13 Dekabr 2014 17:20
1 585
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bunu deyən kimdirsə, ya müəllim olub, ya pioner dəstə başçısı. O zaman, sovetin dövründə. Səsi amiranə, tərzi dərs verən sayaqdır. Dodağına da boya çəkib - al-qırmızı.

Təxmini portreti beynimdə canlandırıb da geri boylanıram - avtobusun orta cərgələrinə. Eynən təsəvvürümdəki personadır - qayışbaldır, ortaboy, bədən - üçlük taxta, başında da beretka. İlahi, arxada gözümmü var? Yoxdu axı. Amma varıymış. Həm də necə. Fikrimdə özümü araşdıran anda qadın artıq bütün sosial statusunu da uca səslə təqdim etməyə başlayır. Və başlayır düz Bilgəhdən. “Çayka” düşərgəsində dəstə rəhbəri işlədiyi vaxtlardan. Dediklərinə istər-istəməz qulaq şahidliyi etmiş olsam da, düşüncəm həm də özümü araşdırır. İmkan olsa, dost-psixoloqlardan biriylə gərək söhbət edim. Noldu? Bu qadın niyə olduğu kimi beynimdə canlandı? Həm də hələ başımı çevirib ona baxmadığım bir məqamda. Demə, belə də olurmuş. Səs - o insanın tam portretini yaratmışdı, “Hamısı gəlmələrdi, gəlmələr” sözündə, bəlkə də, qadının bütün həyatı, həyata və dünyaya baxışı, içinin səviyyəsi - hər şey, hər şey olduğu kimi əks olunmuşdu. Vay səni, səs yiyəsi...

***

Kim idi o gəlmələr? Və səhər ertə işə tələsən yaşlı xanım nədən belə qeyzlənmişdi? Gəlmə dediyi elə bizlərdən biri idi, orta statistik azərbaycanlı. Neyləmişdi? Avtobusdan düşən bir sərnişin sürücüyə gediş haqqını xırda pulla vermişdi, 2 beşqəpiklik, 2-3 üçqəpiklik və bir neçə birqəpiklik. Demə, dövriyyədə belələri də varmış. Və elə bu pul məsələsiylə də avtobusda mərəkə, sərnişinlər arasında dava, milli valyutanın milsiz variantının bir yuyulub-sərilməsi başladı ki, gəl görəsən. Bu pulları qətiyyən sürücüyə vermək olmazmış, bu pullar pul deyilmiş, alayı bir şey imiş, cibdə qalsa, deşər, ələ alınsa, yandırar, yeganə yığılacağı məkan dükan piştaxtalarının altı, bir də, təbii ki, iri-iri banklar, xəzinələr, rəsmi valyuta məntəqələri. Nəbadə cibinizə atıb istifadə edəsiniz. Sizi də həmin amiranə səslə “hamısı gəlmələrdi, gəlmələr...” deyib qaralayacaq, imkan düşsə, dürtmədən, təpikdən də vurub dışlayacaqlar.

***

Məmləkəti məkan-məkan, yer-yer bölənlər, parçalayanlar gözümün düşmənidi, düşməni. Heç yerlibazlıq edib yalandan havalar atanlarla da aram yoxdu. Bir ovuc millətik, sayımız on milyona çatsa belə, iri-iri dövlətlərin yanında dəryada damla misalı. Amma bu, mənim yerlimdi, filankəsin kökünə bax, gör babası harada doğulub deyə fəxr edənlər nə qədər desəz. Gəl ki fərqi nə - kim harada doğulub, kim haralıdı, məkan amilinə yox, insan amilinə köklənmək lazım. Kim haralıdı yox, kim kimdi. Budur əsas məsələ.

***

Ötən əsrin əvvəllərində babam uzaq-uzaq dağ kəndindən Bakıya gələndə ağlına da gəlməzdi ki, tələbə yoldaşı olan bakılı qızla ailə quracaq, İçərişəhərdə üç oğul böyüdəcək, amma oldu. Bizim ailə kimi bölgələrdən gələn yüzlərlə gənc o vaxt da, elə indi də şəhər qızları ilə evlənib oğul-uşaq sahibi olurlar. Bunu niyə xatırladım? Bax o ailədə, keçən əsrin 30-cu illərində qurulan ailədə heç vaxt “sən gəlməsən, mən yerliyəm” söhbəti olmayıb. Bəlkə, elə o üzdən haralı məsələsi də olmayıb bizim evdə. Elə o uzaq dağ kəndindən oxumağa gələn qohum-əqrəbanın hamısı o bakılı qızın evində yaşayıb, diplom alıb, mənsəb sahibi olub. İndi məmləkətin dərdi böyük. Torpaq acısından minlərlə insan bura - bizim şəhərə pənah gətirib. Amma onlar da elə bizim birimiz. Erməni tüfənglə gələndə hara gedəsiydilər ki? Getməyə başqa bir şəhərlərimi vardı? İndi küçədə-bacada bir tərs hadisə olunca əldəqayırma şəhərlilərin qınağına tuş gəlir bu insanlar. Və yeri gəldi-gəlmədi, günahı oldu-olmadı “hamısı gəlmələrdi, gəlmələr...” ittihamıyla rastlaşırlar.

***

İlk dəmir pulların yaranması çox, lap çox uzaq dövrlərə təsadüf edir - eradan da beş yüz il əvvələ. Və o dövrdən ta indiyə qədər dünyanın elə ölkəsi yoxdu ki, dəyərli kağız əskinaslarla yanaşı, xırda-xuruş qəpik-quruşu da dövriyyədə olmasın. Hər il dünya bankları minlərlə vəsaiti məhz xırda pulların istehsalına ayırır. Ki, ən kiçik bir qəpiklik nominalında belə pul vahidi olsun dövriyyədə, insanların haqqına kimsə sahib çıxmasın. Və indi biz özümüz bilə-bilə xırda pulları nə özümüz qalıq kimi mağazadan götürür, nə də başqasına veririk. Çoxluq bu puldan istifadə etməyi ayıb sayır. Və hər gün elə iri-iri supermarketlərdə filan qədər pul qalıq qalır, hara getdiyini deyə bilməsəm də, bildiyim odur ki, bizdən gedir. Çıxış yolu? Pulumuza heyfimiz gəlirsə, alış-verişi kartla edək, əmin olaq ki, bu zaman bircə qəpiyimiz də başqasının cibinə getməyəcək. Və nəhayət, bir qədər prinsipial olaq. Bu pul dövriyyədədirsə, demək, dövlətin vacib atributu sayılır və təkcə formasına görə kimsənin haqqı yoxdur ki, pulu götürməsin, geri qaytarsın, üstünüzə atsın. Və yolda-irzdə “Hamısı gəlmələrdi, gəlmələr” - deyib də milləti bölənlər ki var, onların da payını verək, söz payını, təbii, amma necə lazımdırsa, eləcə.


Müəllif: Afaq Vasifqızı