Bir neçə gün öncə Azərbaycan əsilli amerikalı professor Lütfi Zadənin Fəxri Xiyabandakı məzarüstü abidəsinin şəkilləri dərc olundu.
Abidənin forması sosial şəbəkə istifadəçiləri tərəfindən birmənalı qarşılanmadı, hətta etik olmayan şərhlər və görüntülər də ortaya çıxdı.
Amma abidənin alimin daxili çırpıntıları, elmi kəşflərin verdiyi həyəcanları əks etdirdiyini deyənlər də çox oldu.
Abidənin izahını isə müəllifi Ömər Eldarov bu şəkildə verdi: “Kompozisiyadakı qapının üzərində qeyd olunan düstur alimin elm aləmindəki ən böyük qazancıdır. Burada Lütfi Zadə qapıları sanki öz əlləri ilə açır və elmə öz töhfələrini verir. Lütfi Zadə dünya şöhrətli alim-riyaziyyatçıdır. Onun müəllifi olduğu nəzəriyyələr olduqca ciddi məsələləri həll edib. Bu nəzəriyyələr elm aləmində böyük bir açılışdır. Mən də məhz elm aləminə olan açılışı müəyyən qədər rəmzi formada göstərməyə çalışmışam. Abidədə qapı təsvir edilib, bir tayı tam, digəri isə yarımçıq şəkildə açılmış formada. Qapının üzərində qeyd olunan düstur isə alimin elm aləmindəki ən böyük qazancıdır. Lütfi Zadə qapıları öz əlləri ilə açır və elmə öz töhfələrini verir. Hesab edirəm, Lütfi Zadənin elmə gətirdiyi yenilikləri elə müəyyən qədər romantik yanaşaraq aydın çatdırmaq olardı”.
Ö.Eldarovun müəllif kimi izahı kompozisiyanın mənasını tam şəkildə ehtiva edir. Əslində, bu abidə Eldarovun da ömrünün qürub çağında ortaya qoyduğu ən möhtəşəm əsərlərdən biridir.
Elə isə bu qədər müzakirələr niyə ortaya çıxdı?
***
Dünən abidəni görmək üçün Fəxri Xiyabana getdim. Xiyabanın qulluqçusundan abidənin yerini soruşdum, “Səməd Vurğundan sola dön” cavabını verdi. Abidəni canlı şəkildə gördükdə sosial şəbəkədə yayılan fotoların aldadıcı olduğunu başa düşdüm. Yəni abidə iddia edildiyi kimi bir müğənninin, idmançının abidəsinə oxşamır. Həqiqətən, bir elmi kəşfdən sonra vəcdə gələn bir alimin, yeni bir elm qapısını aralayan müdrikin abidəsidir.
Elə isə abadlaşan Lütfi Zadəyə yad münasibət nə ilə bağlıdır?
Bunun cavabını elə həmin Fəxri Xiyabanda qəbirüstü abidəsi olan başqa bir dəyərli alim Azad Mirzəcanzadənin məzarını gördükdə başa düşdüm. Azad müəllimin məzarı bizim təsəvvürümüzdəki klassik alim obrazını canlandırır. Bir masa arxasında əyləşmiş, qarşısında kağızlar və üzü məchul bir nöqtəyə zillənmiş halda. Fəxri Xiyabandakı alimlərə aid bütün abidələr demək olar bu şəkildədir. Bu da sovetlərdən qalma bir ənənədir.
Ona görə də böyük əksəriyyət Lütfi Zadəyə aid abidənin də bu şəkildə olacağını təsəvvür edirdi. Lütfi Zadənin bir masa arxasında və ya ayaq üstə bir nöqtəyə baxan formada heykəli düşünülürdü. Amma Ömər Eldarov, həqiqətən, bir alimin zahiri deyil, daxili dünyasını əks etdirən möhtəşəm bir sənət əsəri ortaya qoydu. Bunu anlamaq üçün Fəxri Xiyabanda yarım saat dolaşıb digər abidələrlə müqayisə etmək yetərlidir.