25 Aprel 2014 11:30
2 549
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bayağı" sözü ilə bağlı soru

Bu sözdən yaman xoşum gəlir. Birincisi, yetərincə əskilərin sözüdür, hətta "Kitab-i Dədə Qorqud"da da var. İkincisi, sirli sözdür, hansısa etimoloqun onun soykökünü açmasını eşitməmişəm.

Onu anlamaq üçün başqa dillərin sözlüyünə baxdım. Rusca "poşlıy" əskiliklə bağlıdır, keçmişə baxış dəyişəndə sözün anlamı da dəyişib. Öncələr Keçmişin (uyğun olaraq, əcdadların) kultu vardı. Arxaik dünyada evlərdə kəllə sümüyünün saxladılması əcdada sayğının göstəricisi idi. Sonralar keçmişə köhnəlik, primitivlik kimi baxılanda "poşlıy" sözü keyfiyyətsizliyi (köhnəlikdən xarablaşmanı) bildirdi.
İngilislərdə "bayağı" yığnaq, kütlə anlamını verən "vulqar" sözü ilə bağlıdır, ona görə də bayağılaşdırmağa vulqarlaşdırmaq deyirlər, "banallaşdırmaq", "triviallaşdırmaq" da deyirlər. Hər ikisi çeynənmiş düşüncələrə, yıpranmış mətnlərə aiddir.

"Bayağı"nın etimolojisini bilmirəm, ancaq bəzi sözlərimiz var ki, onun anlamını sezməyə kömək edir. Nəyisə bayağılaşdırmaq onu ət tökən, dingiş etməkdir.

İndi yazımın adından görünən düşüncə aydın oldu: başqa dillərdən söz götürəndə çalışmaq gərəkdir ki, bayağılığa, yəni ət tökənliyə, dingişliyə yol verməyəsən.

Bayağılığa öyrəşilməsinin sonucları

Sovet dönəmində yazarlarımız ruscadan götürülmüş sözlərin bayağılığı ilə personajı bayağı edirdilər. Belə personaj "zameçat etmək", "udovletvarit etmək" deyirdi, hamı "hır-hır" gülürdü. Hətta bu "komik effekt" indi də qalıb. İlgincdir ki, Rusiya kanallarının bəzilərində, özəlliklə, TNT-dəki Komedi Klubda ruscaya ingiliscəni qatıb bayağılaşdırmaq effekti almaq indi də var.

Sovet dönəmində Moskvada rus gənclərinin "o key" deməsi mənim ətimi tökürdü. İndi dünya dəyişib və Qloballaşma bizi "o key"ə elə alışdırıb ki, artıq, SMS-də, Face-bookda onu yazanda düşüklük olmur. Güman ki, haçansa ruslardan götrülmüş "oy da" əski kişilərdə "o key" kimi ət tökürdü, ancaq indi öyrəşmişik, day ətimiz tökülmür.

Beləliklə, məndə hazır yanaşma yoxdur ki, hansı sözün götürülməsi bayağıdır, hansı yox və hansı öyrəşiləndən sonra bayağılığını itirəcək. Ancaq yenə də söz alınma prosesinə "bayağılıq qorxusu" prizmasından yanaşmağı linqvistik və kulturoloji düşüncəni bollandıran terminlər sayıb ortaya atıram.

"Çin" sözünün dilimizə gətirilməsinə bir tənqid

İlk dəfə rusların mənsəb, rütbə anlamında işlətdikləri "çin" sözünü, öz dilimizdə, məncə, "Yeni Müsavat"ın yazılarında oxumuşam, məsələn, "yüksək çinli filankəs" şəklində. "Rütbə" ərəb sözüdür, "çin" isə... slavyan, daha doğrusu, Hind-Avropa sözüdür (Avestanın dilində də var). İkisi də yabançı kəlmədir, ancaq "çin" "rütbəyə" ona görə uduzur ki, dilimizdə ölkənin (Çin), ulusun (çinilər) adına omonimdir. Həm də "yuxum çin çıxdı" kimi deyimlərimizdə işlənir. Ona görə də "çin" sözü ölkə adında, düz çıxmaq deyimində işləndiyi halda onun omoniminin "rütbə" anlamında işlədilməsinə, bilmirəm nə deyim, israfçılıqmı deyim, ya nə deyim?! Axı, rusların rütbə anlamında işlətdikləri "çin" sözünün heç "qlamur", "drayv" kimi estetikası da yoxdur ki, dilə gətirəsən. Ona görə də "yüksək çinli" sözünə oxuda rast gələndə bayağılıq duyğusundan qurtula bilmirəm. Ətim tökülür.

"Krutoy" sözü haqqında

Günümüzdə rus gəncliyinin dilində "super" sözü kimi "krutoy" sözü də hər nəsnəyə az qala hər cür reaksiya verən kəlməyə çevrilib. Məncə, elə bizim gənclik də bu sözü sevir və işlədir. İlginci odur ki, adətən, bu gənclik ruscanın araçılığı ilə "drayv", "qlamur" kimi Avropa sözlərini götürür. "Krutoy" isə rus sözüdür.

Gənclərə bir ara dil yardımçısı olmaq istəyib axtarış apardım ki, "krutoy"u nə ilə əvəz etmək olar? Heç nə tapa bilmədim. İngiliscəyə baxdım ki, bəlkə, o kömək edə. Ancaq mat qalasıdır, ingiliscə "krutoy"un semantik effektini "cool" yəni "soyuqqanlı" verir. Nədən? Bilmirəm. Onu bilirəm ki, yaponlarda da, avropalılarda da üzündən duyğu, həyəcan bilinməyən kişilər KİŞİ sayılırlar.

İndi isə yazarlara və gənclərə öz məsləhətimi verim. Rusun "krutoy" sözünü bizim dilə "əjdaha" sözü ilə çevirmək olar: "əjdaha oğlan", "əjdaha sürmək" və s. "Krutoy"un bayağılığından, bax, belənçi qaçmaq olar. Qaçmaq istəməyənlərinsə bu, öz işidir.


Müəllif: Niyazi Mehdi