22 May 2020 20:45
5 664
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan tarixşünaslığında bir çox müəlliflər erməniçilik və ya ermənilik anlayışı, onun sosial-fəlsəfi mahiyyəti barədə müəyyən tədqiqat işləri aparıblar. Bu problem ətrafinda sanballı iş görən bir çox tarixçilərimiz belə qənaətə gəlib ki, uydurulmuş faktları, evdə hazırlanan erməni nağıllarını yenidən bəşəriyyət qarşısında irəli sürən erməni ideoloqlar bununla da dünya ictimaiyyətinin diqqətini cəlb etməyə çalışıblar.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ümumi Tarix və Tarixin Tədrisi Texnologiyası Kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Taleh Cəfərovun fikrincə, erməniçilik məhz ideoloji-psixoloji hadisə kimi faşizm, terrorizm, ekstremizm, digər xalqlara qarşı, xüsusilə də türk və azərbaycanlılara qarşı törədilən sonsuz soyqırımı aktlarının tərkib hissəsidir.

Tarixçi həmçinin ermənilərin çox erkən zamanlardan xristianlığı erməniləşdirdiyini, ermənilərin əsl dininin elə erməniçilik olduğunu, erməni millətinin tanınmış ideoloqlarından hesab olunan faşist Qaregin Njdenin bu təsbiti bütün ermənilər üçün əsas olaraq götürdüyünü vurğulayır. Çünki faşist Njde də digər erməni filosoflar kimi erməni xalqının xristianlıqdan öncə də ali bir irqə məxsus olduğunu iddia edənlərdəndir. Onlar xəyallarında təkəbbürlü bir erməni obrazı canlandırır və bu fikri başqalarına da sırımağa çalışırlar ki, ermənilər başqa xalqlardan daha üstün və daha ağıllıdır.

T.Cəfərov Osmanlı Türkiyəsinə qarşı lokal əməliyyatların icrası məqsədilə XIX əsrdə fövqəldövlətlər tərəfindən yaradılmış bu etnokorporasiyanın, mahiyyət etibarilə xristianlığın ilk ali toplantısı olan xalkidon məclisinin lənətlədiyi xırda əşirətlərin - hayların, koptların, nəsturilərin, Hindistandan köç etmiş xaçpərəst qaraçıların və digər batil təriqətlərin süni toplumu olduğunu düşünür, bunun alimlər tərəfindən sübuta yetirildiyini önə çəkir.

Etnokorporasiya mənəvi kasadlığı üzündən öz qınına çəkilən, cəmiyyətin rədd etdiyi icmaları insanlığa nifrət bayrağı altında birləşdirdi.

T.Cəfərova görə, bu gün erməniçilik bəşəriyyət üçün qlobal bəlaya çevrilməkdədir. Konkret desək, Türkiyə, Azərbaycan, Gürcüstan, Rusiya və İsrailin, bəzi Balkan dövlətlərinin tarixən üzləşdiyi “erməniçilik” anlayışı və bu anlayışdan yaranan arzuolunmaz proseslər, təəssüf ki, bir çox hallarda hələ də dar, etnik çərçivədə izah olunmaqdadır.

Məsələyə belə qüsurlu münasibət və erməniçilik ideologiyasının düzgün dəyərləndirilməməsi bu mürəkkəb sistemlə qarşıdurmaya səbəb olur, qeyri-real proqnozların verilməsi ilə nəticələnir. Bu baxımdan “erməniçilik” anlayışına yalnız etno-mədəni mövqedən deyil, ilk növbədə, politoloji müstəvidən yanaşılmalıdır.

XVIII əsrdən etibarən din pərdəsi altında formalaşmış erməniçilik ideologiyasının əsaslarını mifologemlər, yəni sonradan hazırlanmış saxta mif və rəvayətlər təşkil edir. Bu baxımdan “qədim erməni dövlətçiliyi”, “erməni sivlizasiyası”, “böyük Ermənistan”, “armenoid irqi”, “erməni soyqırımı” və bu kimi elmi əsaslara, tarixi gerçəkliklərə söykənməyən miflər işlənib hazırlanıB, beynəlxalq aləmdə dövriyəyə buraxılıb. İnformasiya texnologiyalarından istifadə edərək, uzaqgörən siyasət erməni etnokorporasiyası tərəfindən həyata keçirilirdi.

Kütləvi şüurun mifolojiləşdirilməsi prosesi müəyyən mənada bəşəriyyətin bütün tarixini müşaiyət etsə də, müasir dövrdə xüsusi əhəmiyyət kəsb edir. Təəssüf ki, bu proses tarix kimi ciddi elmdən də yan keçməyib və yalançı erməni alimlərinin “böyük Ermənistan”, “əzabkeş Ermənistan” haqqında “ermənilərin birinci xristian millət” olması barədə miflərin kütləvi şüura yeridilməsi cəhdlərində təzahür edib.

Erməniçiliyin fəlsəfəsi, yaranma səbəbləri, dinamikasından bəhs edərkən, qeyd etmək lazımdır ki, erməniçik biososioloji təzahür olaraq, nestorian, aysor, qaraçı, assuriyalı, kopt, yezidi kürdləri və osmanlı Türkiyəsinin digər qeyri-müsəlman icmalarından ibarət aqlomeratın-qriqoryan kilsəsi ətrafındakı yığnağın “vahid qədim etnos”un subyekti kimi qələmə verilməsinə imkan verən konkret eksperiment nəticəsində yaradılıb.

Tapdıq Qurbanlı


Müəllif: Teleqraf.com