4 Sentyabr 2019 14:42
979
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Kimyəvi zəhərlənmə”

“Bəlkə bu sükuta son qoyaq?” – indi hər ikisi bu sual ətrafında əldə edilmiş sövdələşmə ilə bir-birinin qarşısında diz çökməyə hazır idi. Lakin sükuta son qoyacaq belə bir səhnədən sonra aranı uzadan məsafə və uçurumu yarıb keçmək üçün böyük bir zamana ehtiyacın olduğunu hər ikisi bilirdi, qadın da adam da...

Belə bir zamana dözmək səbir tələb edirdi, bu mənzildə çatışmayan yeganə şey elə səbir idi. İnnən belə bir səbir nümayiş etdirməyi biri digərinə, eyni vaxtda da hər ikisi özünə layiq bilmirdi. Ürəyin daxili mühakiməni beyinə verdiyi yerdə səbir göstərmək az qala mümkünsüzdür, xüsusən orada məhəbbətdən söhbət gedirsə, bu, tamamilə mümkünsüzdür.

Məhəbbət, yəni, insanın bədənində baş verən kimyəvi maddələr mübadiləsinə verilən poetik ad...

Həmin kimyəvi maddələr mübadiləsinin beyinlərini yerindən oynatdığı bu iki insanın yaşadığı mənzildə hökm sürən proses belə idi: biri özü üçün yemək bişirir, digəri də o yatanda xəlvətə çəkilib bu yeməkdən qidalanır...

Adam sanki qadının susqunluğunun, bayaq ona zillənmiş qatil baxışlarının yaratdığı sualların cavabını bayaqdan zilləndiyi boş tavanda axtarırdı. Əgər otaqda yaranmış ağır sükutu şişirmirdisə, bu baxışın sahibi qatil olmağa hazırlaşırdı. Yəni, onu öldürməyi nəzərdən keçirə bilərdi. Əlbəttə, bu vaxt adam öz əcəli ilə ölsəydi, bu, qadın üçün göydəndüşmə olardı. Lakin adam məsələni bir qədər şişirdiyi qənaətinə inanır və əmin olmaq istəyirdi ki, qadın sadəcə sakitləşmək, buna nail olmaq üçünsə birdəfəlik buradan uzaqlaşmaq istəyir. Ondan və bu mənzildən...

Buna görə qadına haqq qazandırmalı idi, ya anlamalı - bu qatil baxışına görünməz bir ağrının dərin simptomu kimi qəbul etməli və bu ağrıyan yerə sarılmalı idimi? Öz-özünə verdiyi bu sualların cavabını bilmirdi, çünki bu haqda düşünmürdü.

Bu, sadəcə bir təlaş idi, nə əzab, nə də iztirab idi. Yır-yığış edib bu mənzildən birdəfəlik əkilməyin təlaşı, başqa heç nə...

Tələsən hər insan, tələsmək haqda qərar verən hər insan, getmək haqda verdiyi qətiyyətli qərarın ağırlığı altında olan hər insan belə təlaşlanır, belə insanın qabağına keçib onu saxlamaq mümkün olmur.

Bəlkə də belə deyildi...

Bəs bu tərəddüd, bu təlaş qadının hansı yerindən gəlirdi? Belə bir təlaş mövcud idisə, eyni zamanda, buna baxmayaraq getmək qərarını dəyişəcəkdisə, o zaman burada qalmaqla özünü bütün arzularından məhrum etmiş qadının ölümsüz intiharı başlayacaqdı.

Səhnə çox sadə idi: qadın masa arxasında əyləşib dırnaqlarını didir, sanki bədənini lərzəyə gətirmiş asi ruhu dırnaqları arasından çəkib çıxarmağa çalışırdı. Nəticəsiz səylər... Gözlərini boş tavandan çəkməyən adamsa qadını düşünür. Aradakı sükut ikisi arasındakı məsafəni getdikcə uzadır. Təsadüfən rastlaşan gözləri bir-birinə uzaqlardan – onları əvvəlcə qaraltıya, sonra isə gözlə görünməyən qara nöqtəyə çevirən iki ayrı uçrumun zirvəsindən baxır. Qadın getmək və qalmaq arasında tərəddüd edir, adamsa onun uzatdığı bu vidalaşma prosesinin mümkün nəticəsi ilə hesablaşır.

Qadının getmək və qalmaq arasındakı tərəddüdü davam edir, bunlardan hansının daha yaxşı qərar olduğunu ayırd etməyə çalışırdı, hələlik bu məlum deyildi. Yəqin ki, məlum olmayacaqdı, çünki insan getdiyi yerdə də narazılıq etməyə həmişə bir bəhanə tapa bilir.

Qadının bu susqunluğunun mərkəzində, daha doğrusu dilinin altında qulaqbatırıcı bir səs-küy gizlənmişdi. Bunu hər ikisi bilirdi, bu səs isə qadının öz başına düşmüşdü, beynində uğuldayırdı. Bayaqdan bu sükut altında gözləri tavana zillənmiş bir adam üçün birinin nifrət püskürən baxışları altında sakitcə uzanmaq böyük cəsarət və abırsızlıq tələb edirdi. Ən azı ikisindən biri onda vardı, qadın üçün bu etinasızlıq, adam üçünsə alçaldılma idi.

Burada bizə tanış olmayan, doğmalaşmağa başlayan yeni hisslər oyanmağa başlayırdı. Bu, məhəbbətdən kənar bir hiss idi, daha doğrusu məhəbbətin bitdiyi yerdən başlayan və insanı daxilindən zəhərləyən kimyəvi olmayan maddələr mübadiləsi – yadlaşma prosesi...

Buna görə də ürəyində baş qaldırmış yeni hisslərə qarşısıalınmaz duyğularla yanaşan qadın indidən vidalaşırdı. O, bu qərara gəlməzdən əvvəl əllərini tavana zillənmiş adama yelləyib əlvida nəğməsini zümzümə etmişdi. Qadını saxlamaq mümkün olmayacaqdı, adam bunu onun ikinci, üçüncü... onuncu, nəhayət sonsuz donuq baxışları ilə rastlaşanda başa düşmüşdü.

Bu baxış toqquşmaları zamanı qadının qanı yoxa çıxmış, bir-birinə kəlbətin ağzı kimi sıxılmış dodaqlarını yarıb içindən çıxa bilməyən istehzalı gülümsəyişi otağın ağır havasını bir qədər də tündələşdirmişdi.

Əgər iki nəfərin yaşadığı balaca bir mənzildə birinin qəzəbinə və nifrətinə tuş gəldiyindən şübhələnirsənsə, ikrah hissi oyatmayacaq qədər səliqəli olmaq lazımdır, o vaxta qədər ki, bu gözlər öz qəzəb və nifrətini götürərək bu mənzildən çəkilib gedəcək. Amma bu gedişdən əvvəl, yaxud sonra adamı qurduğu tələyə salıb canına öz qısqacı ilə bütün varlığına bürünəcək bir zəhər ifraz etsin - əbədi bir zəhərlənmə. Elə bir zəhər ki, adam həyatının sonunadək zəhərlənmiş bədəni və ruhu ilə yaşamağa məcbur olsun. Adam bu nifrətə ona görə layiq görülmüşdü ki, soyuqqanlılığı və təkəbbürü ikrah hissi oyadırdı. Üstəgəl, “Bax, indicə çıxıb gedirəm”, qışqırtısına cavab verilməmişdi və bu gediş dəqiqəsi dörd gözlə gözlənilirdi.

Hər şey bitmişdi.

Qisascıl nifrəti qadını sərxoş eləmişdi, artıq nə edəcəyini bilmir, otaqdan otağa gəzişir: iki otaq, bir mətbəx və ayaqyolu ona darlıq edirdi, nəfəs almaq mümkün deyildi, buna görə də getmək labüd idi.

“Belə bir adama görə havadan imtina etmək ağılsızlıqdır”, qadın düşünürdü.

Əlbəttə, həmişəlik getmək arzusuna qapılan insan heç vaxt xoşbəxt ola bilmir, bu, insanda xoşbəxtlik axtarışı yaradan bir xəstəliyə çevrilir.

Qadının adama zillənmiş baxışlarında qəbul edilən qərarın ağırlığı özünə yer etmişdi. Ya bu ağır yükün altında özünü əzməli və sonda onu qane etməyəcək nəticə ilə razılaşmalı, ya da birdəfəlik bundan imtina etməli idi. Lakin bunlardan heç biri havadan imtina etməyə əsas yaratmırdı, çıxıb getmək lazım gəlirdi.

Həyatın absurd olduğunu güzgüdə ilk dəfə görürmüş kimi özünü nəzərdən keçirərkən, məhəbəttin isə absurd olduğunu nifrət dolu baxışlarını bu adama zilləyərkən aşkar etmişdi. Qəti qərara gəldiyi vaxt çıxardığı bu hökmü müzakirə etməkdən imtina edib otaqdan otağa gəzişir, bu havasızlıqdan çıxmağa balaca bir yer, bəlkə də səbəb axtarırdı. Soyuducunu açıb nə götürəcəyini bilmədən baxır, sanki həmin səbəbi burada dondurmuşdu. Üzləşdiyi bu vəziyyət onun taleyi deyildi, özünün verdiyi qərarın mümkün nəticəsi idi. Qadın çıxıb gedəcəyi yerdə də bu nəticəsini hasil edəcəkdi, çünki qarşısıalınmaz hisslər və inadcıl qisas hissi ilə öz-özünü təqib edirdi. Buna özünü inandırmışdı, öz-özündən əl çəkməyəcəyini, həyatını cəhənnəmə çevirəcəyini bilirdi.

Yatağına uzanıb bir yerdə qərar tuta bilməyən ayaqlarına baxanda bircə an da olsa, bundan sonra yaşayacağı gələcək həyatını indidən görmək arzusu baş qaldırdı. Onu necə bir həyat gözləyirdi və bunun son nəticəsi nə olacaqdı? Qadın dumanlı baxışlar altında boylanır, sanki gələcək həyatı bu mənzilin ən görünməz köşəsinə gizlənmişdi. Lakin bu nəticəsiz axtarışa son qoyub gözlərini ayaqlarından çəkib varlığını bürümüş təlaşa diqqət kəsiləndə öz-özünə qənim kəsiləcəyini aşkar etdi. Təlaş yerini həzin bir kədərə vermişdi. Bütün arzuları, bütün xəyalları, xoşbəxtlik və məhəbbət haqda bütün mülahizələri, planları onun bu tələskən ayaqlarına, hökm vermək səlahiyyətini ürəyindən alıb verdiyi beyninə ilişib bir-birinə dolaşacaqdı - gələcəkdə yaşayacağı həyatı görə bildi. O, yəni, həyatının korlanmasında özündən başqa hər kəsi günahlandıran qadın qarşısıalınmaz bir tələskənliklə özünü məhv etməyə doğru start götürmüşdü.

Güzgüyə baxıb uzun müddət saçıyla oynadı, dodaqlarında sanki sonuncu dəfə özünə gülümsəməyə güc tapdı, baxdı, baxdı, baxdı... Sanki varlığını bürümüş əzabı öz içində görmək istədi.

Adam divanda uzanıb güzgü qarşısında öz bədənində gəzişib həqiqətlərini birnəfəsə çölə püskürmək istəyən qadın haqda düşünürdü.

İkisi də susurdu, ikisi də öz sükut çevrəsində fırlanır, səssizliyi birinci pozmağa həvəs göstərmirdi.

Sonra qadın getdi, bir də axşam qayıtdı. Səhəri gün eyni saatda, getdi axşam qayıtdı.

Gedişlərdən birində bir anlıq göz-gözə qaldılar, qadın çevrilib qapını arxasınca çırparkən, adamsa mətbəxdən əlində bir fincan qəhvə otağa addımlayarkən...

Adamın gözlərindəki “Nə vaxtsa, qayıtmayacaqsan?” sualı ilə qadının ayaqlarına müraciət etdi. Qadının istehzalı təbəssümü gözlərindəki qisas alovunu yenidən qızışdırdı. Qadının ayaqlarına zillənmiş adam bunu görmədi. Qadın getdi....

Bir gün yenə getdi...

Adamın gözləri pəncərədən tut ağacının gövdəsinə zilləndi, milçəklər zibil torbasına daraşmışdı.

İyul ayının sonuncu günü idi...


Müəllif: Mənsur Rəğbətoğlu