10 Sentyabr 2020 19:45
3 504
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə ordusunun Azərbaycanda hərbi baza yerləşdirməsi, Qarabağ və ətraf rayonların işğaldan azad edilməsindəki rolu məsələsi bir neçə aydır gündəmin əsas mövzusudur. Müharibənin başladığı illərlə müqayisədə Türkiyədə hazırda həm siyasətçilər və hərbçilər, həm də cəmiyyət münaqişənin həllində birbaşa rol oynamaq gücündədir.

Bəs 1992-ci ildə - işğalın başladığı dövrdə türk media təmsilçiləri, köşə yazarları, siyasətçilər hansı düşüncədə olublar? Dövrün qəzetlərini araşdırarkən qarşımıza maraqlı məqalələr çıxdı.

Bu yazımızda “Milliyyət” qəzetindəki yazılar ətrafında bilgiləri təqdim edəcəyik.

Qəzetin 4 mart 1992-ci il tarixli sayının manşeti Xocalı soyqırımı ilə bağlıdır. “Qətliamı gördüm” manşetinin yarımbaşlıqları bu şəkildədir: “Ermənilər qana doymur. Qarınları deşilmiş bəbəklər... Süngülənmiş qadınlar...

Gözləri oyulmuş... Qulaqları, burunları kəsilmiş kişilər. Cəsədlər... Cəsədlər...”.

Qəzet soyqırımı şahidlərinin ifadələrini verib:

69 yaşındakı Xatın nənə: “Əkiz nəvələrimi gözlərimin qarşısında doğradılar. Mənə dedilər ki, səni öldürməyəcəyik, amma cocuqlar gözünün qarşısında ölməlidir”.

28 yaşındakı Gülsüm Hüseynov: “Gözlərimin qarşısında süngünü üç yaşındakı qızımın qarnından keçirdilər”.
Qəzetin yazarlarından, hüquqşünas O.Kadri Keskin “Ermənilərin suçu: Genosid” başlıqlı yazısında BMT-nin sözləşmələri fonunda maddələr şəklində ermənilərin törətdiyi cinayətin soyqırımı olduğunu isbat edib.

“Milliyyət” qəzetinin 5 mart 1992-ci il tarixli sayında DSP sədri Bülənd Əcəvitin açıqlaması var. Əcəvit işğalla bağlı fikir və təkliflərini bölüşüb:

“Türkiyə Azərbaycana insani yardımla birlikdə hər cür hərbi vasitə və avadanlıq köməyi də etməlidir. Müharibəyə qatılmadan Azərbaycan hökumətinin ehtiyac hiss etdiyi hərbi təhsilə də kömək etməlidir. Ermənistan işğal etdiyi Qarabağ torpaqlarından çəkilənə qədər və ATƏT-in Praqada aldığı qərarlara tabe olanadək Türkiyə öz hava sahəsindən və torpaqlarından Ermənistana hər cür daşınmanı və nəqliyyatı dayandırmalı və sərhəd qapılarını bağlı tutmalıdır. Naxçıvan Azərbaycandan coğrafi baxımdan qopuqdur, Orta Asiyadan və Azərbaycandan Türkiyəyə çəkiləcək neft və qaz kəmərləri, quru və dəmiryolları İrandan keçməli olacaq, İran da istədiyi an əngəllər yaradacaq”.

Əcəvit münaqişənin həlli ilə bağlı da təkliflərini verib: “Ermənistan torpaqlarının ən güneyindən bir hissəsini Azərbaycana verməlidir. Azərbaycan Qarabağın erməni əhalisinin çox olduğu bir hissəsiylə Ermənistan arasında birbaşa coğrafi əlaqə qurmasına şərait yaratmalıdır”.

Qəzetin eyni səhifəsində ANAP sədri Məsud Yılmazın da Qarabağla bağlı açıqlaması var. Yılmaz Baş nazir Süleyman Dəmirəl və müavini Erdal İnönünün siyasətini tənqid edib: “Hökumət soydaşlarımızın qətliamının qarşısını almaq üçün Türk dövlətinin gücünü daha təsirli bir şəkildə əks etdirəcək tədbirlər görməlidir. Hökumət faktiki şəkildə narahatlığını ortaya qoyan bir hərəkət etməyib. Lazım gələrsə hərbi hissənin göndərilməsi şəklində Türkiyənin narahatlığını ortaya qoyması erməniləri çəkindirəcəkdir”.

Dövrün köşə yazarları Metin Toker və Uğur Mumcu Türkiyənin Azərbaycana hərbi yardım göstərməsinin doğru olmayacağını yazıblar. M.Toker “Milliyyət” qəzetindəki köşəsində (08.03.1992) “Qarabağ öncə Azərbaycanın işidir” deyərək heç bir beynəlxalq anlaşmanın Türkiyəyə bu haqqı vermədiyini bildirib, əks halda ölkəsinin təcavüzkar sayılacağını qeyd edib.

Məşhur jurnalist Uğur Mumcu “Nə edilə bilər?” (07.03.1992) adlı yazısında, Türkiyə ordusunun qəti şəkildə müdaxilə etməməli, məsələnin diplomatik və beynəlxalq anlaşmalar yolu ilə həll edilməli olduğunu vurğulayıb.
“Milliyyət” qəzetinin köşə yazarı Şükrü Elekdağ da yazısında (08.03.1992) Süleyman Dəmirəlin “Əgər Türkiyə silahlı müdaxilə etsə, bütün Qərb ölkələri Ermənistanın yanında yer alacaq” fikrinin mənasını izah edərək ən doğru yolun çəkindirmək olduğunu yazıb. Onun fikrincə, Türkiyə Ermənistanla sərhədləri bağlamalı, məsələni BMT-nin Təhlükəsilik Şurasına daşımalıdır.

Ata-babaları Qarabağdan olan köşə yazarı Oktay Akbal isə “Qarabağ qətliamı və biz” başlıqlı yazısının girişində 1978-ci ildə Şuşaya gəlməsindən, buradakı xatirələrindən bəhs edərək Türkiyənin hər zaman haqqı, ədaləti müdafiə etdiyini, dövlətin məsələyə müdaxiləsinin vacibliyini, Əcəvitin təkliflərinin müzakirə edilməli olduğunu qeyd edib.

Təbii ki, müxtəlif qəzet materialları əsasında 1992-ci ildə Türkiyənin Qarabağ politikası barədə şərh vermək doğru deyil. Bunun üçün Körfəz savaşının doğurduğu nəticələri, SSRİ-nin çöküşündən sonraki siyasi ortamı, Türkiyənin daxilindəki siyasi təlatümləri, PKK terror təşkilatının fəaliyyətini, ABŞ kimi ölkələrin Ermənistana açıq dəstəyini və s. məsələləri geniş təhlil etmək gərəkdir.

Amma ümumi mənzərə ondan ibarətdir ki, Türkiyə siyasiləri və ictimaiyyəti Ermənistana qarşı açıq müdaxilənin doğuracağı siyasi və hərbi ortamdan ehtiyat ediblər. Türkiyə işğalda bilavasitə rol oynayan Rusiyanın qarşısına çıxma gücünü hiss etməyib. Digər tərəfdən Azərbaycandakı iqtidar mübarizəsi də proseslərdə önəmli rol oynayıb. Türkiyə daha çox Ermənistanla sərhədlərin qapadılması və məsələnin beynəlxalq arenaya çıxarılaraq millətlərarası anlaşmalar çərçivəsində həllindən yana olub. Necə ki sərhədlər hələ də Ermənistanın üzünə qapalıdır.

Aradan ötən 28 ildə isə çox şey dəyişilib. Xüsusən, son illərdə Türkiyə və Azərbaycan arasındakı vahid politik və vahid hərbi səsin ucaldılması, Ermənistanı dəstəkləyən güclər barədə açıq şəkildə danışılması həm Türkiyənin geopolitik gücünü, həm də Azərbaycanın işğal edilmiş əraziləri azad etmə qüvvəsini göstərir. İyul döyüşləri ərəfəsində türk siyasətçiləri və hərbçilərin istifadə etdiyi siyasi dil 1992-ci ildən tamamilə fərqlənirdi və bunun özü də çox şeyin dəyişdiyini və dəyişəcəyinin göstəricisidir.


Müəllif: Dilqəm Əhməd