25 Noyabr 2014 10:17
2 089
12 Punto 14 Punto 16 Punto 18 Punto

Naz? Naz edirmi? Naz etməyi unutmayıb ki bu günün qadını? Yox? Dəqiq bilirsiniz?

***

İlin bu günü mütərəqqi dünya qadınlara qarşı edilən zorakılıqla mübarizə aparır. İlin bu günü - noyabrın 25-i dünya qadınları gözəl, sağlam, şux, bəxtəvər görmək istəyir. İstəyir kədəri sevincə çevirsin, lazımsızlığı istəyə, laqeydliyi sevgiyə, intizarı vüsala, bədbinliyi xoşbəxtliyə. Və 365 günün bircə günü bu yöndə çabalar göstərir, yalnız bircə gün zora “yox” deyir dünya.. O isə... O qadın... O qadın, bəlkə, hər gün zorlanır, biganəliyin, saymazlığın, soyuqluğun, etinasızlığın zor üzünü görür, yavaş-yavaş sınır, hissə-hissə qırılır, bəzən paramparça olur. Bəzən özü boyda qisasa, intiqama çevrilir, bəzən özündən də böyük ehtiyaca, kəsirə, hətta utancverici ehtirasa da, dəlisov macəra həvəsinə də döndüyü olur. Olur ki, heç arzulanmır da, könlünün istəyi də sıfır, gələcəyə bağlı niyyəti o qədər əlçatmaz ki, gerçəkləşməsinə heç gümanı da yox. Fərqli situasiyalar, fərqli talelər, amma və lakin paralel xətlərin hamısı bir yerdə - ZOR nöqtəsində kəsişir - bütün riyazi qanunauyğunluqlara rəğmən.

***

Yaşı 40-ı təzə keçib, yaraşıqlı, qədd-qamətlidi. Baxan deyir, bir də baxım. Ailə quranacan musiqi müəllimi işləyib. Sonra ər, uşaqlar. Uzun illər Rusiyada yaşayıblar. Ərinin babat qazancı olub. Bu xanım dadlı biş-düşə, bir də uşaqların tərbiyəsinə həsr edib həyatını. Günün birində vətənə dönüblər. Evin kişisi iş qurmaq isəyib. Alınmayıb. Aylar illərə keçib. İndi acınacaqlıdı halları. Nə kişi iş tapır, nə qadın. Xanım hara zəng edir - birinci yaşını soruşurlar. İndi tələbat 22-28 yaşlı qızlaradır. Heç kəsi nə ağıl, nə təcrübə, nə peşəkarlıq maraqlandırır. Zordur bu, ya zor deyil? Əslində, zorakılıq elə budu həm də. Yaşa görə diskriminasiya. Yaşın 60-70 yox ha, 40-a çatıbsa, demək, işdən çıxdınsa ,vay sənin halına. İş tap, görüm necə tapırsan. Sən tərəfə heç baxan da olmayacaq.

***

Bu situasiyada yol və yer verilir balaca qızlara. “Gənclərə yol açaq, dövlət də gənclərə imkan verilməsini dəstəkləyir” deyibən iş sahibləri gənc kadrlara şərait yaradır - bildi-bilmədi, bacardı-bacarmadı - fərq etməz. O qızların da əksəriyyəti yaşı 20-ni keçən kimi evdə qalmaq qorxusundan tələm-tələsik ərə gedib uşaq doğur. Və meydan da keçir dayələrin əlinə.

***

Ağlım kəsəndən zor və şiddət nümayiş etdirən ekran əsərlərini sevmirəm. Qorxulu filmlərə də baxanda beynimi qrim ustasının iş qabiliyyətini araşdırmağa nə təhər istiqamətləndirirəmsə, sonacan ekranda baş verənləri dərk eləyə bilmirəm, təbii ki, qorxumdan. Bu gün seyr etdiyim görüntülərsə film deyil, gerçəklikdi - həm də bizim özəl kanalların birində. Görüntü Amerikada lentə alınıb. Bir qara dərili dayə qulluq etdiyi uşağı yedizdirir, zorla, istəmədən yedizdirir, uşaq nə hala düşürsə bütün yediyini qaytarır. Bu zaman qadın balaca uşağı vəhşi kimi döyür, nə döyür. Şillə-təpik bir yana, ağır-ağır qapazlar bir yana, körpəni yerə yıxıb belinə çıxır, ayağının altında o ki var əzir. Bu hadisə gizli kamera ilə lentə köçürüldüyündən aydın məsələdir ki, həmin dayə lazımi qaydada cəzalanacaq da. Amma inanın, heç bir cəza nə ananın, nə o uşağın stressini azaltmaq iqtidarında.

***

Amerika reallığı deyib də yaxamızı kənara çəkməyək. Bizim məkanda da dayələrin bənzər istismar hərəkətinə rast gəlinib, tutulub cəzalananlar da yox deyil. Ailələrdə körpələr doğulur. Və bu Tanrı payı özgə, yad adamlara etibar edilir - tanımaza, bilməzə. Gənc anaları iş, pul, karyera daha çox düşündürür. İnkişafın vacib amilləridir deyəcəksiniz, amma və lakin işdəki stress və yorğunluq halına bir də körpəsinin təhlükədən sığortalanmaması əlavə edildikdə qadın mənəvi cəhətdən zorlanır. Zorla qarşılaşmaq yalnız şillənin, ya yumruğun acısını dadmaq demək deyil ki. İlkin instinktlərindən uzaqlaşmağa məcbur qalan qadın özü də zorlanmış bir durumda.

***

O isə sevmək və sevilmək üçün gəlib dünyaya. Gəlib ki, dünyanı gözəlləşdirsin, harmoniya yaratsın, ocağını isitsin, balasını böyütsün. Döyülmək, söyülmək, gülləyə tuş gəlmək, qətlə yetirilmək, zorlanmaq üçün gəməyib bu dünyaya. Sevgili nəvazişindən xoşbəxt olub da naz etməkdi istədiyi. Və naz edərsə, nazını çəkmək gərək. Bunu artıq dəqiq bilirəm.


Müəllif: Afaq Vasifqızı