18 İyul 2021 20:24
4 663
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yüz il öncə bu gün Pera Palas hotelinin qarşısında Azərbaycan Cümhuriyyətinin sabiq Daxili İşlər naziri Behbud xan Cavanşir erməni terrorçu Torlakyan tərəfindən qətlə yetirildi.

Qatil hadisə yerində həbs edilərək məhkəməyə çıxarıldı.

Bu, həmin tarixdə idi ki, Azərbaycanın paytaxtı ruslar, son illərini yaşayan Osmanlının paytaxtını isə ingilislər ələ keçirmişdilər.

İngilislərin ən yaxın dəstəkçiləri isə İstanbulda ermənilər idilər.

İstanbulun o dövrdəki vəziyyəti haqqında mühacir nazirimiz Əbdüləli bəy Əmircanov yazırdı:

“Düşmən işğalı altında olan gözəl İstanbulda da həyat Azərbaycandakından fərqsizdi. İşğal qüvvətləri komandanlarına nüfuz etməyə müvəffəq olmuş ermənilər əksəriyyətlə onların tərcümanlığını və ya mehmandarlığını edirdilər. Vapurdan düşənləri təsbit edir, arzuladıqlarını həbs etdirirdilər. Bu səbəbdən ozamankı İstanbul polis müdiriyyəti-ümumiyyəsinin qarşısında olan “Məşrutiyyət” hotelində 20 ay qaldım. Bakıdan tanıdığım bir çox erməni Azərbaycandan gələnləri nəzarətdə saxlayırdılar. Bəyoğlu tərəfindən keçə bilmirdik. Hər an ermənilər tərəfindən öldürülmək ehtimalımız vardı”

Əbdüləli bəy qətl haqqında isə bunları yazırdı:

“O gecə mən Azərbaycan məbuslarından bir arkadaşımın Sultan Əhməddəki evinə dəvət edilmişdim. Bir az gec qaldığım üçün Cavanşir ilə görüşə bilmədik. Halbuki arkadaşım o gecə Bəyoğluna getmiş və Pera Palas hotelinin qarşısından keçərkən Torlakyan adında bir erməni tərəfindən atəş açılmış və zavallı Cavanşir cansız şəkildə yerə sərilmişdi. Bu kədərli hadisə hamımıza müdhiş təsir göstərdi. Demək, ermənilər Azərbaycan türklərinin milliyyət ruhunu daşıyanlarını tək-tək yox etmək yolunu seçmişlər və gündən-günə bunu gerçəkləşdirməyə başlamışdırlar”.

Əbdüləli bəy haqlı idi. Çünki Behbud xandan bir il öncə Nəsib bəy, Fətəli xan və Həsən bəy bolşevik əmri ilə erməni gülləsinə tuş gəlmişdilər.

Behbud xan təntənə ilə Yəhya Əfəndi dərgahında dəfn olunur.

Onun məhkəmə işində tanınmış azərbaycanlılar iştirak edir, türk jurnalistin sayəsində məhkəmə ifadələri günümüzədək gəlib çatır.

İngilis hərbi məhkəməsi qatili azad edir.

Affekt halında törətdiyini bildirir.

Ermənilər isə qatillərini ABŞ-a qaçıra bilirlər.

Behbud xanın qətlindən ötən yüz ildə ermənilər onun ata yurdu Qarabağı da işğal edə bilirlər...

Nə yaxşı ki, şəhadətinin yüzüncü ilində Behbud xanın yurdu azaddır!

Ruhu şad olsun!


Müəllif: Dilqəm Əhməd