24 Sentyabr 2021 16:50
6 084
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gələn ay paytaxtımızda iki böyük kitab yarmarkası keçiriləcək. İrili-xırdalı bütün nəşriyyatlar bu sərgi-yarmarkalara hazırlaşır. Böyük nəşriyyatlar daha çox qazanc və reklam üçün, kiçiklər isə heç olmasa ildə bir-iki dəfə düşən bu şansdan istifadə edib özlərinə gün ağlamaq məqsədilə həvəslə qatılacaqlar.

Bu kimi sərgilər həm naşirlər, həm də oxucular üçün önəmlidir. Oxucular daha çox çeşid görür, endirim kampaniyalarından yararlanır, sevdiyi müəllifləri görə bilirlər. Naşirlər isə xaricdən gələn nəşriyyatlarla əməkdaşlıq qurur, depolarını boşaldır, müəlliflərini tanıdırlar.

Şübhəsiz ki, naşirlik, kitabçılıq işinə sadəcə biznes olaraq baxmaq doğru olmazdı. Əlbəttə ki, işin bu tərəfi daha böyük görünür, amma kitab nəşri, mətbəəçilik, nəşriyyatçılıq ötən əsrin əvvəllərindəki modernizm dövründəki kimi həm də maarifçilikdir. Biz indiyə qədər maarifçilik mərhələsini Qərbi Avropa millətləri kimi geridə qoymalı, bu günün problemləri ilə məşğul olmalıydıq. Amma nə edəsən ki, qədər olan coğrafiyada yaşamaq, keçmiş maarifçilərin dediyi kimi məşriq zəmində ilişib qalmağımız təkrar-təkrar eyni mövzuların üzərinə gətirir.

Ötən gün bir elmi konfransda məruzə edəcəyim üçün mövzumla bağlı qaynaqları araşdırarkən Ömər Faiq Nemanzadənin “Nəşri-asarə dəvət” əsərini bir daha oxudum. 1906-cı ilin aprel ayında “Qeyrət” mətbəəsinin ilk risaləsi olaraq çap edilən bu kitabda Ömər Faiq əsərlərin nəşrinə dəvət edir, insanları oxumağa çağırırdı.
Qafqazda yaşayan üç əsas xalq arasında Azərbaycan türklərinin modern çağın tələblərindən geridə qaldığını fəryadla bildirən Ömər Faiq mətbəəçilik və qəzetçilik işinin necə mühüm olduğuna dair maraqlı fikirlər qeyd edib. Məsələn, Ömər Faiq deyirdi: “Maarifin və mədəniyyətin bu gün ən birinci vasitəsi, ən qüvvətli naşiri kitab və qəzetlərdir... Hər millətin mədəniyyət və qüvvəti mətbəələrinin sayısı ilə mütənasibdir. Mətbuatı çox olan millətlərin sərvət və qüvvətləri də çoxdur... Ən güclü top və tüfəngdən artıq bizi mühafizə edəcək mətbəə və mətbuatdır”.

Fikrini daha da gücləndirən Ömər Faiq maraqlı bir bənzətmə də edib: “Kim nə deyirsə-desin: maarifi-mətbuatı olmayan millət dünyanın ən dəhşətli cəng alətinə qərq olsa, quru sözlə 7 deyil, 70 övliya qüvvətinə sahib olsa, xəyal ilə 70 deyil, 7 min arşın uzanan zülfüqara malik olsa, yenə axırı pərişanlıq və peşmanlıqdır”.

Ömər Faiq mətbəəçiliyin necə vacib olduğunu başa düşürdü. Üstəlik mətbəələrin təkcə ticarətçilər üçün haqq-hesab vərəqələri çap edərək güzəran sürməli olmadığını da deyirdi. Ona görə də təklif edirdi ki, mühərrirlərimiz kitab yazsın, onlar da çap etsinlər.

Bu gün işin ən çətin tərəfi odur ki, mühərrir də var, kitabı da var, amma çap etmək hələ də çətin olaraq qalır. Az bir qismi çıxmaqla müəlliflər kitabdan heç bir qazanc əldə edə bilmirlər. İllərlə aparılan tədqiqatın nəticəsində bir aya yetməyən honorarlar təqdim edilir. Müəllifin özünün kitab nəşr etməsi də imkanları xaricindədir. Bir insanın həm tədqiqatla, həm də ticarətlə məşğul olması olduqca çətin işdir. Ona görə də “Azərbaycanda yaxşı kitab yazılmır” düşüncəsi doğru deyil. Əksinə kitablar biznes qurumları, şirkətlər, bir sözlə burjuaziya tərəfindən dəstəklənmir. Ötən əsri yada salaq. Hacı Zeynəlabdin Tağıyev olmasa idi, nə “Həyat”, nə “Füyuzat”, nə də ki bir çox yeniliklər olmayacaqdı. Hacının şəxsiyyəti müzakirə edilə bilər, amma fakt faktlığında qalır. Nə Avropada tavan altında yaşayaraq təhsil almış Əhməd bəy Ağayevin, nə də ki İstanbulda min bir zülmlə yaşamış Əli bəy Hüseynzadənin Bakıda mətbəə satın alıb qəzet çap edəcək gücləri var idi.

Bu ölkədə yaşayan, eləcə də qardaş Türkiyədə fəaliyyət göstərən saysız-hesabsız biznesmenlər, şirkət sahibləri var. Ölkədə bir bankı çıxmaqla kitab nəşri ilə məşğul olan yoxdur. Qardaş Türkiyədə hazırda üç bank həm də naşirlik fəaliyyəti ilə də məşğul olur. Bizdə isə nə müəlliflərin göndərdiyi layihələrə baxan var, nə də ki hansısa tədqiqata maliyyə yardımı ayıran.

Ona görə də Ömər Faiqdən 115 il (!) sonra mən də milli burjuaziyanı əsərlərin nəşrinə dəvət edirəm. Biznesiniz bu gün sizi hörmətli şəxs kimi qəbul etdirmək qüdrətinə sahibdir, amma tarixin qapısından keçmək ancaq xeyriyyə işlərinə dəstəyinizlə mümkün olacaqdır.


Müəllif: Dilqəm Əhməd