12 Mart 2021 17:29
5 906
12 Punto 14 Punto 16 Punto 18 Punto

8 Noyabr zəfərindən sonra önümüzdə yeni bir mərhələ açıldı və ya açılmalıdır. Bir dövlətin güclü olması üçün beynəlxalq hüququn tanıdığı ərazilərində idarəçiliyi həyata keçirməsi önəmli faktordur. Əks halda dövlətin inkişafında həmişə axsayan bir ayaq olacaq, nəticədə bu “ayaq” üzərində müxtəlif əməliyyatlar keçirmək, oyunlar qurmaq istəyənlər çoxalacaqdı. Ya bu “ayaq”dan birdəfəlik imtina etmək, ya da onu əvvəlki kimi sağaltmaq lazımdı.

26 illik əziklik duyğusuna rəğmən Azərbaycan xalqı imtina yolunu seçmədi. Ən çətin anlarda toplumda müxtəlif ziddiyyətlər yaradılmasına, Qarabağ mövzusunda kənardan edilənlərə baxmayaraq xalqın düşüncəsini bölə bilmədilər. Qarabağ Azərbaycan xalqının mövcudluq səbəbinə çevrildi.

İddia edilirdi ki, xalq Qarabağı unudub, köçkünlər şəhərlərdəki rahat yaşayışlarını buraxıb doğulduğu yurdlara getməyəcəklər. Amma gördük ki, elə başda həmin köçkünlərin övladları olmaqla bütün bölgələrimizin gəncləri savaş əmrinə hazır oldular. Könüllü axını oldu, savaşa bilməyənlər kampaniyalar keçirdilər, hər kəs öz bacarıqları çərçivəsində dəstək oldu. Bu, əziklik buzunun əriməsi idi.

Artıq yeni bir dövlət, yeni bir xalq var. Ona görə də yeni dövlətləşmənin, yeni xalqlaşmanın qarşısının alınması prosesi da başladılacaqdır. Çünki yeni xalqın yeni iddiaları, yeni tələbləri olacaqdır.

Ötən əsrdə Azərbaycan xalqını formalaşdıran prosesin zirvəsi 15 sentyabr 1918-ci ildə Bakının alınması oldu. Çünki millətləşmə prosesi başladığı illərdən etibarən davamlı zülmə məruz qaldıq. 1905-1906-cı il qətliamlarını, 1918-ci il mart soyqırımını yaşadıq. İrəvan, Zəngəzur bölgələrində erməni silahı çetelərinin zülmünə məruz qaldıq. İstiqlaliyyətimizi elan etdiyimiz zaman başqa ölkənin paytaxtında idik, tarixi ərazilərimizdə hökmümüz keçmirdi. Türkiyə və Azərbaycan ordusunun Bakını azad etməsi ilə cümhuriyyətimiz Rəsulzadənin dediyi kimi feilən də təsdiq olundu və artıq Bakıda qalib Azərbaycan xalqı vardı.

102 il sonra eyni prosesi yaşadıq. Yenə Türkiyənin mənəvi dəstəyi nəticəsində ordumuz və millətimiz qaliblər sırasına qoşuldu.

Məhz Bakının azadlığından sonra Azərbaycanda parlament formalaşdı.

Məhz Bakının azadlığından sonra Azərbaycan Paris Sülh Konfransına nümayəndə heyəti göndərmək gücünü özündə gördü.

Məhz Bakının azadlığından sonra Azərbaycan xaricə tələbələr göndərdi, universitet açdı, yeni nəsil siyasətçilər, diplomatlar, dövlət xadimləri yetişdi.

Bakının azadlığına görə idi ki işğaldan sonra da xalqımız 17 il müxtəlif səviyyələrdə üsyan etdi, mövcud vəziyyətlə barışmadı.

Ona görə də bu gün qarşımızda olan ən önəmli vəzifə qələbəmizi və onun qazanclarını qorumaqdır.

Kənardan və daxildən bu qazanclara kölgə salmaq istəyənlər çox olacaq. Hər şeyin oyun olduğunu, razılaşdırıldığını deyənlər olacaq. Doğrudur, razılaşdırılıb, amma söylənilən anlamda deyil, illərdir aparılan politika nəticəsində böyük güclərin neytral qalması, Türkiyə, Pakistan, İsrail, İngiltərə kimi dövlətlərin dəstəyini almaq baxımından razılaşdırılıb. Ən müxtəlif beynəlxalq təşkilatlar səviyyəsində Qarabağın Azərbaycan ərazisi olduğu sənədlərdə razılaşdırılıb. Bunları arxasına alan Azərbaycan dövləti nəticədə ordusunun gücü ilə haqqını feilən bölgədə həyata keçirməyi razılaşdırıb.


Müəllif: Dilqəm Əhməd