9 Aprel 2021 16:55
6 554
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən professor Fərid Ələkbərlinin vəfat xəbərini təəssüf hissi ilə oxuduq. Ömrünün ən məhsuldar dövründə vəfat etməsi ölkəmiz adına böyük itki oldu.

Onunla bağlı sosial şəbəkələrdə “əsl alim”, “Vatikan arxivini ölkəyə gətirən adam” kimi ifadələrin işlədilməsi bir tədqiqatçının sağlığında yaratdığı önəmli obrazdı.

Nədir bu Vatikan məsələsi?

Belə ki, Fərid bəy 2010-2014-cü illərdə Vatikan Apostol Kitabxanası və Vatikan Məxfi Arxivlərində tədqiqat aparıb. Orada 400-dən artıq əlyazmanı tədqiq edib, orta əsrlər Azərbaycan müəlliflərinə məxsus türk, fars, ərəb dillərində 68 qədim əlyazma əsərini üzə çıxarıb. Bu müəlliflər arasında indiyədək elmə məlum olmayan müəlliflərimiz də olub. Əlyazmaların çoxu XVI əsrdə Azərbaycan türkcəsində yazılıb. Nümunə olaraq Baba Həsən Şirvaninin türkcə nücuma aid əlyazmasını qeyd etmək mümkündür. Eləcə də Təbrizdən, Ərdəbildən, Zəncandan olan bir sıra azərbaycanlı müəlliflərin əsərləri aşkar edilib.

Fərid bəyin Vatikan arxivindən tapdığı maraqlı materiallar arasında Azərbaycanda mövcud olmuş dövlətlərin hökmdarlarına aid məktublar da mövcuddur. Uzun Həsənin, Şah İsmayılın, Şah Təhmasibin, Şah Abbasın, Nadir şahın, Qacar kimi hökmdarların məktubları yer alıb. Fərid bəy müsahibələrinin birində bu mövzuda maraqlı açıqlama verib: “Elxanilərə aid sənədlər türk, monqol, ərəb dillərindədir. Uyğur və ərəb əlifbalarında yazılıb. O dönəmdə hələ uyğur əlifbasından istifadə edirdilər. Təbrizə gəlmiş İtaliya səyyahlarına verilmiş buraxılış kağızları da var, Elxani hökmdarları tərəfindən imzalanıb. O məktublar italyan və latın dillərinə tərcümə olunaraq papalara verilib. XII yüzildə latın və qədim fransız dillərindən istifadə olunurdu. XIV əsrdən qədim italyan dili geniş işlədilirdi. Sənədlər içərisində Azərbaycana gələn Vatikan missionerlərinin də hesabatları var. Onlar Azərbaycanda yaşayan əhali, maraqlandıqları hər şey haqqında yazıblar. Vatikanda apardığım araşdırmalarla bağlı 2014-cü ildə ayrıca kitab yazdım: “Vatikan arxivlərində saxlanan Azərbaycana aid əlyazmalar””.

Fərid bəyin həmin əsərini maraqla oxumuşam. Əsərdə Azərbaycan Cümhuriyyəti ilə bağlı sənədlər bizim üçün xüsusilə maraqlı olmuşdu. Belə ki, həmin sənədlərdən məlum olmuşdu ki, Azərbaycanın İstanbuldakı səfiri Yusif Vəzir Çəmənzəminli Roma Papası XV Benediktə heykəl uzaltmaq istəyib. Roma Papasının İstanbuldakı nümayəndəsi bununla əlaqədar Vatikana aşağıdakı məlumatı göndərib: "İstanbulda Papa XV Benediktə abidənin ucaldılması layihəsi üçün müsəlman Azərbaycan Cümhuriyyətinin nümayəndəsi Yusif bəy Vəzirovun təklif etdiyi məbləğ haqqında məlumat (14-31 dekabr 1919 il)”.

Fərid bəy əsərində bununla bağlı yazıb: “Yusif Vəzir Vatikana məktub yazdı ki, təxminən bir il əvvəl rəhmətə getmiş XV Benedikt adlı Papanın heykəlinin İstanbulda qoyulmasını istəyirlər. Azərbaycan hökuməti bunun tərəfdarıdır. Çünki XV Benedikt sülhpərvər olub, Qərb ölkələrini həmişə sülhə çağırıb. Çalışıb ki, Osmanlı dövləti ilə Qərb arasında ixtilaf olmasın. Həmişə sülh, əmin-amanlıq olsun və xristianlıqla İslam arasında ədavət olmasın. Yəni bu şəxs sivilizasiyaları bir-biri ilə barışdırmaq yolunu tutub. Beləliklə, Yusif Vəzirovun belə xoşməramlı təklifi olub. Əlbəttə, Yusif Vəzirov bu təklifi təkcə öz adından deməmişdi, Azərbaycan Cümhuriyyəti ilə razılaşdırmışdı”.

Vatikan arxivində Qafqaz Albaniyası ilə bağlı əsərlərdən tutmuş, Nəsimi, Nizami, Füzuli, Tusi kimi orta əsr Azərbaycan mütəfəkkirlərinə aid xeyli əsərlər də mövcuddur.

Fərid bəy bu mühüm missiyanı başlatdı, ruhunun şad olması üçün alimlərimiz onun yarımçıq qoyduğu işləri tamamlamalıdırlar.


Müəllif: Dilqəm Əhməd