1934-cü ilin 6 dekabrında Türkiyənin “Cümhuriyyət” qəzeti “Türk qadını haqlarının ən böyüyünü aldı” başlığı ilə çıxıb.
Qəzetin həmin sayında bu il doğumunun 150-ci ildönümünü qeyd etdiyimiz azərbaycanlı mütəfəkkir Əhməd bəy Ağaoğlunun “Türk qadınına verilən seçmə və seçilmə haqqı” adlı yazısı də yer alıb.
Ağaoğlu məqaləsinə belə başlayıb: “Milli məclisin iki gün əvvəl aldığı qərarla türk qadını dünya qadınları arasında hüquq baxımından birinci oldu; bu qərar onsuz da mədəni hüquq sahəsində kişi ilə bərabər olan türk qadınına məbus seçmək və məbus olmaq haqqını verdiyinə görə onunla kişi arasındakı siyasi hüquq fərqini də aradan götürdü və türk qadını ailə və dövlətdə kişiylə bərabər oldu. Bəzi anqlo-saks millətlər istisna olmaqla dünyada heç bir qadın bu dərəcəyə varmamışdır”.
Məlumdur ki, xilafətdən cümhuriyyətə keçid Türkiyə üçün heç də asan olmamışdı. Qurtuluş savaşı ilə düşmənlərdən xilas olmaq nə qədər önəmli idisə, Mustafa Kamal üçün cahiliyyə dönəmindən çağdaş cəmiyyətə keçid də o dərəcədə önəmli idi. Ona görə də heç bir kənar təsirə, etiraza boyun əymədən mərhələli şəkildə islahatlar aparan Mustafa Kamal, nəhayət, bu ali hüququ da qadınlara verərək bir arzusunu da tamamlamış oldu. O, haqlı olaraq yazırdı ki, toplumun bir cinsinin göylərə yüksəldilməsi, digərinin isə torpağa bataraq qalması əsla mümkün deyil.
Ağaoğlu yazısında önəmli bir məqama toxunur. Yazır ki, Osmanlı dövründə qadın deyildikdə əcnəbilər üçün paşaların hərəmxanası yada düşürdü, halbuki, islamiyyətdən öncə türk qadını ictimai-siyasi həyatda önəmli rol oynayırdı: “... O dövrdə yaşamış millətlər içərisində ancaq germanlar arasında qadına türklər qədər qiymət verilməkdə idi. İslamiyyətdən sonra türk qadını pərdə arxasında olmaq məcburiyyətində qalsa da, türkün qadın haqqındakı köhnə zehniyyəti davam etdi və qadın türk ailəsi içində daim hörmət görən bir amil olaraq qaldı”.
Ağaoğlu bu maraqlı yazısında dünyada qadınlara bu haqqı verən bəzi Qərb ölkələrinin adlarını çəkib, orada qadınların necə mübarizə aparmasından bəhs edib. Sonda isə maraqlı bir sual ünvanlayıb və cavab verib:
“İndi məsələ budur: Türk qadını ona verilən hüquqdan istifadə edə biləcəkmi? Çünki hüquq sahibi olmaq başqa şeydir, onu istifadə etmək başqa. Şəxsən mən türk qadınına inanıram, onun əsrlərdən bəri qəlbində yığdığı yüksək həssasiyyətə, insani duyğulara çox güvənirəm və bu həssasiyyət və duyğuların sabahkı türk icmasının quruluşunda mənəvi bir məhək daşı olacağı inancındayam. Türk qadınının verilən hüququ istifadə etməsinə gəldikdə isə mütləq şəkildə kişidən yaxşı istifadə edəcəyinə əminəm!”.
Əhməd bəyin türk qadınına verilən bu ali dəyərlə bağlı sevinci yazısındakı hər cümlədən hiss olunur. Amma nədənsə Əhməd bəy vaxtilə özünün də millət vəkili olduğu Azərbaycan Cümhuriyyəti parlamentinin Türkiyədən 15 il əvvəl bu hüququ qadınlara verdiyini yazmayıb. Doğrudur, 1919-cu il iyulun 21-də Azərbaycan Məclisi-Məbusanı “Azərbaycan Cümhuriyyətinin Müəssislər Məclisinə seçkilər haqqında” Əsasnaməni təsdiq edərkən Əhməd bəy artıq sürgündə idi. Ermənilərin fitnəsi ilə ingilislər onu həbs etmiş, Malta adasına sürgünə göndərmişdilər. Amma bu tarixi hadisədən Əhməd bəyin sonradan xəbərdar olmaması mümkünsüz idi. Çünki başda Rəsulzadə olmaqla bu barədə siyasilərimiz mühacirətdəki yazılarında da bəhs ediblər. Üstəlik Azərbaycan Cümhuriyyətinin quruluş bəyannaməsində də açıq şəkildə yazılmışdı: ““Azərbaycan Xalq Cümhuriyyəti millət, məzhəb, sinif, silk və cins fərqi gözləmədən qələmrovunda yaşayan bütün vətəndaşlarına hüquqi-siyasiyyə və vətəniyyə təmin elər”.
Yəqin ki, Əhməd bəy məqaləsini yazarkən Azərbaycan Cümhuriyyətini mövcud siyasi şəraitə uyğun olaraq görməzdən gəlib. Çünki dönəmin mətbuatında Azərbaycan Cümhuriyyətini işğal edən Rusiya “dost və qardaş” dövlət olaraq qeyd edilirdi. Üstəlik siyasi ab-havaya görə də Türk dünyasında Mustafa Kamaldan öncə bu addımı atmış başqa tarixi şəxsiyyətlərin adlarını çəkmək, görünür, Əhməd bəy üçün doğru olmayıb...