Azərbaycan Cümhuriyyəti zabitlərindən Əjdər Babazadə (Qurtulan) 1962-ci ildə 27-28 aprel 1920-ci ildə Azərbaycan Hərbiyyə məktəbində baş verənlərlə bağlı xatirələrini “Azərbaycan” jurnalında yazıb. Xatirələrdəki bəzi nüanslar ittiham xarakterli olduğu üçün kiçik ixtisarlarla həmin maraqlı yazını təqdim edirik:
***
27 aprel 1920-ci ildə Azərbaycan Hərbiyyə məktəbinin vəziyyəti
Mülazimi-əvvəl (Baş leytenant – D.Ə) rütbəsi ilə yeni məzun olmuşduq. Qeyd etmək üçün nədənsə o gecəni seçmişdik. Qrupumuz 15-20 zabitdən ibarətdi. Dostlarımızdan Cəfər Cəfərinin evinə yığılmışdıq. Gecədən xeyli keçmiş evə qayıtdım. Anam səbirsizliklə məni gözləyirdi. Təlaşlı-təlaşlı dedi: “Əmin Muxtar səni bir neçə dəfə axtardı”.
Qapqaranlıq gecə idi. Aysız bir gecə. Sıxıntılı bir gecə... Əmim ortaboylu idi, geniş çiyinləri vardı. Səsi mətin olduğu qədər amiranə və sərtdi. “Qardaşoğlu” deyə sözə başladı. Bu dəfə səsində bir titrəklik vardı, boğazında qəhər düyünlənmişdi. Bu hal məni hürkütdü. Ağır-ağır danışmağa başladı. Hər şey bitmişdi.
O qaranlıq gecə 1920-ci il, 27 apreli 28 aprelə bağlayan gecəydi. Əmimi evdə qoyub, qaçaraq uzaqlaşdım. Döngədən keçən bir faytona mindim. “Hərbiyyə məktəbinə” deyə bağırdım. Səs boğazımdan qəribə şəkildə çıxmışdı.
Faytonçu: “Ora erməni məhəlləsidir, gedə bilmərəm” deyə dirəşdi. Pulunu ödəyib əlimdəki naqanı belinə dayadım. “Gedərsən!” dedim.
Artıq hər şey edə bilərdim deyə bir düşüncə vardı içimdə. Getməsə, bəlkə də, onu öldürəcəkdim. Əmimin danışdığına görə, “yardım alayı” komandanının xəyanətinə məruz qalmışdıq.
Düşünmə qüvvətimi itirmişdim. Ağlım “xəyanətə məruz qaldıq” deyə sayıqlayırdı. Başqa bir şey düşünə bilmirdim heç. “Xəyanətə məruz qaldıq!”
Gənc idim, hələ 20 yaşım vardı. İstiqlal mücadilələri içində böyümüşdüm. 1918-ci ilin mart qətliamı günlərində saysız-hesabsız qurbanlar vermişdik. Vücudum 15 sentyabr zəfər mücadiləsi ilə yoğrulmuşdu. 28 May səadəti ilə dalğalanan müqəddəs üçrəngli bayrağımızın altında kölgələnmək xoşbəxtliyini dadmışdım. Hürriyyətin nə olduğunu öyrənmişdim.
Əllərimə qandal vurularsa, dünyanı dağıtmağı mübah bilirdim. Parlament binasının önündən keçdik. İclas salonunun işığı yanırdı, qapıda Rusiya bayrağı olan qara avtomobil vardı. Ürəyim partlayırdı. Gözyaşlarım yanaqlarımı islatmışdı. Məktəbə gəldim. Növbətçi zabit mülazim Hüseyn Vəzirov yatırdı. Oyandırdım. Hərbiyyə məktəbinin müdiri general Konstantin Davidoviç Çxeidze ilə görüşmək istədiyimi söylədim.
Otaqdan ayrılarkən qarşımıza çıxan Beşinci Piyada Bakı alayı zabitlərindən mülazim Mütəllibin əlində böyük qapalı möhürlənmiş bir zərf vardı. “General üçün” dedi yavaşca. Mən də “demək doğrudur” deyə mırıldandım.
Mütəllib:
- Parlamentdə həyəcanlı müzakirələr baş verdi. Məhəmmədəmin bəyin qırmızı rus ordusunun vətənə girməsinə şiddətlə etirazına qarşı ... ölümlə təhdid edildi.
Mütəllib susdu. Üzüntü və iztirabdan ayaqda duracaq taqətimiz qalmamışdı. Ağladıq!...
General məktubu mətanətlə oxudu. Sonra məni dinlədi. Yardım alayı komandanının xəyanətini ərz etdim. Həmən “silaha” əmrini növbətçi zabitə verdi. Mülazim Mütəllibə “gedə bilərsiniz” dedikdən sonra məni saxladı.
Bizdən başqa məktəbdə zabit yoxdu. Tağım çavuşları onların vəzifələrini yerinə yetirəcəkdilər. İki “Maksim” və bir “Goçgis” pulemyotlar binanın damına və mərtəbələrin şimal və şərq tərəflərinə doğru yerləşdirildi.
Sabaha doğru yeni məzun olanlar böyük təlaşla məktəbə gəlməyə başladılar.
28 aprel 1920.
General K.D. Çxeidzenin otağındayıq. Nə qədər yorğun və üzgün olduğumu başa düşdü. Siqaret uzatdı, almaqdan çəkinsəm də israr etdi. Aldım. Masasına doğru yürüyərkən mırıldanırcasına “təhlükəsiz bir iş deyil bu, bilirsənmi?” dedi. 2-3 dəfə eyni cümləni təkrarlayaraq düşündü.
“Fəqət, əcəba, bu təhlükəli vəzifəni başqasına versəydim...” dedi və əlavə etdi: “Siz yerlisiniz, tez aşkar olunarsınız!” Halbuki mənim halımdan bütün mövcudiyyətimlə onun əmrlərinə itaət edəcəyim bəlliydi.
“Nə bahasına olur-olsun, Hərbiyyə naziri general Səməd paşa Mehmandarlı ilə təmas qurmaq lazımdır. Ona hamımızın son damla qanımıza qədər düşmənə qarşı çarpışmağa hazır olduğumuzu ərz edəcək, zabitlərimizin apoleti haqqında əmrlərini gözlədiyimizi açıqlayacaqsan”.
Aldığım əmrləri olduğu kimi əsgəri üsula görə təkrarladım. Generalın əmrinə görə məiyyətimə bir zabit yoldaş da almalı idim.
Generaldan ayrıldıqdan sonra xoş təsadüf nəticəsində yaxın dostum mülazim Mustafa Hüseynxanlı ilə rastlaşdım. Məsələni qısaca ona danışdım, o da məmnuniyyətlə qəbul etdi. Birlikdə mülki paltar tədarük etdik. Qapıdakı rusun dəri pencəyini mən, iranlı zibildaşıyan xadimənin paltarını da Mustafa geyindi. Sonra bu qəribə qiyafətlə generalın otağına getdik.
Yolda bolşeviklər bizi tanıyarsa, linç olma ehtimalına görə general silahsız getməyimizi tövsiyə etmişdi. Onu razı saldıqdan sonra silahla getməyimizə icazə verdi. Hərbiyyə məktəbi binası ilə Hərbiyyə nəzarəti və ümumi qərargahın arası yaxın deyildi. Xeyli yürüyəcəkdik. Bütün yol boyunca silahlı qələbəlik içindən keçməliydik. Bu qələbəlikdən ötərək bir an əvvəl ümumi qərargahın binasına çatmalı idik. Bir neçə dəfə bizə sərt baxdılar. Fəqət bütün bu həqarətlərə göz yummaq məcburiyyətində idik. Çünki bura erməni məhəlləsi idi.
Qərargah binasının önündə silahlı və sinələrinə bolşevik işarəti olan qırmızı nişanlar taxmış rus və ermənilər qaynaşırdılar. Ümumi qərargahın giriş qapısında ikili növbətçi əsgərlərlə yan-yana rus-erməni bolşevik tüfənglilər dayanırdı. Hadisə törətmədən içəri girmək imkanı yox idi. Fəqət nə olursa-olsun girəcəkdik.
Mustafa daha çox aqressiv idi. Buna görə də generalın tənbehlərini tez-tez ona xatırladırdım. Qərargah binasının önündə içəriyə girmək üçün fürsət gözləyirdik.
Xızır kimi köməyimizə yetişən, yaxşı tanıdığım çavuş Nəsrullah Axundzadə qərargahın dəmir qapısından çıxarkən bizə yaxınlaşdı. Çavuş Axundzadənin növbətçi amiri dəyişiklik adıyla bizi içəriyə daxil edə bildi. İçəriyə daxil olduqdan sonra rahat nəfəs aldıq! Yuxarı mərtəbəyə çıxan kimi zabitlər bizi yad sanaraq saxladılar. Bəziləri tapança, bəziləri isə qısa topçu tüfəngi ilə silahlanmışdılar.
Yad olmadığımızı isbat etmək üçün qərargahın topoqrafiya şöbəsinə getməyimiz lazım gəldi. Minbaşı Nəsrullah Rzabəyli bizi əcayib qiyafətlə görüncə bir an təəccübləndi, sonra bir-birimizlə qucaqlaşdıq.
Ümumi qərargah zabitləri çöldə idi. Otaqda general İbrahim ağa Vəkiloğlu ilə baş-başayıq. General Çxeidzenin verdiyi vəzifə ilə bağlı İbrahim paşaya izahat verdim...
Nəsrullah bəy bizi növbətçi generalın otağına apardı. General Həmid paşa Qaytabaşını tapmadığımız üçün yavəri ilə görüşdük. Kim olduğumuzu və gəlişimizin səbəbini öyrəndikdən sonra telefonçu Seyid Mirbağır Rzazadəni çağırdı və təlimat verdi. Bir az sonra Mustafa ilə bərabər telefon otağında idik.
General Çxeidzenin əmri ilə gəldiyimizi söylədiyimiz zaman möhtərəm general Səməd paşa Mehmandarlı kim olduğumuzu soruşdu. Hər ikimizin yeni məzun olmuş mülazimi-əvvəl olduğumuzu, ad və soyadlarımızı ərz etdikdən sonra: “Konstantin Davidoviçə mənim salamımı və Hərbiyyə naziri olduğum müddətçə Azərbaycan milli ordusunda heç bir dəyişikliyin olmayacağını söyləyin!” dedi. Bu əmri üsuluna görə eynilə təkrar etdim. “Yarım saata qədər gəlirəm, məni gözləyin” deyə əlavə etdi.
Mirbağır ilə qucaqlaşdıq. Sevindik ki, Azərbaycan ordusunda heç bir dəyişiklik olmayacaq. Demək ki, əsir də olmayacağıq!...
Minbaşı Nəsrullah Rzabəyli bizi təkrar öz dairəsinə apardı. General İbrahim ağa Vəkiloğluna çöldə baş verən hadisəni ərz etdik: Yardım alayı komandanı olan əski Osmanlı zabiti idarəsindəki zirehli avtomobillərin Türk bayraqları ilə süslənərək müsəlman məhəllələrində dolaşdıqlarını, erməni tüfənglilərinin zabit yoldaşlarımızı heç bir səbəbsiz Hərbiyyə məktəbinə gələrkən küçələrdən tutulub aparıldıqlarını danışarkən ixtiyar general Vəkiloğlu göz yaşlarını tuta bilmədi, ağladı.
Ayrılmadan öncə minbaşı Nəsrullah Rzabəyli bizə qərargahdakı hadisələr barədə xəbər verdi:
- Qəmbəralı Əkbəroğlu adında bir zabitimiz ermənilərə casusluq etdiyi üçün həbs edilib.
- 24 saatdan çox növbədə olan 5-ci piyada Bakı alayından bir növbətçi bölüyü hələ də növbətə davam edirmiş.
- Əsgər və qərargah heyəti dünən gecədən bəri yemək yeməyiblər.
- Hərbi gəmilərimizdəki topların ağzı Hərbiyyə məktəbi ilə Hərbiyyə nəzarətinin binalarına doğru tuşlanıb.
- Hərbiyyə naziri Səməd paşa Mehmandarlının evinə bolşeviklərin atdıqları iki bomba nəticəsində hər iki növbətçi əsgərimiz ağır şəkildə yaralanıb.
Bəzi kiçik hadisələrdən qurtulduqdan sonra nəhayət məktəbə qayıtdıq.
Hərbiyyə nazirinin gəlişini yarım saat deyil, bir saat gözlədik. Orada çox qala bilməzdik. General Çxeidzenin yanına gəlincə Hərbiyyə nazirinin salamını və əmrini təbliğ etdik. Təşəkkür etdi. Zahirən məmnun görünürdü.
Bizim yoxluğumuzda məktəbdə bu hadisələr baş vermişdi:
- Bakı Hərbi Limanında məmur ikən özünü “günün qəhrəmanı” kimi göstərmək istəyən yerli kommunistlərdən Çingiz İldırım bir neçə erməni tələbəsi ilə məktəbə girmiş və nitq söyləyərək məktəbi təslim almaq kimi cəsarət göstərmək istəmişsə də, general Çxeidze onu məktəbdən çölə atmışdır. Hərbiyyə məktəbi tələbəsinin yuhladığı Çingiz İldırımı soysuz ünsürlərdən zabit Ağaməhəmməd İsmayıloğlu dəstəkləmişdi. Üstəlik cinayət törədərkən həbs edilən rus ər-arvad məktəb qaravolçularını məktəb həbsxanasından qaçıran da yenə bu xain İsmayıloğlu idi.
- Məktəb həyətindəki “Rüstəm” və “Söhrab” adlarını daşıyan iki zirehli avtomobilin mühərriklərini kommunistlər sıradan çıxarıb, işləməz vəziyyətə salıblar.
- Məktəb tələbələrindən Məhəmmədsadıq Əfəndiyev ilə Nurəli Hümmətovun bolşevik casusları olduqları anlaşılınca məktəbdən qaçmışdılar.
Bolşeviklərin təcavüzlərinə baxmayaraq yeni məzun olan gənc zabitlərimiz hər hansı milli bir vəzifəni yerinə yetirmək üçün axın-axın məktəbə gəlirdilər.
Bu tarixdən dörd gün əvvəl 23 aprel 1920-ci ildə Azərbaycan Hərbiyyə Məktəbini ilk dövrədə mülazimi-əvvəl rütbəsi ilə bitirənləri Azərbaycan parlamentinin əmri ilə təbrik etmək üçün Hərbiyyə nazirinin müavini general Əli ağa Şıxlı gəlmişdi.
O ərəfələrdə hər kəs yeni təyin olunduqları əsgəri birliyinə qovuşmaq üçün can atırdı. Hələ məzun olmadan öncə alaylardakı əsgərlərimiz bizi dörd gözlə gözlədiklərini məktəbə göndərdikləri nümayəndələri vasitəsiylə bildirmişdilər.
General Çxeidze məni ikinci dəfə qərargaha göndərdi. Bu dəfə tək getdim. Heç bir dəyişiklik olmadığı üçün tez məktəbə geri qayıtdım. Məktəbə gələn kimi minbaşı Heydər Vəzir mənimlə bərabər mülazim Məhərrəm Sultanoğlunu “Revkom”a (Parlament binasına yerləşmiş İnqilab Komitəsi) general Çxeidzeni tapıb arzularını öyrənmək üçün göndərdi. Yolda dərdləşə-dərdləşə parlament binasına gəldik. İclas salonunda kiçik bir stul üzərində başını ovuclarının arasına qoyub həzin bir halda oturan məktəb müdirimiz general Çxeidzeni görüb salamlaşdıq. Ayağa qalxıb hər iki əliylə çiyinlərimizi tutaraq bizə qulaq asdı, sonra nəsihət etdi. Bakının Bayıl bölgəsində mitralyöz bölüyü komandanı olan yüzbaşı oğlunun həbs edildiyini ona ərz etdik.
Azərbaycandan sonra rusların Gürcüstanı, Ermənistanı və bütün Qafqazı təkrar istila edəcəklərini ürək ağrısı ilə anlatdıqdan sonra minbaşı H.Vəzirə: “Azərbaycana ölüncəyə qədər sadiq qalacağımı təbliğ etməyinizi sizdən rica edirəm” dedi. Bunu söyləyərkən cibindən kiçik bir bıçağı çıxarıb bizə uzatdı. Apoletlərini sökməyimizi əmr etdi. Öz-özünə danışarcasına “ilk dəfə apolet sökmürəm” dedi. Sonra bizimkini də öz əli sökdü. Bir ata övladlarından necə ayrılırsa, o da bizdn elə ayrıldı. Hərbiyyə məktəbinə gəldiyimiz zaman oradakı sükutu görüb təəccübləndik. Yavaş-yavaş pilləkanlardan ikinci bölüyün koridoruna girdik. … Əli ağa Şıxlı apoletləri çiynində olduğu halda tələbə və zabitlərin sıraları önündə duraraq nəsə danışırdı. General Həmid paşa Qaytabaşı və general İbrahim ağa Yusifoğlu isə apoletsizdilər və bir kənarda durmuşdular. Şıxlının söylədiklərini mənimsədikləri üzgün və pərişan hallarından apaçıq bəlli idi. Hər ikisi sanki cənazə mərasimində imişcəsinə başlarını qaldırmayıb ancaq yerə baxırdılar.
Qarşılarından keçərkən onlara hərbi salam verdik. Heydər bəyin işarəti ilə zabitlərin arasında dayandıq. O anda Əli ağa Şıxlı sözlərini bu cümlə ilə bitirdi: “Gələn düşmən deyil, qardaş Qırmızı ordudur ki, gəldikdən sonra burada qalmayıb Anadolunu yunan və ingilislərdən qurtarmağa gedəcəklər”... Ertəsi gün, 29 aprel erkəndən minbaşı Heydər bəy məktəbin bütün tələbə və zabitlərinin siyahısının tənzim işini mənə həvalə etdi. Sonra birlikdə “Revkom”a (İnqilab komitəsinə) getdik. Qapıdakı növbətçi bizi içəri buraxmamaq istəyərkən Heydər bəyin bağırmasından sonra donub qaldı. Yuxarı çıxınca salonun qapısı yenə yarıaçıq, generalın əyləşdiyi stul isə boş idi.
Bizi salonun tam qarşısındakı kiçik bir otağa apardılar. Bir masa arxasında Mirzədavud Hüseynov, irəlidə soldakı masanın arxasında Əliheydər Qarayev əlində telefon dəstəyi pəltək-pəltək rusca danışırdı. Belə deyirdi: “Sizi inandıra bilərəm ki, o yaralı azərbaycanlı əsgərlər qəbahətsizdirlər, onların azad edilməsini sizdən çox rica edirəm. Sizinlə danışan İnqilab Komitəsinin üzvü Qarayevdir”.
Bu alçaqcasına danışığı eşidən Heydər Vəzir ucadan Qarayevə bağıraraq: “Sizcə, yaralı olmayan azərbaycanlı əsgərlər çoxmu qəbahətlidirlər ki, iki gündən bəri bizim məktəbin zabitlərini tək-tək həbs edib erməni tüfəngliləri vasitəsi ilə aparırsınız?! Bu xain hərəkətlərin qarşısını almasanız, nəticəsi sizlər üçün çox vahiməli olacaqdır” dedi. Çölə çıxmaq istəyərkən Mirzədavud Hüseynov sözə qarışdı və ortalığı sakitləşdirdi…
1 may 1920-ci ildə istilaçı rus ordusu Bakıya daxil oldu. Təsadüfən zabitlərini yaxından tədqiq edə bildik. Hərbi bilikləri yox deyiləcək qədər azdı. Aralarında Andrey Sivoknin adlı bir rus zabiti bu hekayəni bizə danışdı: “Buraya göndərilməyimizdən öncə biz Astarxan şəhərindəki hərbi məktəbdə 4-5 aylıq bir əsgəri təlim aldıq və təcili olaraq XI Qırmızı Ordunun Armavir alayına qəbul edildik. Buraya göndərilərkən yaşlı qırmızı əsgərlər Astrxan steplərində üç dəfə silahlarını ataraq gəlmək istəmədilər. Səbəbini belə izah etdilər: 1917-ci il fevral inqilabından sonra biz Qafqaz cəbhəsini tərk edərək vətənimiz Rusiyaya dönməkdə idik. Ermənistan və Gürcüstandan keçərkən komandanlarımız birliklərin silahını onlara verdilər və yola davam etdik. Yelizavetpola (Gəncəyə) yaxınlaşdıqca azərbaycanlılar önümüzü kəsib silah tələb etdilər. Rədd etdik. Buna görə də savaşmaq məcburiyyətində olduq. Bizi məğlub etdikdən sonra silahlarımızı aldılar və torpaqlarından çıxartdılar”.
Sivoknin Andrey hekayəsinə belə davam edir: “Şamxor və Gəncə tatarları bizim alov püskürən mitralyozumuza qarşı ov tüfəngləri və xəncərlə qarşılıq verdikləri halda bizimkilər silahlarını atıb qaçırdılar. Fəqət Qırmızı zabitlərin bu dəfə uzun-uzun təbliğatları nəticəsində nəhayət XI rus ordusu fərariliyin qarşısını ala bildi. Qırmızı zabitlərin ifadəsincə rus ordusu Azərbaycana girərkən və ya Bakını zəbt edərkən heç bir müqavimətlə qarşılaşmaması üçün öncədən lazım gələn tərtibat Lenin yoldaş tərəfindən alınmışdı. “Qorxmayın, müharibə olmayacaqdır. Sizi qardaş deyə qarşılayacaqlar” deyirlərmiş.
Mayın 5-də doktor Nəriman Nərimanov Bakıya gəldi. Onun gəlişindən sonra ruslar sıx-sıx qeyd bəhanəsi ilə Bakı qarnizonu fərdlərini Mayılov teatrı və ya Mikado sinemasına dəvət edərək, sonradan ya Polşa cəbhəsinə və ya Kazan şəhərinə sürgün edərdilər. Bir qismini də Nargin adasına sürgün apardıqlarını öyrəndik. Bakıdakı bütün azərbaycanlı zabitlər yenidən imtahan edildilər. Bu arada gizli Müsavat təşkilatının başçıları Məhəmmədsadıq Quluzadə və Mirzəbala Məhəmmədzadə ilə sıx əlaqə qurmuşduq. Mirzəbalanın tövsiyəsi ilə Gəncədəki hərbi birliyə nəqlimi həyata keçirtdim.
Bakıda bütün məsuliyyətli vəzifələr qeyri-türklərə verilirdi. Yüksək rütbəli zabitlərimizə və generallarımıza küçə süpürtdürülür və sonra müxtəlif bəhanələr ilə güllələyirdilər.
İstiladan tam bir ay sonra ilk milli qiyam Gəncədə başladı. Bütün sonrakı qiyamların bel sütununu yenə Azərbaycan milli ordusunun zabit kadrları təşkil edirdi.