq dastanı kimi “Şeyx Sənan”ı seçmişdi və nədənsə qısa vaxt təyin olunmuşdu.

Əsərin librettosu qəribə bir uğursuzluqla başa gəlir. Üzeyir bəy librettonu nəzmə çəkməyi dərbəndli şair Mirzə Səməndərə sifariş verir, şair mənzum librettonu bəstəkara təqdim eləyir, ancaq tamaşanın səhnəyə qoyulmasına az qalmış kiminsə təhrikiylə (belə deyirlər...) onu geri alır. Librettonu Üzeyir bəy özü hazırlamalı olur.

Tədqiqatçı Sərdar Fərəcov yazır: “1909-cu ilin 30 noyabrında tamaşaya qoyulan "Şeyx Sənan" operası sonralar bir daha oynanılmadı. Halbuki o dövrün bir sıra qəzetləri - "Həqiqət", "Səda", "Reklam" bu operanın musiqisini "çox gözəl, mükəmməl musiqi ilə tərtib olunmuş", "ecazkar musiqi" və sair bu kimi təşbehlərlə qiymətləndirsələr də - ümumən əsər dinləyicilər tərəfindən qəbul edilməmiş və müəllif əsəri məhv etmişdi. Əsərin uğursuz taleyinin səbəbini librettonun zəif yazılmasında görənlər də var. Bəzi məxəzlərdə Üzeyir Hacıbəylinin "Şeyx Sənan" operasını yenidən işləyib-təkmilləşdirmək arzusunda olduğu bildirilir. Lakin bu hadisə də baş vermədi - halbuki operanın yazıldığı ildən sonra bəstəkar hələ 40 il ömür sürəcəkdi”.

Özünün də etiraf elədiyi kimi, Üzeyir bəyin “Leyli və Məcnun”dan sonra irəliyə daha bir addım atmaq istəyi beləcə baş tutmadı.

Operanın uğursuzluğunda onun musiqisinin Avropa tәrzindә olması, "yәһudi xoru"nun xoşagәlmәyәn oxumaları kimi sәbәblәr dә göstәrilir.

Hərçənd o dövrün mətbuatı müəllifin opera üzərində təkmilləşmə işi apardığı haqda məlumatlar da dərc edib. Ancaq Üzeyir Hacıbəylinin uzun illər köməkçisi olmuş baldızı oğlu Ramazan Xəlilovun dediyinə görə, “Şeyx Sənan”dan ayrı-ayrı hissələr bəstəkarın sonrakı əsərlərinə daxil edilir və beləliklə, bu operanın musiqisi başqa əsərlərdə yaşamağa məhkum olur...

***

...Bəs Tiflisdə məskunlaşmış gənc tatar qızı Məleykə?

O vaxt “Şeyx Sənan”ın uğursuzluğuna baxmayaraq, Üzeyir bəyi Məleykə xanımla Bakıda təxminən 40 illik ailə həyat gözləyirdi. 1909-cu il dekabrın 20-də Üzeyir bəylə Məleykə xanımın evliliyi başlayır. Üzeyir bəy 1948-ci il noyabrın 23-də vəfat edən günə qədər.

Onların övladı olmur. Deyilənlərə inansaq, Məleykə xanımın başqa qadınla ailə qurub övlad sahibi olmaq təklifini də böyük bəstəkar imtinayla qarşılayır. Heç övlad da götürmürlər.

Nə edəsən, olmayanda olmur!

***

Üzeyir Hacıbəylinin “silib atdığı” başqa bir operası “Harun və Leyla” adlanır. Bəstəkar onu 1915-ci ildə, premyera günü ərəfəsində məhv eləyir. Niyə, bilinmir...

Tədqiqatçılar Üzeyir bəyin yazmaq istədiyi 4 operadan da söhbət açırlar. “Dədə Qorqud”un motivləri əsasında “Qaraca çoban” operası mövzuya olan hücumlar nəticəsində məlum ifadəylə desək, beşikdəcə boğulub. Nizaminin “İsgəndərnamə”sinin librettosu Əliağa Vahidə tapşırılır, amma bu iş yarımçıq qalır.

Firdövsünün “Şahnamə"si əsasında "Dəmirçi Gavə" operası da alınmır.

“Firuzə” operasını tamamlamağa isə ömrü yetmir...


Müəllif: Qurban Yaquboğlu