17 Noyabr 2020 08:05
4 058
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Şuşanın satıldığını deyirlər. Şuşanı kim satdı? Əgər satılıbsa, son 30 ildə satıldı, çünki Şuşa çox bədbəxt, boz bir şəhər idi”.

İddialara görə bu sözləri Ermənistanın baş naziri Paşinyan deyib.

Həmkarım Aqşin Evrən isə sosial mediada bu fikirlərə belə cavab yazdı:

“Bunu oxuyanda dərhal yadıma düşdü ki, biz Şuşaya güldən ağır söz deməmişik. Şuşadan 28 il uzaq qaldıq, amma bu şəhərə elə həssas yanaşdıq ki, elə bildik, haqqında nəsə kobud söz desək, baş götürüb uzaq bir ölkəyə gedər. Ermənilər isə cəmi 8 gündür Şuşanı itiriblər, amma indidən "bədbəxt, boz şəhər" adlandırırlar. Onlar üçün bozdur, amma biz Şuşaya baxanda dünyanın bütün gözəl rənglərini görürük. Onlar sevmədikləri torpaqlara sahib çıxmaq istəyirdilər. Amma bu, aksiomadır: sevmədiyin bir şeyə sahib olmaq bir gün sənin fəlakətinə çevrilir. Ermənilər bunu yaşadılar - labüd fəlakəti”.

Aqşin bəy məsələyə elə möhtəşəm yanaşıb ki, əlavə şərh yazmağa ehtiyac da yoxdu. Şuşa bizim Kəbəmizdi. Oranı geri ala bilməsə idik, tale də, tarix də bizi lənətləyəcəkdi. Necə ki, müsəlmanlar Kəbə evinə toxunmaq üçün o qədər uzun yol qət edir, bizim də əsgərlərimiz onun daşına, torpağına bir şey olmasın deyə yüngül silahlarla şəhəri terrorçulardan təmizlədilər.

Paşinyan 8 gün sonra Şuşanı boz şəhər adlandırdı.

Ömrünün 51 ilini mühacirətdə keçirən Azərbaycan Cümhuriyyəti Parlamenti üzvlərindən, Zəngəzur məbusu Məhəmmədsadıq Aran isə vətəni tərk etməsindən 47 il sonra Şuşanı belə xatırlayırdı: “Şuşa qalası tarixi Qarabağ xanlığının başkəndidir. Tarixi Xan sarayı, Gövhərşah məscidi, qədim mədrəsə kültürü, incəsənət, ədəbiyyat, şeir, musiqi beşiyi, ən gözəl xalı toxuma mərkəzi, sağlam havası, mədən və mənbə suları ilə bənzərsiz bir yaylaqdır. Ətrafı ticarət mərkəzi, dörd bir yanı yalçın qayalarla çevrələnmiş təbii istehkam olan tipik bir türk şəhəridir. Bu təbii vəziyyəti səbəbindən ona Qala adı verilmişdir”.

Cümhuriyyət dönəmində Şuşanı ələ keçirmək istədilər.
Bacarmadılar.

Sovet dönəmində DQMV-ni yaradıb Şuşanı bizdən zamanla qoparmaq istədilər.
Bacarmadılar.

1992-ci ildə yüz illik arzularına çatdılar. Amma Şuşa ilə doğmalaşa bilmədilər. Hər zaman geri qayıdacağımızı bildilər. Nəhayət, 28 il sonra şəhər yenidən bizim oldu.
Yenə bacarmadılar.

Müzəffər Azərbaycan əsgəri müqəddəs şəhərimizi kirlənməkdən qorudu.

*
Ali Baş komandanın sosial mediadakı videolarını izlədik. Şuşa kimi mənəvi dəyəri olan Xudafərin körpüsünü ziyarət etdi, 28 ildən sonra bir Azərbaycan dövlət başçısı azad edilmiş torpaqlarımıza getdi. Qısa zamanda Azərbaycan rəhbərinin Şuşadan da videolarını izləyəcəyik.

Sadəcə səbirli olmalı, hərbi qələbəmizi diplomatik cəbhədə də qazanmaq üçün mümkün olan hər bir şeyi etməliyik.
Unutmayaq ki, 44 gün ərzində bizə qarşı çoxsaylı ittihamlar irəli sürüldü. Azərbaycan əsgərini gözdən salmaq üçün suriyalı mücahidlərdən tutmuş etnik təmizləməyə qədər müxtəlif çirkin iftiralar irəli sürdülər.

İndən belə də etməyə çalışacaqlar.
Əminik ki, hamısı boşa gedəcək.
Onların və bizim Şuşamız, onların və bizim davamız ayrıdır.
Onlarınkı yalan və iftira, bizimkisi haqq və sevgidir.


Müəllif: Dilqəm Əhməd