1918-ci ilin mart, aprel aylarında Bakı, Şamaxı, Quba və digər yerlərdə törədilmiş cinayətlər barədə bu gün əlimizdə kifayət qədər materiallar mövcuddur.
Azərbaycan Cümhuriyyəti dövründə yaradılmış, 1918-ci ilin avqustundan 1919-cu ilin noyabrına qədər fəaliyyət göstərmiş Fövqəladə Təhqiqat Komissiyası cinayətlərin miqyasının dərk etməyimiz baxımında mühüm iş görüb, 36 cilddən ibarət 3500 səhifəlik təhqiqat işini tarixə əmanət edib.
Xüsusilə, bu sənədlər Quba qəzasında Amazaspın törətdiyi soyqırımının dəhşətlərini bizə göstərməkdədir. Həmin sənədlərdən, eləcə də dövrün mətbuatındakı yazılardan aydın olur ki, rus-erməni və ya bolşevik-daşnak birləşmələrinin bu qırğınları həyata keçirməkdə bir neçə məqsədləri olub.
Əvvəla qeyd edək ki, bu hadisədə əsas iştirakçı ermənilər deyil, Leninin əmri ilə hərəkət edən bolşeviklər, yəni daha konkret desək, ruslar olublar. Çünki çar Rusiyasının dağılmasından sonra millətlərə azadlıq, muxtariyyət verəcəyini vəd edən bolşevik Rusiyası bu düşüncələrinin əksinə olaraq, qısa zamanda hürriyyət istəyən azərbaycanlıları qətl etmək planını işə salıblar.
Bolşeviklərin məqsədi açıq idi. Məhəmmədəmin Rəsulzadə mart hadisələrinin birinci ildönümü münasibətilə yazdığı “Unudulmaz faciə!” adlı məqaləsində konkret şəkildə göstərib: “Həqiqətdir ki, martın 18-ndən 21-inə qədər Bakü türk demokratiyasının qafasında patladılan toplar, müsəlmanlar haqqında rəva görülən məzalim, Azərbaycan fikrini daşıyan, muxtariyyət və istiqlal əqidəsi ilə pərvərdə olan vücudları məhv etmək üçün idi”. Rəsulzadə 1934-cü ildə “İstiqlal” qəzetində qələmə aldığı “On dörd min qurban!...” adlı yazısında da hadisədə azərbaycanlıların “günah”ını bu şəkildə izah edib: “...
On dörd min türkün qanı bu “günah”a görə tökülmüşdü. Milli muxtariyyət və siyasi hürriyyət istəmək günahı! Rusiyadan ayrılmaq cəsarəti!”. Məhəmmədəmin bəy istər 1919-da, istərsə də 1934-cü ildə yazdığı yazıda soyqırımının mahiyyətini dəqiq şəkildə ifadə etmişdi.
1917-ci il inqilabı nəticəsində çar Rusiyası dağılmış, bolşeviklər verdikləri vədlərə əməl etməmiş, Cənubi Qafqazda başlayan azadlıq hərəkatlarını boğmaq istəmişdi. Çünki istər Rusiya müsəlmanları qurultayında, istərsə də Qafqaz müsəlmanları qurultayında azərbaycanlı siyasi xadimlər mühüm rol oynamışdılar. Muxtariyyət tələbəni qüvvətli şəkildə müdafiə edənlər M.Rəsulzadə, Ə.Topçubaşov kimi siyasilər olmuşdular. Üstəlik Müsavat firqəsi Bakıda və bölgələrdə güclənmiş, önəmli söz sahibinə çevrilmişdi. Buna görə də coğrafi Azərbaycandan siyasi Azərbaycana və onun istiqlalına gedən yolun qarşısını almaq üçün Bakı, Şamaxı, Qubada soyqırımı törədildi.
Ona görə də Rəsulzadə yazırdı: “Təsadüfi deyildi ki, bütün hücum milli binalara, millətin varlığını və xüsusiyyətini təmsil edən müəssisələrə idi. Mətbəələr yandırılırdı. Xalq evləri dağıdılırdı. Məktəblər bombardman edilir, məscidlər atəşə verilirdi”.
İsmailiyyə binasının yandırılması da buna görə idi. Çünki bu binada Cəmiyyəti-Xeyriyyə kimi azərbaycanlıların önəmli təşkilatı yerləşirdi. Mühüm toplantılar, iclaslar, mühazirələr bu binada olurdu.
1919-cu ildə “Azərbaycan” qəzetinin əməkdaşı bina haqqında yazırdı: “İsmailiyyə; bu ali kaşanə, millət böyüklərinə yalnız millətin rifah vǝ səadətini təmin etmələri üçün milyonlar sərf edilərək təsis edilmiş bir müəssisə, düşmənlərimiz gözlərinə tikan olub, ta uzaqlardan görüb də məyus olmaları üçün qurulmuş bir bina idi”.
Cinayətkarların isə nə tarixi binaya, nə də adət-ənənəyə hörməti vardı.
Məsələn, Quba soyqırımı zamanı qətllərin qarşısını almaq üçün Dəvəçibazar və Qızılburun kəndlərinin sakinlərinin duz-çörəklə göndərdikləri 15 nəfər ağsaqqalı ermənilər öldürmüşdülər. Çünki Amazaspın dəstəsi üçün məqsəd müsəlmanları tamamilə qırmaq idi...
Beləliklə, Rəsulzadənin ifadəsi ilə desək, Rusiyadan ayrılmaq cəsarəti 30 min insanımızın şəhid olmasına səbəb oldu... Həmin gündən son Qarabağ savaşına qədər Vətən torpaqları uğrunda şəhid olan həmvətənlərimizin ruhları şad olsun...