11 Aprel 2019 10:15
1 250
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev son bir illik fəaliyyəti ilə dünyanın inkişaf nəzəriyyələrini dəyişdi

Dublin “Triniti Kolleci” dünyanın qədim təhsil ocaqlarındandır. 1592-ci ildə tikilib, istifadəyə verilib. Kollec adlandırılsa da, indi universitet statuslu ali təhsil müəssisəsidir; 1711-ci ildən başlayaraq, kollecdə tibb ixtisasının da tədrisinə başlanılması ilə, universal təhsil müəssisəsinə çevrilib.

“Triniti Kolleci”n (universitetin) dünyaca məşhur olması, onun qədimliyi ilə yanaşı, digər iki məqamla bağlıdır. Onlardan biri kollecin nəzdindəki qədim kitabxanadır. Bütün dünyada tanınan “Triniti Kollec kitabxanası”da 4,5 milyon cild kitab, çoxlu sayda tarixi xəritələr, əlyazmalar və musiqi əsərləri qorunub saxlanılır. Kolleksiyaların əksəriyyəti XVI əsrin sonlarından başlayaraq toplanıb. Amma kitabxana tarixdə ilişib qalmayıb, dövrə uyğun yenilənir. Hazırda onun internet səhifəsində 300.000 kitab yerləşdirilib. Tarixən istifadə edilmiş oxu zalında isə 3200 oxucu yerləşdirmək imkanına malikdir. Zaldakı oxucu yerlərinin hamısı İnternet şəbəkəsinə qoşula bilirlər. Bu kitabxana tarixi binalarda yerləşdiyi üçün, İrlandiyanın əsas diqqətəlayiq yerlərindən biri, turistik məkanlarından hesab edilir.

“Triniti Kolleci” Dublin şəhərinin mərkəzində yerləşir və 190000 m² ərazini əhatə edir. Bununla yanaşı, Kollecin tarixi kampusu, orada inşa edilmiş binalar olduğu kimi qorunub saxlanılır, zəngin memarlıq nümunələrindən hesab olunur. Burada xüsusilə XVIII əsrdə, öz dövrünün memarlıq üslublarında inşa edilmiş tikililər çoxluq təşkil edirlər. Binalar və binaların həyəti dördbucaq formasında olduğundan, kampus şəhər mərkəzinə yerləşdirilmiş böyük kvadratı xatırladır.

Burada diqqət çəkən əsas məqamlardan biri, kampusun, bizim anlamda desək, “tələbə yataqxanası” ilə bağlıdır. XVI əsrdə inşa edilən “tələbə yataqxanaları” bu gün də istifadə edilirlər, həm də öz təyinatları üzrə. Hətta Kollecin (Universitetin) büdcəsinə qatqı vermək üçün maraqlı bir mexanizm tətbiq edilib: tələbələr tətildə olduqları müddətdə bu “yataqxanalar” turistlərin istifadəsinə verilirlər, hostel xidməti göstərirlər. 2013-cü üldə İrlandiyaya səfərim çərçivəsində bu hosteldən istifadə etmək nəsibim olub. Tarixiliklə müasirliyin harmoniyası insana xoş ovqat yaşadır, çoxlu turist cəlb edir. Rəsmi statistikada bildirilir ki, İrlandiyaya təkcə “Triniti Kolleci”in kitab sərgisini və qədim “tələbə yataqxanasını” görmək, bu tarixi hostellərdə qonaqlamaq məqsədilə hər il 1,5 milyondan çox turist gəlir.

Dublin “Triniti Kollec” kompleksi uzunmüddətli və çoxfunksiyalı fəaliyyətinə görə, tarixdə özü ilə yanaşı, qurucusu olan “Kraliça Yelizaveta”nın da adını yaşadır, məşhur edir. Həm də ərazisində olduğu ölkənin iqtisadiyyatına qatqısı var: hər il ölkəyə 1,5 milyon turist gəlişinə səbəb olmaqla, fayda verir.

Əslində, “Triniti Kollec” nümunəsini göstərməklə vurğulamaq istədiyim məqam da bununla bağlıdır. Dünyanın inkişaf etmiş ölkələri mərhələlərlə, tədricən qurulublar. Bir hakimiyyət dövründə yol infrastrukturu qurulub; digər hakimiyyət turistik bölgələri inkişaf etdirib, obyektlər qurub; başqa bir hakimiyyət komandası ordu quruculuğu, kimisi də sosial-humanitar siyasəti, təhsil, səhiyyəyə proqramları ilə ölkə tarixində iz qoyub, ad qazanıb, ölkəsinin inkişafına qatqı verib. Yekunda inkişaf etmiş, dünyada söz sihibi olan dövlət formalaşıb.

Azərbaycan Respublikasının əhatə etdiyi coğrafi ərazidə isə tarix boyu mərhələlərlə gerçəkləşdirilməli olan proqramların reallaşdırılması qısa zaman kəsiyinə, Prezident İlham Əliyevin hakimiyyəti dövrünə təsadüf edir. Dublin “Triniti Kollec”dən təsadüfən nümunə göstərmədik: Dublinin paytaxt olduğu İrlandiya Respublikasının sahəsi (Şimali İrlandiya başqadır, Böyük Britaniya tərkibindədir) az fərqlə Azərbaycan Respublikasının ərazisi qədərdir – 70 208,67 km². Əhalisi isə yarı qədər azdır- 4. 239. 848 nəfər. Amma İrlandiya Respublikasından fərqli olaraq, Azərbaycan Respublikasının ərazisində yalnızca, tək başına 1,5 milyon nəfərlik turist cəlb edəcək, həm də bu həcmdə turisti yerləşdirə biləcək infrastruktura malik obyekt yoxdur, olmayıb. 100 illər boyunca, mərhələlərlə, tədricən qurulmalı olan ciddi turizm infrastrukturu ölkəmizdə son illərdə, həm də qısa müddətdə qurulur. Prezident İlham Əliyevin təşəbbüsü ilə xüsusi plan icra edilir. Təkcə Quba-Qusar turizm bölgəsində son 16 il müddətində qurulan turizm infrastrukturu kifayət edər ki, həmən proqramı formalaşdıran və icra etdirən ölkə rəhbərinin adı tarixə düşsün. Ayrıca götürsək, təkcə Şəki-Qəbələ turizm bölgəsində son 16 il müddətində qurulan turizm infrastrukturu kifayət edər ki, infrastrukturu qurduran ölkə rəhbərinin adı tarixdə xatırlansın…

Amma proses təkcə turizm infrastrukturunun qurulması ilə yekunlaşmır. Ölkənin 4 tərəfini paytaxt Bakıyla birləşdirən müasir yolların tikilməsi, paralel olaraq, beynəlxalq Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin ölkəmiz üzərində kəsişməsinə nail olunması, bu dəhlizlərin fəaliyyətini təmin edəcək yol infrastrukturunun tikilməsi kifayət edir ki, bu proqramı icra etdirmiş prezidentin adı tarixə düşsün, ləyaqətlə yad edilsin. Avropa-Qafqaz-Asiya (TRASECA) nəqliyyat dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kompleksi artıq istifadəyə verilib, Şərq-Qərb nəqliyyat dəhlizləri üzrə magistral yolların tikintisi layihələri uğurla davam etdirilir. Bunların hər biri ayrı-ayrılıqda bir hakimiyyət dönəmi üçün yadda qalacaq böyük layihələrdirlər.

Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı proqramlarının hazırlanaraq icra edilməsi, rayonların infrastruktur, region əhalisinin həyat səviyyəsi baxımından paytaxt standartları səviyyəsinə yüksəldilməsi, iqtisadi infrastrukturun formalaşdırılması başqa bir kontekstdir. Dünya Bankının “Doing busines” hesabatına görə, Azərbaycan biznes mühitinin formalaşdırılması, iqtisadi yüksəlişinə görə dünya ölkələri sırasında 25-ci yerdədir.

İnkişaf reysinə çıxarılmış dövlətin sisial-iqtisadi qüdrətinin artırılması ilə yanaşı, müdafiə qabiliyyətinin möhkəmləndirilməsi yönündə proseslər də paralel şəkildə aparılıb. Beynəlxalq reytinq təşkilatları elan ediblər ki, Azərbaycan Ordusu dünya miqyasında öz potensialına görə 52-ci yerdədir. 2016-cı ilin aprelində Qarabağ cəbhəsində, 2018-ci ildə Naxçıvanda gerçəkləşdirilən əməliyyatlar zamanı Azərbaycanın modern ordusu barədə deyilənlər öz təsdiqini tapdı. Sadalanan faktlar nəticə çıxarmağa kifayət edir ki, son 16 il ərzində Azərbaycanın müstəqil dövlət quruculuğu nəzəriyyədən praktikaya çevrilmiş, dövlət tam bir mexanizm olaraq formalaşdırılıb. Ümumiləşmə üçün deyək ki, Azərbaycanda 100 illər boyunca reallaşdırılmalı olan, amma yalnız xəyallarda mövcud olan proqramlar son 16 il ərzində icra edildi.

Son bir ildə, yəni 2018-ci ilin aprel prezident seçkisindən sonar İlham Əliyevin fəaliyyətində diqqət çəkən tendensiyalar ortaya çıxıb, keyfiyyət dəyişiklikləri aparılır.. Əvvəlki dönəmdə ölkədə dövlət quruculuğuna yönəlmiş proqramlara üstünlük verilirdisə, indi artıq formalaşmış dövlətin öz vətəndaşının həyatında, rifah halında əksi prioritetə çevrilib. Xalqın istək və arzuları önə çəkilir, bundan irəli gələn vəzifələrin reallaşdırılmasına çalışılır. Prezident 2018-ci ilin aprel seçkisindən sonra keçirilmiş andiçmə mərasimində bu fəaliyyətin anonsunu vermişdi, indi onu əməli addımlarla həyata keçirir. İcra edilən proqramlar çoxşaxəlidir: kadr islahatlarından tutmuş struktur və məhkəmə islahatlarının aparılmasına, sosial müavinətlərin artırılmasına qədər geniş spektri əhatə edir. Hazırda ölkədə vətəndaş məmnunluğunun təmin edilməsi proqramı reallaşdırılır və buna nail olunur.

İcra edilən proqramın uğurlu alınması ölkə əhalisinin rəyində əksini tapır. Fransanın “Opinion Way” şirkətinin keçirdiyi rəy sorğusunun nəticələri xalqın dövlət başçısının siyasətini bəyəndiyini ehtiva edir.


Müəllif: Müşfiq Ələsgərli