Bu gün Azərbaycan Cümhuriyyətinin ilk Baş naziri Fətəli xan Xoyskinin Tiflisdə qətlə yetirildiyi gündür. 19 iyun 1920-ci ildə öldürülən Fətəli xan Tiflisdə də dəfn edilib.
Fətəli xanın qətlinin sifarişçisi 27 aprel 1920-ci ildə Azərbaycanı ələ keçirən Rusiya, icraçıları isə ermənilər idi. Professor Ədalət Tahirzadə Xoyski ilə bağlı məqaləsində yazıb: “Cümhuriyyətin devrilməsindən sonra, görünür, Türkiyəyə keçməyə hazırlaşan Xoyski Tiflis şəhərində muzdlu erməni qatillərinin əli ilə şəhadətə yetirildi.
Bu terror gürcü polisləri Nikolay Kabadze, Porfiri Ramfopulo və İlya Kançavelinin gözləri qarşısında baş verdi və onlar hadisəyə müdaxilə etmədilər.
Cinayətin sifarişçisi, şübhəsiz ki, Moskvadan əmr almış Azərbaycan Fövqəladə Komissiyası (“ÇK”) idi. Bu faktı təsdiqləyən amil budur ki, “ÇK” Fətəli xanın ölümü haqqında yalan şayiələr yaymışdı.
Məsələn, Bakıda rusca çıxan “Kommunist” qəzeti 30 iyun 1920-ci il tarixli sayında yazırdı: “Tiflisdə güclü şayiələr dolaşır ki, Xan Xoyskini Gəncə üsyanının uğursuz təşkilinə görə müsavatçıların özləri öldürüblər””.
Nağı bəy Şeyxzamanlı xatirəsində yazıb: “Mən Gürcü hökumətinin süqutuna qədər Tiflisdə qaldım. Xain erməni daşnaqları sahibsiz qalan bizləri bir-bir qətlə yetirməyə başladılar. İlk olaraq sabiq Azərbaycan dövlətinin Baş naziri Fətəli xan Xoyskini qətlə yetirdilər və ədliyyə naziri olmuş Xəlil bəy Xasməmmədlini yaraladılar”.
Fətəli xanın ölümünə şahid olan biri də var: Aktyor Mustafa Mərdanov. Həmin Mərdanov ki, qələmə xatirələrdə qətldə şübhəli bilindiyini açıq şəkildə yazıb. Bir ay sonra o Həsən bəy Ağayevin də qətlində adı çəkiləcəkdi.
Mustafa Mərdanov 1959-cu ildə çap etdiyi “50 il Azərbaycan səhnəsində” adlı əsərində yazıb:
“Məni mühüm bir tapşırıqla Gürcüstana yolladılar. Gürcüstanın gizlində çalışan kommunist fəalları ilə görüşməli idim. O vaxt Tiflisdə menşeviklər ağalıq edirdilər. Vəsiqələrim düzgün idi. Buna baxmayaraq Tiflisə çatmamış Nəftuluq stansiyasında düşüb şəhərə piyada getdim. Üç gün keçdi, mənə tapşırılan işləri qurtarmaq üzrə idim. Bir gün “Kazyonnu teatr”da “Aşıq Qərib” operasını oynayırdılar. O gecə məndən təvəqqe etdilər ki, suflyorluq edim. Razı oldum.
İkinci pərdənin fasiləsində tamaşaçıların yanına gedib, tanış-tunuşla söhbət edirdim ki, bir də gördüm Ağayev deyilən bir nəfər və menşeviklərin “Xüsusi şöbə” rəisi Paçuliya mənə yaxınlaşdılar.
“Tutun! Budur, Xan Xoyskini öldürən”! - deyən Ağayev mənə bərk bir şapalaq ilişdirdi. Məni tüfəng qundağı ilə döyə-döyə teatrdan çıxarıb maşına mindirdilər və apardılar.
Sonradan öyrəndim ki, mən tutulandan bir saat qabaq, Müsavat parlamentinin sədri (müəllif yanlışlığa yol verib – D.Ə) Fətəli xan Xoyskini Tiflisdə “Pikadilli” sirkinə girərkən üç güllə ilə vurublarmış. Ağayev dediyim adam da məni Gəncəyə “Təşviqat qatarı” ilə gələndə görüb və iki gündür ki, güdürmüş.
Məni rəis Paçuliyanın kabinetinə gətirdilər. Paçuliya üstümə atılıb bağırdı: “Alçaq bolşevik! Yoldaşların kim idi? Söylə!”.
Mən heç bir şey başa düşmədiyim üçün mat qalmışdım. Ağayev susduğumu görüb boğazını yırtaraq qışqırdı:
“Azərbaycanı dağıtdınız, bəs deyil, indi də gəlib burada Xan-Xoyskini vurdunuz!”.
Mən onları inandırmaq istədim ki, bu işdən heç xəbərim yoxdur, - inanmadılar. Məni yenidən maşına mindirdilər, evimizə apardılar.
Axtarış başlandı, evi alt-üst edilər. Xan Xoyski vurulan yerdə dəsmala bükülmüş mauzer patronları tapıldığına görə, evdə nə qədər cib və üz dəsmalı var idisə, hamısını apardılar. Məni isə “Xüsusi şöbə”nin qaranlıq zirzəmilərindən birinə saldılar.
Gecə yarısı gəlib məni rəisin kabinetinə apardılar, yenə də qatil olduğumu boynuma alıb yoldaşlarımın adını söyləməyimi tələb etdilər. Çox danışıqdan sonra “Əks-kəşfiyyatın” rəisi Kediya dedi: “Məhkəmə-zad lazım deyildir, bolşevik, özü də qatil. Aparın güllələyin!”.
Üç nəfər məni maşına mindirib apardı. Hara getdiyimi bilmirdim. Nəhayət, maşın xəstəxananın qabağında dayandı. Məni düşürüb Xan Xoyski yatan palataya apardılar. Gördüm ki, Xan Xoyski can verir, yanında olan bir azərbaycanlı isə hey başına döyüb ağlayırdı. “Azərbaycan məhv oldu, Azərbaycan məhv oldu!”.
Məni buraya ona görə gətirmişdilər ki, Xan Xoyski ona güllə atanın mən olub-olmadığını təsdiq eləsin. Lakin buna imkan olmadı. Xan Xoyski heç bir söz deməyib keçindi. Məni yenə də maşına mindirib apardılar və zirzəmiyə saldılar”.
Mustafa Mərdanov 18 gün zirzəmidə qaldıqdan sonra azad edilib. Xatirədə adı çəkilən Ağayev isə ehtimal ki Həsən bəy Ağayevdir.
Akademik Rafael Hüseynov “Millətin zərrəsi” adlı əsərində Fətəli xandan cəmi bir ay sonra yenə Tiflisdə qətlə yetirilən Həsən bəy Ağayevlə bağlı yazıb: “...
İyulun 19-u axşam qapı döyülür. Aktyor Mustafa Mərdanov gəlir. Deyir ki, yaxın dostlarından bir neçəsi burda bir evdə yığışıblar, səni görmək istəyirlər. Həsən bəy qalxır kostyumunu geyinməyə. Ev yiyəsi onu dilə tutur: “Görmürsənmi vəziyyət pisdir? Səni izləyirlər. Hara gedirsən? Qoy kim ki səni görmək istəyir, gəlsin bizə”. Həsən bəy sözə baxmır:
“Yox, yaxşı deyil, 10 nəfərəcən adam məni orada gözləyir. O qədər adamı ayağıma gətirim?”.
Mustafa Mərdanov da onları arxayın edir ki, narahat olmayın, necə aparıram, elə də qaytarıb gətirəcəyəm... 2 saat keçir...
Qapının zəngi çalınanda ev yiyəsi hövlnak ayağa qalxır, qapının zənginin çalınmasıyla güllənin açılması bir olur. Yüyürürlər qapıya. Baxırlar nə Mustafa var, nə bir başqası. Həsən bəyin qana bulaşmış və artıq cansız cəsədi sərilib yerə..”.
Göründüyü kimi, Tiflisdə törədilən hər iki qətldə Mustafa Mərdanov adı keçir. Təbii ki, iki böyük liderin qətlində geniş cinayətkar dəstənin olacağı şübhəsizdir. Mərdanovun bu qətllərdə hansı vəzifə daşıdığını tədqiqatçılar axtarmalıdırlar...