15 Oktyabr 2014 12:08
1 946
12 Punto 14 Punto 16 Punto 18 Punto

Asəf Quliyev

“Əgər vaxtsız ölsəm, Şuşasız ölsəm...”

Yox , bu, mənim sözüm deyil. Bu, dostum Kərim Kərimlinin şeirinin ilk misralarıdır. Çoxdan yazıb Kərim bu şeri. Amma son bir ildə bu misralar dilimdən düşmür...

***

Cəbhə xəttində postlara müxtəlif adlar verirlər. “Əfqanıstan”, “Sibir”, “Qala”, “Kobra” və sairə. Bu postlardan bir də “Məzar” adlanır. Bu adın niyə verilməsi bir o qədər də önəmli deyil, məncə. Önəmli olan addır. Təsəvvür edin ki, iki hərbiçi söhbət edir.
- Hara gedirsən?
- “Məzar”a.

Bu psixoloji reallığı yaşamaq çox çətindir. Amma yaşayırıq. Daha doğrusu, bu reallıqla yaşayanlar var.

***

Məzar reallığı dünən də yaşanıb, bu gün də yaşanır və üzərində yaşadığımız torpağa Vətən dediyimiz qədər də yaşanacaq. Dünən dedim...
1992-ci ildə müharibənin aktiv fazası başlayanda silah çatışmazlığı vardı. Günlərin bir günü Milli qəhrəman Asif Məhərrəmovun (Fred Asif) batalyonu döyüşə hazırlaşırdı. Döyüşçü silahdan çox idi. Yəni hamıya silah çatmırdı. Bu barədə komandirə dedilər:
- Ay Asif, uşaqlara silah çatmır, neynəyək? Heç kəsə də “sən qal” deyə bilmirik.
- Qoy bir avtomatla üç nəfər getsin. Birinə güllə dəyəndə ikinci götürər, ikinciyə də güllə dəysə, üçüncü.

Hamı razılaşdı. Və heç kim silahı yanındakına vermək istəmədi. Yəni heç kim fikirləşmədi ki, qoy başqasına güllə dəysin, sonra mən götürüm. Hamı əksini fikirləşdi: “Mənə güllə dəysə, sən götürərsən”.

***

Bu gün məzarı düşmən tapdağında qalanlar var. Əlbəttə, bu barədə danışmaq çox ağırdır. Amma mənim üçün düşmənin tapdağında qalan məzarlar arasında düşmənin diqqətini çəkən məzarlar daha önəmlidir. O insanların məzarı ona görə düşmənin diqqətini cəlb edir ki, onlar Qarabağı düşmənə məzar etmək istəyirdi.

Qəribədir. Son vaxtlar jurnalist marağımı dinc qoymayan, haqqında öyrənmək istədiklərim də məzarlardı. Məhz düşmənin diqqətini çəkə biləcək məzarlar.

Bu günə qədər bu istiqamətdə bəzi məqamları araşdırmağa çalışmışam.
Məsələn, Milli qəhrəman Allahverdi Bağırovun məzarı. Öyrənə bildim ki, o məzarı hələ də qoruyan var. Köhnə dostu. Sözün həqiqi mənasında düşmən olsa da, Allahverdi ilə köhnə haqqı-salamı unuda bilmir. Hətta bəzən o məzara gül də aparır.

Haqqında öyrənmək istədiyim başqa bir məzar Vaqif Qurbanovundur. Vaqif hərbi təyyarəçi idi. 1992-ci ildə Qarabağ səmasında vurdular onu. Sonrakı taleyi barədə heç nə məlum deyil. Amma öyrənə bildim ki, Vaqif Qarabağda dəfn olunub. Və onun məzarının harada olduğunu bilənlər var.

Hərçənd Vaqifin dostları onu heç vaxt ölmüş bir təyyarəçi kimi yada salmır. Onlar sadəcə hesab edir ki, Vaqif hələ də səmadadır...

Haqqında öyrənmək istədiyim başqa bir məzar da Milli qəhrəman, son döyüşünə Daşaltı əməliyyatında gedib geri qayıtmayan Riyad Əhmədovdur. Təəssüf ki, hələ də onun haqqında heç nə öyrənə bilməmişəm. Onun məzarı barədə heç kim heç nə demək istəmir.

Hərdən fikirləşirəm ki, axı nəyə lazımdır bu araşdırmalar. Axı onlar öz doğma torpaqlarındadır. Amma bilmirəm niyə? Əlimə fürsət düşən kimi onlarla maraqlanıram.

***

Doğma torpağında qalan məzarları hamı düşünür. Amma Şahbaz və Dilqəm o məzarları ziyarət etməyə getdi. Getdilər və hələ ki, qayıtmayıblar.
Onlarla gedən Həsən isə...
Həsən doğma Qarabağa getdi və həyatını qurban verdi.
Bu günlərdə Həsənin qızının jurnalist həmkarımıza dediyi bir söz qanımı dondurdu: “Mənim şəklimi atamla çək”. Atasının şəklinin yanında dayanan qızcığaz.
Hələ ki, Həsənin ailəsinin son təsəllisi məzarını ziyarət edə bilməsidir.

***

Deyirlər, ölüm haqdır. Amma ölüm haqqını qazanmaq lazımdır. Bu yazıda məzarı haqda danışdıqlarımın heç biri ölüm haqqını qazanmamışdı. Onlar ölməməliydi, çünki ölməyə haqları çatmırdı. Əslində onlar ölmədi də. Onlar şəhid oldu. Şəhidlər isə hər haqqı qazanmışlardı.

***

Əgər vaxtsız ölsəm,
Şuşasız ölsəm,
Ürəyimi bir daş kimi
Bir sapanda qoyub
Fırladın,
fırladın,
fırladın...
Atın Şuşaya doğru,
Atın Cıdır düzünə...
Atın ürəyimi Cıdır düzünə,
Qoy üzünə sazaq dəysin-
Kirsin sazağı.
Qoy üstünə yarpaq düşsün -
Topxananın yarpağı.
Qoy üzünü torpaq alsın -
Şuşa torpağı.
Atın ürəyimi Cıdır düzünə,
Qoy ürəyimin məzarına işıq saçsın
Bağrıqandan doğan
Günəşin şəfəqləri...
Son vaxtlar bu şeri tez-tez təkrar edirəm. Niyə? Bilmirəm.

***

Cəbhə xəttində bir post var. Adı “Məzar”dı. Oradan Kirs də görünür, Murov da...


Müəllif: Asəf Quliyev