26 Oktyabr 2020 15:23
4 505
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yüz il öncə - 1920-ci ilin noyabr ayının 29-da əsirlikdə olduğu Malta adasındakı Polverista həbsxanasından İstanbuldakı xanımına məktub göndərən Əhməd bəy Ağaoğlu yazırdı:

“... Axşamüstü qarşımızda olan bir təpəciyə doğru getdim. Hər tərəf yaşıllıq, hətta bəzi yerlərdə sarı çiçəklər açıb. Təpənin başında nə gördüm, bilirsinizmi? Digər mənim kimi əsir dostlar oraya çay götürüblər, çəmənliyin üstündə oturub içirlər. Məni də dəvət etdilər. Bilsəniz, o bir stəkan çay mənə nə qədər zövq verdi. Xatirəm məni ta uzaqlara, gənclik zamanıma, Qarabağa, Qalanın (Şuşanın – D.Ə) o gözəl dağlarına, Başucaya, Daşaltına, Heydər düzünə, Şahnəçinə və Dəlikdaşa, o yerlərdəki gəzməli yerlərə apardı. Bütün keçmiş, bütün qohumlar, dostlar, evimiz, küçələr, baxçamız bir-bir gözümün önündən gəlib keçdi...”

Əhməd bəy Şuşadan yeniyetmə ikən ayrılmışdı. Oradakı məktəbi bitirdikdən sonra taleyinə Tiflis, Peterburq, Paris yazıldığı üçün vətənini tərk etmişdi. Geri qayıtdığı zaman yurdunda qısa müddət müəllimlik etdikdən sonra Bakıya – mücadilənin ortasına dönmüşdü. Ermənilər türkləri qətl edir, indiki kimi bağlı olduqları mərkəzə məktublar yazaraq azərbaycanlıları Bakı kəndlərindən sürgün etməyə çalışırdılar. Ona görə də Əhməd bəy bir neçə cəbhədə mübarizə aparmalı olmuşdu. Həm mətbuat yolu ilə, həm də silah yolu ilə. Çünki birinci ermənilərin qətliamlarını dayandırmağa yetmirdi. Sülh tərəfdarı olan Əhməd bəy hərb yolunun ən doğru olduğunu Difaini yaradaraq anlamışdı.

1905-1909-cu illərdə ata yurduna gedib-gələ bildi, amma İstanbula qayıtması onu Qalanın gözəl dağlarından uzun illər uzaqlaşdırdı. 1918-ci ildə müzəffər Qafqaz İslam Ordusunun komandanının müşaviri kimi Azərbaycana yenidən gəldi, doğulduğu bölgəni parlamentdə təmsil etdi, amma yenidən İstanbula qayıtdı və bir daha Qarabağı görmək ona qismət olmadı. Onun əvəzinə 1967-ci ildə oğlu Səməd Ağaoğlu ata yurduna gəldi, evlərini ziyarət etdi.

Düz 28 ildir azərbaycanlılar Əhməd bəy kimi Şuşanı ancaq yada sala bilirlər. 28 ildir şuşalılar əsirlikdə olmasalar da, qəlblərinə bir zindan çöküb, hər ötən gün bu zəncirlərdən qurtulmaq eşqi dayanmadan artır.

Həyat amansızdır. Vəfat edənlər, azadlıq gününü görməyə ömrü yetməyənlər oldu. Amma ümidlər heç zaman ölmədi. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və ardınca həsrətlə gözlədiyimiz Laçın xəbərindən sonra bu ümidlər daha da artıb.

Şuşaya tez yetişmək üçün:
Rəşadətli Azərbaycan ordusuna sonadək inamımız və dəstəyimiz olmalıdır. Ordumuzun əsgərləri hər kənd uğrunda şəhid olarkən bizlər Müdafiə Nazirliyinin, Dövlət Təhlükəsizlik Xidmətinin bildirdiyi bütün qaydalara əməl etməliyik. Sosial mediada əsgərimizə, zabitimizə zərər vuracaq heç bir paylaşıma yol verməməliyik.

Nəzərə alaq ki ali baş komandan istər diplomat kimi, istər döyüş tapşırıqlarını verən birinci şəxs kimi bizi sonadək zəfərə, yəni Şuşaya aparacağına söz verib. Bir aydır ki bu yolda bütün təzyiqlərə tab gətirir, bilinən və bilinməyən düşmənlərə qarşı mübarizə aparır.

Ordumuz Laçındadır.

Yüz il öncə Əhməd bəy əsirlikdə idi Şuşanı görə bilmirdi. İndi isə Şuşa əsirlikdədir.

Müzəffər ordumuz bu əsirliyə son qoyacaq və Ağaoğlunun, Hacıbəylinin, Haqverdiyevin, Çəmənzəminlinin timsalında böyük şəxsiyyətlərimizin yurdu azad olacaqdır.
Şuşa Azərbaycandır!


Müəllif: Dilqəm Əhməd