"Məhəmməd Əmin Rəsulzadə və Türkiyə" olduqca geniş mövzudur. Azərbaycan Cümhuriyyəti qurucularından birinin Osmanlı imperatorluğunda və Türkiyə Cümhuriyyətində keçirdiyi illər, türk ictimai-siyasi xadimləri ilə əlaqələri, Türkiyədə çap olunan əsərləri, Türkiyə haqda yazıları, dünyagörüşünün formalaşmasına türk milli düşüncəsinin təsiri, özünün türk siyasi fikrinə təsiri, türk milliyyətçiliyi ideyasının yayılmasında rolu və s. və i.s.
Məhəmməd Əminin Türkiyə ilə münasibətləri də ilk baxışdan göründüyü kimi sadə olmamışdı. 1931-ci ildə SSRİ rəhbərliyinin təkidi ilə ölkədən çıxarılmışdı. Yalnız İkinci Dünya müharibəsi qurtarandan sonra yenidən Ankaraya dönə bilmişdi. Amma eyni zamanda türk hökuməti onu gözdən-nəzərdən salmamışdı. Rumıniyada mühacirət həyatı yaşadığığı dövrdə hətta kiçik də olsa pensiya ilə təmin olunmuşdu.
Öz növbəsində, ölkədən çıxarılması Məhəmməd Əminin türk sevgisinə əsla təsir göstərməmişdi. Avropa paytaxtlarında yaşadığı illərdəTürkiyəni təbliğ etmək, tanıtmaq vəzifəsini özünə borc bilmişdi. Vəfatının ildönümü günündə onun ölkəmizdə bilinməyən yazılarından birini -Parisdə çıxan "Qortsı Kavkaza" ("Qafqaz dağlıları") jurnalında dərc etdirdiyi "Türkiyə və Avropa" məqaləsini rus dilindən (əsli rusca yazılıb) tərcüməmdə təqdim edirəm.
Məhəmməd Əmin Rəsulzadə: Türkiyə və Avropa
Sevr müqaviləsinin şərtlərinə qarşı mübarizə bayrağı qaldıran türk milliyyətçiləri əsarət altında yaşamaq istəməyən türk xalqının qeyri-adi qəhrəmanlığı sayəsində Lozannada yeni anlaşmanın imzalanmasına nail oldu. Bununla da Türkiyə Cümhuriyyətinin əsası qoyulmuş oldu.
Tarixin qəribə hadisəsidir: siyasi mövcudluq haqqını Avropa dövlətlərinə qarşı mübarizə şəraitində əldə edən bu Şərq cümhuriyyəti özünün sosial və mədəni-mənəvi həyatının əsaslarının qurulmasında bir qayda olaraq “Avropa mədəniyyəti” kimi tanınan müasir ideyaların tətbiqi yolunu tutdu.
Kamalizm, əvvəldən güman edildiyi kimi özünü Qərbə nifrət bəsləyən “fanatik Şərq” şəklində deyil, əksinə, Şərqin köklü şəkildə avropalaşdırılması məqsədi güdən inqilabi hərəkat olaraq ortaya qoydu.
Gözlənilirdi ki, Qərbi Avropa demokratiyası ideyalarına və Avropa dövlətlərinə sadiq olan inqilabi-demokratik Türk Cümhuriyyəti eyni ideya qaynaqlarını təmsil edən Qərb dövlətləri arasında tezliklə siyasi və iqtisadi sahələrdə normal münasibətlər və xeyirxah qarşılıqlı əlaqələr bərqərar olacaq.
Düşünürdülər ki, Lozannadan sonra Türkiyə Cümhuriyyəti sovetlərdən getdikcə uzaqlaşaraq Avropaya daha da yaxınlaşacaq. Almaniya Millətlər Liqasına daxil olduqdan sonra isə çoxları inanırdı ki, Türkiyə də tezliklə bu beynəlxalq birliyin üzvləri sırasında yer alacaq.
Lakin həmin dövrdə bu gözləntilərin heç bir həqiqətə çevrilmədi. Sovetlərlə bağlı xatirələr və müstəqillik uğrunda amansız mübarizədə türklərin xilas kəməri kimi yapışdıqları ideallaşdırılmış “ilan” yaddaşlarda hələ kifayət qədər təzə idi.
Həqiqətən də Millətlər Liqası rəhbərlərinin Türkiyəni öz tərəflərinə çəkmək cəhdi heç bir səmərə vermədi. Lakin 1927-ci ildə Brianla Çemberlenin başlatdıqları təşəbbüs arzu edilən nəticəni verməsə də, sonradan, yəni bu il həyata keçirildi. Türkiyə İspaniya respublikası nümayəndəsinin simasında edilən rəsmi dəvətdən yararlanaraq Liqa üzvlüyünə daxil olmaq təklifini qəbul etdi və öz təmsilçisini – keçmiş xarici işlər naziri Camal Hüsnü bəyi ora göndərdi.
Bu fakta biz xüsusi ilə mühüm əhəmiyyət veririk. Biz bu addımı yalnız qardaş cümhuriyyəti onun yürütdüyü siyasətlə məntiq arasında normal harmoniyaya səbəb olan bir amil kimi deyil, eyni zamanda həm də qarşıya qoyulan milli məsələlər baxımından alqışlayırıq.
Çar Rusiyasının yerinə tarix səhnəsinə gələn sovetlərlə Türkiyə Cümhuriyyəti arasında yaranan dostcasına qarşılıqlı münasibətlər (bu yaxınlarda həyata keçirilən Moskva səfəri zamanı son dərəcə yüksək və təmtəraqlı mərasimlər də bu əlaqələrə nə qədər böyük diqqət yetirildiyini göstərdi) artıq çıxlarını karıxdırmışdır. Onların düşüncələrində qarma-qarışıqlıq yaratmış, bir sıra şübhə və əndişələrə səbəb olmuşdur. Bu sayın xüsusi bölümündə yerləşdirilən gürcü qəzetinə istinad vəziyyəti bütün aydınlığı ilə təsvir edir.
Biz Moskva ilə Anqora (Ankara – V.Q.) arasındakı çox lütfkar təsir bağışlayan diplomatik nəzakət mübadiləsinə münasibətdə gürcü həmkarımızın mülahizə və narahatlıqlarına tam şərik çıxmasaq da onun gəldiyi bir dəqiq nəticə ilə razılaşırıq: həqiqətən də “rejimlər dəyişir, amma ölkələr qalır”.
Şübhə yoxdur ki, Türkiyənin gerçək maraqları təkidli bir şəkildə tələb edir ki, onun qonşusu Rusiya (hansı rejimin mövcudluğundan asılı olmayaraq) deyil, “tampon bölgə” rolunu oynayacaq müstəqil Qafqaz respublikaları olsun.
Ona da heç bir şübhə yoxdur ki, Qafqazın azadlığı eyni zamanda həm də Türkiyənin azadlığıdır. Təbii ki, bu sadə həqiqətin indi Türkiyə Cümhuriyyətinin başında dayanan dövlət adamlarına bəlli olmadığı qənaətində deyilik. Bizim günlərdə bu iddianı sanki ilk baxışdan şübhə altına alan bir sıra faktların mövcudluğuna baxmayaraq biz məhz belə düşünürük.
Türkiyə nümayəndə heyətinin məhz Moskvadan qayıtmasından sonra ölkənin Cenevrədəki Millətlər Liqasının üzvlüyünə daxil olması fikrimizcə, bu ehtimalımızı təsdiq etməkdədir. Eyni zamanda bu məsələ ilə bağlı daha nüfuzlu sözün Türkiyə mətbuatına məxsus olması qənaətini də bölüşürük.
Könül istərdi ki, 1932-ci ilin iyul ayı həqiqətən də tarixi dönüş nöqtəsi olsun.
Zaman keçdikcə, istər Türkiyə Cümhuriyyətinin dövlət adamları arasında, istərsə də Millətlər Liqasının böyük dövlətləri təmsil edən rəhbər xadimlərinin şüur və düşüncəsində qarşılıqlı anlaşma hissi daha da dərinləşsin. Həm siyasi, həm də iqtisadi sahələrdə birgə fəaliyyət göstərmək imkanları daha da artsın.
Çünki indi bütün dünyanı bürüyən iqtisadi böhrandan daha çox əziyyət çəkir. Bu mənada dünyanın ən kasıb ölkələrindən biri sayılan Rusiyadan hər hansı bir yardım ummağa heç bir əsas yoxdur.
Mövcud reallıq aydın göstərir Türkiyə Moskva ilə siyasi cəhətdən bağlı olduğu bütün müddət ərzində Qərbin hər hansı bir köməyinə ümid bəsləyə bilməz.
Eyni zamanda Türkiyə ilə razılığın əldə edilməsi Avropanın özü üçün də böyük pozitiv nəticədir. Məsləhətləri ilə əslində hədə-qorxu gələn Avropanın bu ölkənin xoş münasibətini saya salmamasına bir əsas yoxdur.
Türkiyə hər zaman Şərqdə, xüsusən də türk xalqlarının daim mütləq çoxluq təşkil etdikləri Sovet Şərqində böyük təsir qüvvəsinə, mühüm mənəvi gücə malik olub və eyni vəziyyət indi də davam etməkdədir.
Fikrimizcə, beynəlxalq tənasübün təmin edilməsi baxımından bu gücün sovetlərin, yaxud onların əleyhdarlarının tərəfində olması o qədər də əhəmiyyətsiz məsələ deyildir.
Dünyadakı güclər nisbəti tərəzisində Türkiyənin mənəvi çəkisinin Avropanın tərəfində olması Qafqaz məsələsinin bizim təsəvvür etdiyimiz şəkildə həlli üçün müsbət və mühüm amillərdən biridir.
Lakin Moskvada cərəyan edən hadisələr vəziyyətin qətiyyən bizim xeyrimizə olmaması təəssüratını yaratdı.
Biz Gürcüstandakı qonşularımızın həyəcanını başa düşürük. Onlar artıq Türkiyənin nüfuz və gücünün tərəzinin sovetlərin xeyrinə işləyən gözündə olduğunu düşünürlər.
Ümidvarıq ki, artıq Millətlər Liqasının üzvü olan Türkiyə hər keçən gün həqiqi həyat faktları ilə Qafqazdakı gürcü qonşularımızın həyəcan və narahatlığının əbəs olduğunu ortaya qoyacaq.
«Горцы Кавказа», 1932, № 32.