Aynur Camalqızı
Bakıda qəribə şəkildə gedən mənəvi işğal prosesindən sanki xəbərsizik. Artıq illərdir ki, restoranlarda erməni əsilli bakılı müğənni Bokanın adı ilə bağlı olan və yaxud onun məşhurlaşdırdığı, Azərbaycan milli avazına heç bir aidiyyəti olmayan ləhcə-intonasiya ilə havalar ifa edilməkdədir. Dünənə qədər çox azsaylı, məhdud dairədə olan bu mahnılar indi Bakı gecəsinin havasına çevrilib: hər yerdə, hər kəsin dilində “Madam popuqay”, “Dolya vorovskaya” və adını bilmədiyimiz daha hansı havalar... Nə baş verir?
Peşəkar yanaşması yoxdur, ziyalılar isə...
Bir neçə gündür ardarda müşahidə etdiyim bu haldan təəccüblənməməyim mümkün deyildi. Nə baş verdiyini aydınlaşdırmaq istədim və qısaca internet araşdırması da etdim: mənzərə nədir?
Vaxtaşırı olaraq medianın gündəminə gəlir bu mövzu, bir neçə gün hallanır və qəribə reaksiyalarla sanki qarşısına sədd çəkilir. Çünki prosesin özünün gedişini izləməyən və yaxud izləmək istəməyən ziyalı-musiqiçilərin problemə fundamental yanaşması yoxdur.
Əlbəttə ki, bu məqamda millət vəkili, tanınmış yazar Aqil Abbasın münasibəti diqqətimi ən çox cəlb edənlər sırasında idi. O, Bokanın əslində heç nə yaratmadığını, bu havaların bakılıların “qədeş mahnıları” olduğunu bildirib və bizim bu mahnılardan erməniyə görə imtina etməyimizi düzgün saymayıb.
Küll halda götürdükdə, mənzərə bundan ibarətdir: sanki mədəniyyətlərin toqquşduğu, üz-üzə gəldiyi deyil, “qaynayıb-qarışdığı” bir məqamla üzləşmişik - “bakılıların” yaratdığı və bakılı erməninin məşhurlaşdığı şanson musiqisi. Bizim haqqımız varmış o mahnılara. Bəs, ermənilərin necə? Onların haqqı yoxdurmu?
İstisnasız olaraq deyirəm və bu fikri izah etməyə də çalışacağam: ermənilərin bu mahnılara iddia etməyə tam haqqı var. Demək, belə çıxır ki, ortaq bir mədəniyyətimiz varmış ermənilərlə?
Ortaq mədəniyyətlər necə yaranır
Bu coğrafiyada azərbaycanlıların – türklərin ortaq mədəniyyət yaratdığı xalqlar var və bunların başında farslar gəlir. Fars və Azərbaycan türkünün yaratdığı ortaq mədəni dəyərlərin əsasında isə təkcə minillik qonşuluq, iç-içə, bir ölkə daxilində yaşamaq dayanmır və ümumiyyətlə, bir yerdə yaşamağın ortaq mədəniyyət yaratmağa qəti dəxli yoxdur.
Ortaq mədəniyyət – xalqların dini-mifoloji və ideoloji bağları zamanı ortaya çıxır, məsələn, muğam kimi. İslamdan çox-çox öncə bu ərazini əhatələyən maq dünyagörüşünə bağlı mistik bir sənətin daşıyıcıları olaraq, türklər və farslar muğama paralel şəkildə iddia edirlər.
Xalqların özünüifadəsində dini-ideoloji bazası olmayan heç bir böyük mədəniyyət olmadığı kimi, ayrı-ayrı dini dünyagörüş daşıyıcısı olan xalqların da bir yerdə ortaq mədəniyyət yaratması mümkünsüzdür – hələ onu demirəm ki, ermənilər bu ərazilərə “dünən” – 200 il öncə gəliblər. Bizim paralel və ortaq hansı mədəni aktımız ola bilər ki?
Erməni Boka və 70-ci illərin “hiti”
Boka (Boris Arkadyeviç Davidyan) 1949-cu ildə Bakıda doğulub, 70-ci illərdən bakılıların sevimlisinə çevrilib, böyük şöhrəti olub.
“Böyük şöhrəti olub”, doğrudur, ancaq 70-ci illərin düşünən başları, xüsusilə 1978-ci ildə “Azərbaycanda dövlət dili Azərbaycan dilidir” maddəsini Azərbaycan SSR-in Konstitusiyasına - Mərkəzə göndərilən necə donoslar, şərləmələr qarşısında duraraq! – daxil edən qürur yerimiz Heydər Əliyev bu məşhurun efirlərdə görünməsinə və hər hansı ad almasına heç bir şərait yaratmayıb.
Niyəsi haqda bu qədərmi dərin düşünmək lazımdır? Yoxsa təsəvvür etdiniz?..
Boka Bakını sevir, bakılı dostları var və bunu hər zaman deyir.
Onun haqda xırdaca bir araşdırma zamanı dildən-dilə yayılan, heç bir dəqiq informasiya ilə təsdiqlənmyən bu məlumatlar üzə çıxır: Bakılı dostlarının xətrinə dəyməmək üçün heç vaxt Ermənistana getməyib, Xocalı faciəsinin ildönümündə konsert verməkdən imtina edib və ermənilərin təzyiqi ilə üzləşib və s.
Maraqlıdır ki, bu deyimlər sonradan ayrı-ayrı müəlliflərin imzasında mətbuat səhifələrinə də “fakt olaraq” işıq üzü görüb.
Əvvəla, Boka 1988-ci ildə deyil, 1987-ci ildə Bakıdan gedib və Moskvada yaşamağa başlayıb. Maraqlı tarixdir, elədirmi?
İkincisi, Boka 1996-cı ildə Ermənistanda yaşayıb, ailəsi ilə birgə. Dostluqdan, qardaşlıqdan danışan Boka bir dəfə də olsun, Qarabağla bağlı münasibət bildirməyib, Bakını, bakılıları sevdiyini deyib, vəssalam.
Boka – sanki düşünülmüş surətdə yaradılmış obrazdır: bakılı, “internasional” obraz. Bu obraz 1988-ci ildən bəri baş verənlərlə bağlı “siyasi mövqe” bildirmir, çünki belədə onun mahnılarının Bakı işğalının qarşısını almaq üçün kəsərli arqument əldə etmiş olarıq.
Bakının mənəvi işğal planı
Bakı – Azərbaycanın təkcə siyasi paytaxtı deyil, həm də uzun müddətdir ki, mənəvi paytaxtı, mədəniyyət ocağı, simvolu rolunu oynayır. Bu, həm də Bakı nefti ilə bağlı olan yüzillərə dayanan prosesdir.
Bakı hər zaman yağıların diqqətini çəkib və illərdir bu üçbucaq – Bakı-Gəncə-Naxçıvan hədəf olaraq seçilib, hansısa böyük güclərin qurduğu tələ ilə ermənilər xüsusən bu üçbucağın üstündəki ulduzu (Bakı) mənimsəməyə cəhd göstərib.
Ermənilərin azərbaycanlılara qarşı soyqırımları da Bakıdan başlayıb: məhz ürəyimizi nişan alıblar. 1918-ci il Bakı Komissarlığı, Bakının şəhər-dövlətə çevrilməsi üçün azərbaycanlıların kütləvi qətliamının səbəbi də budur.
Güc yolu ilə bacarmadılar – 15 sentyabr 1918-ci ildə Bakı xilas edildi. 1920-ci ildəki işğaldan sonra isə Bakının ələ keçirilməsi üçün böyük və daha gizli plan işləndi.
İlk 20 il – milli ziyalılar aradan götürüldü, sonrakı 20 il müharibə və ondan sonrakı təşkilatlanma idisə, 60-cı illərdən Bakının mənəvi işğalında pik dönəm başladı. O vəziyyətə gəldi ki, ölkəmizin paytaxtında azərbaycanca danışmaq “çuşkalıq” sayılırdı, xüsusi zümrə yetişdirilmişdi – “bakılılar”.
Bu “bakılıların” Bakıya və Bakının 32 kəndinə zərrəcə aidiyyəti yoxdur. Çünki Bakıda “şanson” meydan sulayanda Bakı kəndləri Azərbaycanda muğamı yaşadan az qala nadir məkana çevrilmişdi.
Mənəvi işğalın xüsusi "milləti"
Böyük hazırlıq görülmüşdü “bakılılar millətinin” yaradılması üçün: onların dili vardı, məktəbləri vardı, bəs, mədəniyyəti? Axı, bu “millətin” öz mədəniyyəti də olmalıydı?
Bax, Bokalar da o zaman ortaya atıldı.
Bakılıların “qədeş” mahnılarınımı oxuyurdular və ona görəmi sevilirdilər? Elədirsə, hara getdi bu bakılı mahnılarındakı “bakılı dili”?
Bu mahnıların dili, ifası, üslubunun əsl bakılılara və azərbaycanlılara heç bir dəxli yoxdur: bu, düşünülmüş surətdə yaradılan və qapalı olaraq paytaxtımıza yerləşdirilən “bakılı” adlı “internasional”, hibrid və amorf bir “millətin” mədəniyyəti idi. Və təsadüfü deyil ki, bunun daşıyıcıları da biz deyildik.
Nəyin mübahisəsini aparırıq?
Bakılı Bokanın ermənilərə dəxli yoxdur; onun oxuduqları “bakılılarındır”; ondan ermənilər yapışıbsa, biz niyə imtina etməliyik və s... fikirlərə heyrət etməyə bilmirsən.
Nəyin müzakirəsini, mübahisəsini aparırıq? Heç bir göstəricisi ilə - dili, üslubu, avazı – bizə aid olmayan “bokaizmi” hər hansı formada niyə müdafiə etməyə qalxırsınız?
Ermənilər “Sarı gəlin”dən “Uzundərə”yə, Üzeyir Hacıbəyovdan Ələkbər Tağızadəyə qədər böyük bir mədəniyyətimizi çapıb-talayıb, mənimsəməklə məşğuldurlar, biz isə Bokanın “bakılıların mədəniyyətinin” daşıyıcısı kimi mahnılarına iddia edib, onu oxuyuruq?
Zəruri xatırlatmaya ehtiyac var: 70-ci illərdə rok və yaxud rep/pop (musiqiçilər və peşəkarlardan anlayış xahiş edirəm: mənim üçün bunların mahiyyətcə heç bir fərqi yoxdur) musiqisinin Avropanı işğal etdiyini görüb, maraqlı bir təcrübə aparmışdılar. Bir yumurtanı rep oxunan otağa, digərini isə milli musiqinin önünə qoymuşdular. 24 saatdan sonra nəticə elə alimlərin gözlədiyi kimi də olmuşdu – rep/rokun önündəki yumurtada hüceyrələrin hamısı ölmüşdü, milli musiqinin önündəki yumurtada isə inkişaf vardı.
Alimlər iddia etdilər ki, musiqi insanın şəxsiyyəti kimi, beyin hüceyrələrinə də təsir edir. Bundan sonra Fransada milli musiqi və milli ədəbi janrlar dövlət himayəsinə alındı...
Demək, ermənilər məclislərində balaban səsləndirəcək, “Uzundərə”yə oynayacaq, “Sarı gəlin” dinləyəcək, Naxçıvan yallısı gedəcək, biz isə Bokanın “Madam popuqay”ına atılıb düşəcəyik?
Ermənilər “Saçın ucun hörməzlər” deyə, minillik dünyagörüşün musiqi ifadəsini dinləyib, onu öz ənənələrinə çevirməyə girişəcəklər, biz isə heç bir məna ifadə etməyən “daş duşi, daş duşi”ni (Madam popuqay) beyinlərimizə yeridəcəyik?
Ermənilər “Sarı gəlin”lə ictimai şüura təsir edəcək, dünyaya mesaj verəcək, biz “Dolya vorovskaya” ilə beyinlərimizi yuyacağıq?
Bizim şüurlara, beyinlərə təlqin etmək istədiyimiz nədir?
İndi görürsünüzmü Bakıda rusdilli məktəblərin sayı niyə sürətlə artır; indi anlaşılırmı ki, biz rusca öyrənmək əvəzinə niyə rusdilli oluruq?
Hələ də rusca, ingiliscə öyrənməyin vacibliyi ilə rusdilli, ingilisdilli olmağın fəsadını ayıra bilmirik, şəhər mədəniyyəti əvəzinə, nostalji ilə “bakinets”lər yaradırıqsa...
Ardını yaza bilərsiniz...