Dövlət Təhlükəsizlik Xidmətinin yaydığı yeni bir videoya tamaşa etdik. Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev qanunazidd hərəkətlər müqabilində müntəzəm rüşvət almasına əsaslı şübhələr müəyyən edildiyi üçün saxlanılıb.
Yəqin ki, iddia edilən bu cinayət əməli ilə birlikdə saxlanılan şəxsin adı çoxunuzun diqqətini çəkdi. Quqlda axtardım, Nurupaşa adlı iki nəfər çıxdı. Böyük ehtimalla seçici siyahısında da bu ada nadirən rast gəlinir. Adı görərkən ilk ağlıma gələn də o oldu ki, Tanrı sənə Bakını düşmən əlindən xilas etmiş paşanın adı və ünvanını daşımağı nəsib etsin, sən isə bu adı ölkəmizin əleyhinə fəaliyyətdə istifadə edəsən. Məlumdur ki, ölkəmizdə Ənvər və Nuru adları qardaş paşaların adına görə geniş yayılıb və Sovet dönəmində Nurupaşa adının rəsmiləşdirilməsi maraqlı fakt olub. Amma təəssüf ki, bir məmur kimi bu ada layiq olmaq əvəzinə, saxta viza işləri görülübmüş.
Şübhəsiz ki, ilin əvvəlindən etibarən icra hakimiyyətlərində, nazirliklərdə aparılan bu yoxlamalar geniş bir şəbəkənin aşkara çıxarılması ilə bağlıdır və görünür, dövlət maraqlarını şəxsi mənfəətinə çevirən məmurların videolarına hələ çox tamaşa edəcəyik.
***
Tamaşa demişkən, feysbukda jurnalistləri təhqir edən bir biznesmen talaşasının bir neçə videosunu gördüm. Şəxs əlində içki ilə şövqlə “Azərbaycanımız”, “Bakımız” deyirdi ki, sanki atası və özü bu vətən yolunda can qoyub, qan axıdıb, müstəqilliyə fayda verib. Əlbəttə ki, bizim kimsənin zəngin həyat tərzi, tərbiyəsi və əxlaqı ilə işimiz yoxdur. Bizim fərdi düşüncəmizə görə, ümumiyyətlə, bir tərəfi Şəhidlər Xiyabanına baxan yerdə günəşlənmək doğru deyil. Bizim etirazımız atasının pulu hesabına əylənib evdə karantin qaydalarına əməl edənlərə “işverən” deyilməsidir ki, necə ki layiqli cəzasını da aldı.
Yeri gəlmişkən, jurnalistləri və əsgərimizi təhqir edən iki şəxsin cəzalandırılması doğru addım idi və bu fakt göstərdi ki, ədalət tətbiq edildiyi zaman xalqda polisə qarşı müsbət reaksiya təbii olaraq yaranır və bunun üçün hansısa təbliğat videolarına ehtiyac yoxdur.
Sosial şəbəkədə bu mövzu ilə bağlı maraqlı müzakirə də getdi. Guya ki, vətəndaşlar bahalı hotellərdə karantin qaydalarını pozaraq istirahət edənləri qısqandıqları üçün məlum hovuz şəkillərini yayıblar.
Şübhəsiz ki, halal yolla zəngin olmaq, əylənmək, istirahət etmək gözəl hisslərdir və insan elmi və bacarığı ilə buna nail ola bilər. Azərbaycan cəmiyyətində həqiqi milyonçulara, halal iş adamlarına qarşı nifrət halına şahid olunmayıb. Əksinə cəmiyyət nurupaşaların timsalında rüşvət və dövlət əmlakını mənimsəmə yolu ilə zənginləşən və bu zənginliklərini sosial şəbəkələrdə maşınları və istirahət fotoşəkilləri ilə gözə soxanlara qarşıdır və onların xalqa qarşı ifadələri haqlı olaraq etiraz doğurur.
Çünki karantin günlərində virusa yoluxan bir alim fəryad edirsə, digər tərəfdən hansısa iş adamının, müğənninin oğlu xalqı təhqir edirsə, əlbəttə ki, qıcıq yaranacaqdır.