13 May 2019 13:39
1 092
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xatırladıqca, dəli dərdinə düşür, kimsəni öz yerinə qoya bilmir, bunu özünə sığışdırmırdı. Düşünəndə ki, bədənindən zərrə-zərrə onu ağrıdaraq qopub getdiyi o qadın bir də heç vaxt doğma olmayacaq, əlini ağzına salıb ürəyini çıxarmaq istəyirdi. Ürəyinə toxuna biləcək qədər yaxın buraxdığın insanın yadlaşması qorxunc olurmuş, bunu ondan öyrəndim.

Dilinə içki dəyən kimi özünü itirir, otağın künc-bucağını ələk-vələk edib heç nə tapmayanda çıxıb həyətdə axtarırdı. Bir dəqiqə yerində dayana bilmir, ciblərini eşələyir, yerində dörd dönür, həyəcanla ora-bura baxırdı. Bu vaxt sanki ürəyi ağzına dartılıb yerindən çıxmaq üçün çırpınırdı.

“Bax bura qoymuşdum, burda idi”, - deyəndə onu sakitləşdirmək olmurdu. Tanımayan adam onun nə axtardığını bilməzdi.

Səhər bunların heç birini xatırlamırdı, bəlkə xatırlamaq istəmirdi. Heç mən də heç nə soruşmurdum. Onun bu qəribə davranışlarına, axtardığını tapmayanda əlinə keçən adama qarşı irəli sürdüyü əsassız ittihamlarına güclə dözürdüm. Əlbəttə, belə bir adamın onu tanımayanlar üçün bir bıçaqlıq canı vardı, çünki ittihamları təhqir səviyyəsinə keçirdi və onu bağışlamaq olmurdu. Lakin axtardığı o naməlum əşyanı tapmayanda həyəcanı, şübhələri öləziyib onu əldən salan kədərə çevriləndə yazığım gəlirdi.

Hər dəfə süst düşüb kirimişcə çarpayının ortasında oturur, sanki bir az əvvəl tutduğu işdən utanırmış kimi gülümsəməyə cəhd edirdi. Balaca tableti qabağına çəkib siqaret yandırır, “Hamısı belədi bu zatı qırıqların”, - öz-özünə deyinir, dilinin ucuna qədər gətirdiyi cümləni yarıda kəsirdi. Söhbəti dəyişmək istəyəndə sinəsinin altında çapalayan hönkürtünü zorla hulqumunda saxlayır, geri çevirib ürəyinə çırpırdı.

Həyəcanı sanki əllərinin barmaqları ucunda vurnuxur, çölə çıxmağa yer axtarırdı, başını qaldırıb ani nəzərlə gözlərini üzərimdə gəzdirir, ona baxıb-baxmadığımı müəyyən etməyə çalışırdı, sonra barmaqları arasındakı siqaretə zillənib susurdu. Heç vaxt siqareti sonadək çəkmir, kötüyünədək külü çıxana qədər əlində saxlayırdı. Susurdu və bu səssizlik fonunda hər şey dəyərdən düşüb bir qara qəpik etmirdi.

“Gözləmədi məni, gözləmədi, zalımın qızı”, deyib maqnitofona xod verirdi. “Küçələrə su səpmişəm...” – səs küçənin bu başından o başına tozanaq qaldırırdı. Bu səs-küy içində dodaqlatı mızılanmağını özü də eşitmirdi: “Gözləmədi məni, nömrəsini də dəyişdi, dedim az qalıb, gözlə məni, qayıdacağam, bir il altı ayı şəklinə baxa-baxa başa vurdum. Kiminsə əlinə keçib, biabır olaram deyə, gecələr yata bilmirdim, şəklinin də keşiyini çəkirdim”.

Bəli, o, sevgilisinin döş cibində gəzdirdiyi yeganə şəklini axtarırdı.

Bəzən axtardığı şeyi mən oğurlamışammış kimi şübhəli-şübhəli baxırdı. Narahat olurdum, lakin məni əclaf yerinə qoya bilmədiyini və sonradan bu əsassız ittihamına görə utandığını duyurdum. Bu vaxt məni zarafata tutanda bunun içində mənə yapışdırdığı əclaf ləkəsinə görə üzrxahlıq olduğunu bilirdim. Əsəb hər nə qədər içdən məni boğsa da, ona duyduğum nifrət zarafata qədər çəkirdi, öyrəşmişdim.

Yuxuya gedəndə gözlərini elə sıxırdı ki, sanki ayılmamaq üçün ürəyində Allaha dua edirdi. Həyatın belə həyəcanlandırdığı birinin ayılmağını mən də istəmirdim. Lakin səhər ayılar-ayılmaz gecə yarımçıq saxladığı axtarışını davam etdirəndə gecə hansı hoqqadan çıxdığını bildiyini görürdüm. Dəfələrlə axtardığı həmin şeyin - ən ağlasığmaz yerdə gizlətdiyi sevgilisinin ona verdiyi şəkli olduğunu, bunu tapıb sevindiyində bilmişdim.

Bəlkə dostumun oda-közə vurduğu o qadın qocalmışdı, bəlkə ölmüşdü, bəlkə xoşbəxt idi, bəlkə elə sərxoş olan kimi ciblərinə qədər axtardığı bu adamı düşünürdü, amma bu şəkildə həmişə dostumu sevən qadın kimi qalacaqdı. Dostum, deyəsən özünə heç nə çatmayan bu sevgini itirməkdən qorxurdu. O şəkildə qadın böyüməmişdi, gözlərində dostumdan başqa kimsə yox idi, onu bu rəsmdə sevirdi, bəlkə də elə buna görə bu şəkli onun üçün bu qədər dəyərli idi. Çünki bundan sonrakı rəsmlərində onun olmayacaqdı. Dostum bunu bilirdi, amma ağlına sığışdıra bilmirdi. Hər tərkedilmiş insan kimi ölənədək o qadını sevməyə məhkum idi, bu əzab o ölmədən bitməyəcəkdi. Amma itirmək istəmədiyi bu rəsmdə ona aid idi, sonadək ona aid olacaqdı.

Dostum əzab çəkirdi...

İllərlə gecələr ürəyi şuluq salıb yatmağa qoymayacaqdı, gözləri iradəsinə güc gəlib dincliyə çəkilə bilməyəcəkdi və sabahları dünyanın ən dəhşətli ürək sancısıyla – onu ikiqat bükən ən qorxunc təzimlə açacaqdı.


Müəllif: Mənsur Rəğbətoğlu