Aya Sofiya yenidən məscid olduqdan sonra ilk dəfə ziyarət etdim. Daha öncə bir neçə dəfə muzey kimi gəzmiş, əsrlərin yadigarına şahid olmuşdum. İçəri daxil olduqda ilk gözə çarpan yerə sərilmiş yaşıl xalça oldu. İnsanlar yenə də əvvəlki kimi şəkillər çəkir, bənzərsiz abidəyə tamaşa edirdilər. Möminlər isə bir kənarda dua edir, günorta namazı üçün imamın gəlməsini gözləyirdilər.
Qarşıdakı Sultan Əhməd məscidinə daxil olanda hər dəfə dua edən biri kimi anidən beynimdən keçdi? Muzey Aya Sofiyaya girəndə dua etmişdimmi? Xatırlamadım... Sonra özümə təsəlli verdim. İnsan muzeydə niyə dua etsin ki? Axı mən Topqapı, Dolbaxça muzeylərində də dua etməmişəm.
Sonra gözümün önünə Mustafa Kamal paşanın dua edərkən çəkilən fotoşəkilləri, ardınca isə Aya Sofiyanı muzeyə çevirən qərarı gəldi. Bir tərəddüd görmədim. O zaman üçün Mustafa Kamal iki hərəkətində də haqlıydı. Keçmişlə indini üz-üzə qoymaq türk millətinin ən problemli tərəfidir. İllərdir tarixə çevrilmiş şəxsiyyətlərin müqayisəsi aparılır, xalqın bir kəsimini Atatürkü, digər kəsimini Sultan Əbdülhəmid xanı sevməyə məcbur edirlər.
Ona görə də yaşıl xalçanın üzərində addımlayarkən hey bunu düşündüm: Həm Atatürk, həm Ərdoğan haqlı ola bilməzmi? Və ya Aya Sofiyanın məscid olmasını Atatürk üzərində qazanılan revanş kimimi qəbul etməliyik? Məqsəd toplumdakı həssasiyyətlər üzərindən xalqı parçalamaqdırsa, bunu revanş kimi təqdim edib kütləni ehtiraslandırmaq mümkündür.
Halbuki bu günün politik gündəmi muzeyi məscidə çeviribsə, məhz həmin anda kimin üzərində revanş əldə edildiyinə baxmaq lazımdır. Bunu Atatürk üzərində qələbə kimi görmək bir möminə baş ucalığı gətirməz, əksinə onun savadsızlıq və cəhalət içində olduğunu göstərər. Atatürk İstiqlal savaşından çıxmış və yorğun olan xalqın təmsilçisi kimi uzun müddət müharibə aparmamaq üçün kənar müdaxilələri politik həmlələrlə dəf etməyə çalışırdı.
Çünki növbəti bir müharibəyə nə xalqın, nə də ölkənin gücü vardı. Aya Sofiyanın muzey olması da bu siyasətin gərəyi idi. İndi tam məscid kimi fəaliyyət göstərməsi, irəlidə yenidən muzey ola biləcəyi ehtimalını da sıfırlamayıb. Məscid Aya Sofiyaya daxil olanda bir şeyə tam əmin oldum.
Ötən il toplumu gərginliyə salan muzey, yoxsa məscid polemikası şişirdilmiş bir mövzu imiş. Çünki indiki halda Aya Sofiya xristianlar üçün də əlverişlidir. Muzeydə ibadət edə bilməyən xristian, məsciddə duasını edə bilər. Çünki ibadət zamanı qarşıdakı imam olsa da, yuxarıdakı Həzrəti İsanın təsviridir. Üstü örtülsə də, örtülməsə də.
İndiki Aya Sofiya mənə daha universal təsir bağışladı. Hazırda bir tərəfdən məscid, bir tərəfdən kilsə, digər tərəfdən də muzey olaraq qarşımızdadır. İçəri daxil olarkən hansı hisslə yanaşdınsa, Aya Sofiya sənə o gözlə də görünəcək. Ayaqqabılarımı geyinərkən qəfil yadıma düşdü. Mən içəridə dua etdimmi? Xatırlamadım...